Əməkdar artist: “Kədər məni xoşbəxt edir”

11:26 - 29 Fevral 2020 - Müsahibə

Kəmalə xanım Müzəffər: “İnsanlar niyə fərqli həyat sürürlər?”

“Çoxdandır, fikirləşirəm ki, niyə biz dəyişmişik? Bizi nə dəyişib? Cavab tapa bilmirəm. Son zamanlar fikir versəniz, görərsiniz ki, biz uşaqlarımıza hər şey veririk, məncə, bir az mənəviyyatı kasad eləmişik. Deyəsən, mənəvi dəyərlərimizi azaltmışıq. Deyəsən!” “Üç nöqtə” qəzetinin qonağı Əməkdar artist Kəmalə xanım Müzəffərdir.

-Görünməyən “mən”ini Kəmalə xanım necə təsvir edə bilər?
-Onu təsvir etsəm, axı görünməz olmaz. İçimdə görünməyən bir şeylər var ki, onu özümdən başqa kimsə görmür və onu mən kimsəyə göstərmək istəmirəm. Həyatda elə bir kəs yoxdur ki, ətrafa tam şəkildə özünü göstərsin. İnsan öz içinə dərindən nəzər salsa, görər ki, heç özü də özünü yaxşı tanımır. Mənim qismən tanıdığım “mən”im var ki, onu heç kimə göstərmirəm. Ona görə göstərmirəm ki, heç kimə lazım deyil. O, mənim içimdə qalsa, yaxşıdır.

-Oynadığınız obrazlarda “mən”iniz öz əksini tapır?
-Nə olursa, olsun, kim nə deyirsə, desin, yaratdığımız obrazlarda özümüzdən hansısa məqamlar öz əksini tapır. Bir qədər də olsa, varıq. Elə bir obraz yoxdur ki, biz onda olmayaq. Olmayacağıqsa, deməli, oynaya bilməmişik. Rəssam tablo çəkir, bu onun fikirlərinin təzahürüdür. Eləcə də bizdə. İçimizdə olan “mən”i cücərdib obraz kimi təqdim edirik. Aktyor, aktrisaları, yəqin ki, az-çox tanıyırsınız. Bəzən bir aktyor müsbət obrazı oynayır, amma o həyatda müsbət insan deyil. Yaxud əksinə mənfini oynayan həyatda mənfi deyil. Sadəcə bu aktyorların içində ya mənfi, ya da müsbət var. Hərdən mənfi obrazların ifaçıları məndən inciyirlər ki, necə olur, biz axı mənfi oynayırıq, o zaman biz mənfiyik? Xeyr, mənfi deyillər. Sadəcə içlərində mənfilik var ki, bunu obraza yansıdırlar, ətrafdakı insanlara deyil.

-Maraqlı açıqlamalarınız var. Deyirsiniz ki, sevdiklərimdən heç bir halda imtina edə bilmərəm. Bəs sizi incidəndə onlara qarşı azacıq da olsa, qəlbiniz qırılmır?
-Sözün düzünü deyim, xeyr, qırılmır. Doğrudan da, qırılmır. Qəlbimi çox nadir hallarda kimsə sındıra bilər. İnsana baxıram, görürəm ki, o, qəlb qıran biridirsə, yaxınıma buraxmıram. Amma söhbət sevdiklərimdən gedirsə, onlardan heç vaxt imtina etmərəm. Tutaq ki, övladım mənə hansısa bir az kəskin söz deyə bilər ki, mən düşünərəm, bu anaya deyiləcək söz deyil axı. O zaman nə edim? Ondan imtina edim? Mən necə ana olaram onda? Məgər bizim xırda, pis əməlimiz olanda Allah bizdən üz çevirir? Biz niyə çevirməliyik o zaman? Hərdən insanlar deyirlər ki, xeyr, bağışlamaq olmaz. Mən isə söyləyirəm ki, hər zaman hər kəsi bağışlamaq lazımdır. Çünki nə biz Allahdan böyüyük, nə də ondan ədalətli. Allah bağışlayandırsa, biz kimik ki? İnsan mütləq bağışlamalıdır.

