Güclü Vətəndaş Cəmiyyəti milli təhlükəsizliyin qarantı

16:57 - 1 Aprel 2020 - KİVDF

Rauf Zeyni: “QHT-hökumət münasibətləri inkişaf eləməlidir”

Bu gün Vətəndaş Cəmiyyəti və ictimai nəzarətin təşkili günün əsas mövzusu olaraq müzakirə olunmaqdadır. Məlumdur ki, ekspertlər Vətəndaş Cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bir çox hallarda yaranan ziddiyyətlər vətəndaş cəmiyyətinin inkişafının qarşısını almaqla, sivil dövlət quruculuğuna da maneələr törətmiş olur. Bu mənada bu gün hökumətin vətəndaş cəmiyyəti institutları ilə vahid orqanizm halında birliyi sivil, demokratik əsaslı aktiv cəmiyyət və inkişaf etmiş  ədalətli dövlət quruculuğuna dair “yol xəritəsi”nin hazırlanmasına hesablanır.

“Üç nöqtə”yə müsahibə verən Milli QHT Forumunun prezidenti Rauf Zeyni mövzu ətrafında bir çox nüanslara aydınlıq gətirib.

“Vətəndaş cəmiyyəti dövlət və özəl sektorun inkişafından müəyyən mənada  geridə qalıb”

-Rauf müəllim, ölkə başçısının Milli Məclisin ilk iclasında və digər çıxışlarında ictimai nəzarətin zəifliyi ilə bağlı səsləndirdiyi fikirlər, təbii ki, mövcud vətəndaş cəmiyyətlərindən ictimai nəzarətin rolunu, özünü ifadəsini yenidən dəyərləndirməyi tələb və tövsiyə edir. Necə hesab edirsiniz, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu və  ictimai nəzarətin formalaşması prosesi hansı səviyyədədir və özünü necə ifadə edə bilir?
- Ölkə Prezidentinin yeni parlamentin ilk iclasındakı məlum çıxışı proqram xarakterli idi. Göründüyü kimi Prezidentin müəyyən etdiyi prioritetlər sırasında ölkədə və beynəlxalq sferadakı vəziyyət, 9 fevral seçkiləri, yeni parlamentin çoxpartiyalılıq sistemi əsasında formalaşması, ölkədə sabitliyin və stabilliyin inkişaf etdirilməsi, iqtisadi islahatların geniş spektrdə aparılması,  şəffaflığın yüksək səviyyədə təmin olunması naminə ictimai nəzarətinin artırılması və sair məsələlər yer alır. Prezident dəfələrlə bu və ya digər iclas və tədbirlərdəki çıxışlarında ictimai nəzarətin və şəffaflığın yüksək səviyyədə artırılmasını, buna böyük ehtiyacın olduğunu xüsusilə vurğulayır.

Biz də QHT Forumu, vətəndaş cəmiyyəti institutları olaraq cənab Prezidentin müəyyən etdiyi bu istiqamət üzrə hərəkət edir, maarifçilik işi aparır, televiziya çıxışlarından tutmuş, regionlarda keçirdiyimiz tədbirlərdə də diqqəti ölkədə şəffaflığın və ictimai nəzarətin qurulmasına yönəldir, əhəmiyyətini önə çəkirik. Görülən işlərə baxmayaraq, hesab edirik ki, bütün bunlar yenə də azdır. Çünki bizim-vətəndaş cəmiyyətlərinin potensialı böyükdür və görüləcək işlər  əhatəlidir. Lakin bütün bu işlərin görülməsi üçün maliyyə resurslarımız kifayət deyil.

Hesab edirəm ki, bütövlükdə ictimai nəzarətin yüksək səviyyədə gücləndirilməsi, ictimai nəzarətin vətəndaş cəmiyyətində geniş effekt verməsi üçün maliyyə dəstəyinin rolu ola bilər.   
Biz 2019-cu ilin 10 və 23 iyul tarixlərində QHT sektorunda olan tanınmış ekspertlərlə “Azərbaycanda ictimai nəzarətin mövcud vəziyyəti və qarşıda duran vəzifələr “ mövzusunda  tədbir keçirdik. Ekspertlər bütün vəziyyəti təhlil edib, mövcud reallığa uyğun olaraq öz münasibətlərini bildirdilər. Eyni zamanda birmənalı şəkildə qeyd edildi ki, vətəndaş cəmiyyəti dövlət və özəl sektorunun inkişafından müəyyən mənada  geridə qalır. Bildirildi ki, dövlət, özəl sektorun maddi-texniki bazası çox güclü olduğu halda, QHT-lərin maddi-texniki bazası  zəifdir. Bu da onu deməyə əsas verir ki, ölkədə QHT-lərin maliyyələşməsi ilə bağlı məsələyə çox böyük önəm vermək lazımdır.