-Özünüzlə çox danışırsınız?
-Bütün günü. Yuxuya da gedə bilmirəm. Nələri danışıram? Kim olmaq istəyirəm? Bax bu sualın cavabını tapmaq üçün özümlə danışıram. Mən heç vaxt geriyə dönən biri deyiləm, keçmiş baş verir, bitir mənim üçün. Düzdür, qapıları qapatmıram. Amma keçmişlə yaşamıram. Mən çox nadir hallarda bir qapını bağlayaram. Hazırda özümə daha çox sual verirəm ki, Allah qismət edərsə, yaşayarıqsa, 10 il, 20 il sonra özünü necə görürsən, Kəmalə? Hansı yerdə görürsən? Nələri etmiş görürsən? Daha çox gələcəyə baxıram. Etmədiyim çox şeylər var və zaman qısadır. Bəlkə də, 30 yaşım olsaydı, bunları düşünməzdim.

-Zaman eyni zamandır, dəyişən bizik...
-Bəli, status olaraq yazmışam bu cümləni. Bir nəfər çıxsın və mənə desin ki, günəş eyni günəş deyil, yağış həmin yağış deyil, dağlar, heyvanlar, bitkilər əvvəlki kimi deyil. Bir nəfər bunu mənə isbat etsin. Deməli, zaman  və onda yer alan şeylər hamısı eynidir, sadəcə biz insanlar dəyişmişik. Dünyanı dağıdan da bizik, gülüstana çevirən də biz. Çoxdandır, fikirləşirəm ki, niyə biz dəyişmişik? Bizi nə dəyişib? Cavab tapa bilmirəm. Son zamanlar fikir versəniz, görərsiniz ki, biz uşaqlarımıza hər şey veririk, məncə, bir az mənəviyyatı kasad eləmişik. Deyəsən, mənəvi dəyərlərimizi azaltmışıq. Deyəsən! Bəzən sosial şəbəkələrdə qarşıma elə bir şeylər çıxır ki, hərdən qadın olduğum üçün utanıram, hərdən insan olduğum üçün utanıram. Gözümü yumub tez keçirəm ki, o paylaşılan nələrisə görməyim. Hərdənsə aktrisa olduğum üçün utanıram. Düşünürəm, ona yazım ki, niyə belə paylaşım edirsən? Sonra fikirləşirəm, adam mənə söyləyəcək ki, paxıllığından belə deyir. Axı son zamanlar dəb halını alıb, birini tənqid edirsən, deyir, paxıllığından edir.

-Nəyə görə bəzən haqlı olduğumuzu bilə-bilə qarşımızdakına onu isbat etməyə çalışmırıq və susuruq?
-Mən, ümumiyyətlə, susan insanam. Heç kimə heç nə sübut eləmirəm, üzümü çevirib gedirəm. Çünki zaman ən gözəl sübut edən mexanizmdir. Nə qədər də yaxşı danışsaq, zaman bizdən yaxşı danışacaq. Biz heç bir məqamda zamandan yaxşı qiymət, ondan tutarlı cavab verə bilmərik. Bunu mən illərdir, sınayıram. Tutaq ki, 4 il əvvəl mən cavab vermədim, getdim, amma o 4 il əvvəl olan nəyinsə cavabını zaman elə yaxşı verir. Qalır bizə, biz o cavabı anlayırıq, ya yox? Anlayırıqsa, özümüzü düzəldirik, anlamırıqsa, yenə də zamanın cavabları ilə üz-üzə qalacağıq.

-Həyatın yükünü daşımaq ağırdır?
-Çox gözəldir. O yüksüz necə yaşamaq olar? Düzdür, qadın olduğum üçün hardasa istəklərim olur, amma tez deyirəm ki, buna da şükür. Hərdən işlərin ağırlığından azacıq narazı oluram. Olduğum zaman isə tez düşünürəm ki, ev insana doğulmaq və ölmək üçün lazımdır, insanın həyatı yollarda keçməlidir. Mən bunu dərk edirəm.

-Heç nədənsə şikayətləndiyiniz anlar olubmu?
-Olub, indinin özündə də olur. Elə şey olar ki, olmasın? Ən çox şikayətləndiyim zamanın tez getməyidir. Sual verirəm ki, İlahi, niyə zaman su kimi ağır, tez keçir? Kaş ki çox gec gedəydi zaman. Bilmirəm, bəlkə də, etmək istədiklərim çoxdur və mən düşünürəm ki, onları qalan zamana necə sığdırım? Bəlkə, bundan irəli gəlir, zaman mənə çox az bir müddət kimi görünür, bilmirəm.