Eləcə də bu gün dünyanı koronovirus bəlası bürüyüb. Təbii ki, ölkəmiz dövlət səviyyəsində, Operativ Qərargah, Nazirlər Kabineti, Ölkə Prezidenti səviyyəsində koronovirusla mübarizəyə 1 milyard vəsait ayrılıb.  Bununla əlaqədar olaraq biz də könüllü olaraq əlimizdən gələn işləri həyata keçiririk. Amma işlərimizi daha geniş formatda həyata keçirməyimiz üçün, bütövlükdə QHT-lərə, vətəndaş cəmiyyətlərinə ayrılan maliyyə resurslarının  artırılmasına ehtiyac var.

İndi qeyri-hökumət təşkilatlarına 3 milyon manat maliyyə yardımı edilir.  Bu rəqəm, hətta 10 milyon olsa da, yetərli deyil. Çünki vətəndaş cəmiyyətləri çox geniş spektrləri əhatə edir. O cümlədən cənab Prezidentin də qeyd etdiyi kimi, ictimai nəzarəti paytaxtda və digər regionlarda eyni səviyyədə inkişaf etdirmək üçün çox enerji, imkan və resurslar, vaxt tələb olunur.  Biz onsuz da könüllü olaraq daxili resurslarımız  hesabına nə qədər imkanımız yetirsə müəyyən işlər görürük. Hesab edirəm ki, daha geniş aspektli işlərin görülməsi üçün QHT-hökumət münasibətləri bir az da inkişaf etməlidir. Bütün dövlət qurumları QHT-lə, eyni zamanda bütün spektrdə vətəndaş cəmiyyətləri - media, həmkarlar, bələdiyyələr və digər dövlət qurumları ilə çox geniş əməkdaşlıq etməlidirlər. Xüsusilə bugünkü həyacanlı məqamlarda ölkəmizdə hər hansı bir təhlükənin qarşısını almaqdan ötrü biz yüksək səviyyəli birgə fəaliyyət göstərməliyik.

“Prezidentlə istədiyimiz görüş alınsa, bu, vətəndaş cəmiyyətlərinin inkişafında çox böyük təkan ola bilər”

-Vətəndaş cəmiyyətlərinin görməli olduğu işlərin əhatəliliyini, genişliyini qeyd edərək, bildirdiniz ki, Milli Dəstək Fondundan ayrılan vəsait vətəndaş cəmiyyətinin inkişafında  tələb olunan işlərin həyata keçirilməsi üçün yetərli deyil.  O zaman daha hansı addımlar atılmalıdır?
 -Birinci növbədə yaddan çıxarmaq lazım deyil ki, biz 30 illik müstəqillik dövründə, vətəndaş müharibəsindən, vətəndaş cəmiyyətinə keçid etmək üçün ağır, çətin, məşəqqətli yollar qət etmişik. Bu həm də şərəfli bir yoldur. Yəni biz vətəndaş cəmiyyətinin bugünkü vəziyyətinə asanlıqla gəlib çıxmamışıq. Yəni ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasını təsdiq elədi. Ardınca Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, KİV-ə Dəstək Fondu yarandı. Bütövlükdə Vətəndaş Cəmiyyətini maliyyələşdirmək üçün Elmin İnkişafına Dəstək Fondu, daha sonra Bilik Fondu yarandı. Bütün bunlar hamısı dövlətin vəsaiti hesabına vətəndaş cəmiyyətinin inkişafının təminatına yönəlib. Amma qeyd etdiyim kimi, bu, vətəndaş cəmiyyəti inkişafının yalnız bir hissəsini təmin edə bilir. Bu prosesdə könüllü resursslar da öz işini görür. İnsanlar könüllü olaraq həyata keçirdikləri tədbirlərdə özəl sahibkarlıq sektorlarından və digər mənbələrdən, nazirliklərdən layihə dəstəkləri alırlar. Ötən ildən başlayaraq 30 –a qədər dövlət qurumu layihə elanı verib. Amma bu, həmin dediyimiz QHT və digər vətəndaş cəmiyyətlərinin illik təlabatının yalnız bir hissəsini ödəyir. Keçirdiyimiz tədbirlərdə aparılan müzakirələrdə iştirak edən ekspertlər də belə bir qənaətlə çıxış ediblər ki, vətəndaş cəmiyyətinin daha yüksək səviyyədə inkişafını istəyiriksə, ölkə Prezidenti ilə görüşüb vətəndaş cəmiyyətinin mövcud problemlərini ona bildirməli və həll olunmasını xahiş etməliyik. Əgər Prezidentlə bu görüş alınsa, vətəndaş cəmiyyətlərinin inkişafına - istər daimi ofisin təmin olunması, illik büdcə təminatının olması, qanunvericilikdən tutmuş, maddi-texniki bazanın yaranmasına qədər vətəndaş cəmiyyətinin formalaşmasına təkan ola  bilər. Biz Prezidentlə bu böyük görüşü gözləyirik. İnanırıq ki, vətəndaş cəmiyyəti öz fəaliyyətində inamlı addımlarını atır və əlbəttə ki, biz problemlərimizin də həllini gözləyirik.

Xəbər xətti