-Bəzi məqamlarda istəyirəm ki...
-Ədalət o dəqiqə zəfər çalsın. Zaman cavabını vermədən ədalət elə həmin an qalib gəlsin.

-Ağlayan insanlar güclüdürlər, yoxsa zəif?
-İlk olaraq buna cavab tapmaq lazımdır, insan axı niyə ağlayır? Mənə görə, ağlamaq ürəyin yanğısından xəbər verir, onun zəif və ya güclü olmasından deyil. Əgər insanın gözündən yaş axırsa, onun qəlbi yanır. Demək ki, o insanda insanlıq qalıb ki, ağlayır. Bu yaxınlarda bir video qarşıma çıxdı, adam iti təpikləyib öldürürdü. Buna necə ağlamıyasan? Bu zəif və güclü olmaq demək deyil, insanlıq deməkdir.

-Kədər məni xoşbəxt edir. Sizə məxsus olan və ya olmayan kədərin sizi nədən xoşbəxt etdiyinin çözümünü tapmısınız?
-Bilmirəm. Ətrafda baş verənlər, insanların taleyi və digər məqamlar yığılır, üst-üstə gələrək gecələr məni düşündürür, özümə qapanıram. Ən çox xoşbəxt olduğum anlar da elə o anlardır. Dünya yaranandan insan və onun əzabları var. Mən özümə verdiyim bu əzablardan, ağrılardan zövq alıram, ona görə də kədər məni xoşbəxt edir.

-Kövrək qadınsınız. Bu kövrəklik sizə mane olmur ki?
-Qətiyyən mane olmur, əksinə günü-gündən məni böyüdür. Əgər mən görsəm ki, soyuqqanlıyam və hisslərimi itirmişəm, həmin gün ölərəm. Hisslərimin olmadığı gün yatım, heç ayılmayım ondansa. Mən çox zaman tənha qalıb düşünməyi sevirəm və o dünyama heç kimi buraxmıram, hətta övladlarımı da. Onlar üçün mən anayam, məni hər zaman gülərüz, şad, onların problemlərinə hər an hazır olan bir ana kimi görməlidirlər.

-Qərarları ürəklə, ya ağılla qəbul edirsiniz? Sizcə, hansı ilə qəbul edilən qərar daha faydalıdır?
-İstəməzdim, bu suala cavab verim. Çünki fərqli cavab verəcəm. Məsələn, 3 il bundan öncə soruşsaydınız, başqa cavab verərdim, indi başqa. Ürəklə beyin illərdir ki, çarpışır, sən, yoxsa mən? Yox, istəmirəm bu suala cavab verim, amma cavabım var.

-Çətin günləriniz də əminəm ki, olub. O zaman hansı güc sizi ayaqda saxlayıb?
-Allaha olan sevgim. Allah arzularımı çin edirsə də, etmirsə də, ona şükür etmək məni ayaqda saxlayır. Bu çox yaxşı şeydir, çox yaxşı.

-Sizi çox hallarda fikirlərinizlə insanlara məsləhət verən görmüşük. Bəs özünüz kimdənsə məsləhət alırsınız?
-Çox qəribə olsa da, xeyr, almıram. Mən daha çox düşünməyi sevirəm. Tənhalığa qapıldığım zaman bir şeyi daha çox fikirləşirəm ki, insanlar eyni doğulur, bəs niyə onlar fərqli həyat sürürlər? Axı heç kimin doğulanda Allah alnına yazmır ki, sən həkim olasan və ya cani. Deməli, biz insanlar öz yolumuzu müəyyən edirik.

-İstəyirəm, səhnədə vəfat edim...
-Bəli, ya səhnədə, ya da çəkiliş meydançasında. Sona qədər işləmək istəyirəm. Ölməzdən öncə “Qatarın altına atılan qadın” tamaşasını oynamaq istəyərəm. Çünki bu tamaşa bir aktrisanın taleyidir.

Rövşən Tahir

Xəbər xətti