Müvafiq seçki komissiyalarına təqdim edilmiş anonim şikayətlərə baxılmır

18:57 - 19 Fevral 2020 - KİVDF

 Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir

“Fərz elə ki, məntəqədə hamının gözünün qabağında götürüb qutuya bülleten atır. Deyilir ki, kamera çəkir və hələ bir az da həvəslə atır. Deyək ki, bəlkə də o, bunun yolverilməz olduğunu bilmir. Hamı bilir, hətta uşaq da bilir ki, bunu etmək olmaz. Digər tərəfdən adamda bir məntiq də olmalıdır da. Əgər bunu bilir və edirsə, nə üçün edir? Mən demirəm ki, o, bunu qəsdən edir. Amma normal bir məntiq yozum olmalıdır - nə üçün edir? Deməli, bunu etməkdə hansısa maraq var. Ona görə də bu məsələ məndə təəccüb doğurub", - deyə M.Pənahov bildirib. Onun sözlərinə görə, insanlar yerlərdə müşahidə etdiyi məlumatları sosial şəbəkələrə yerləşdirirlər: “Biz bunu edənlərə minnətdarlığımızı bildiririk. Çünki onların yerləşdirdikləri videolarla bağlı araşdırmalar aparırıq. Ancaq bundan da sui-istifadə edənlər var".

Aydındır ki bu kimi seçici və deputatlığa namizədlərin hüquqlarının pozulması barədə məlumatlar sonunda şikayət halında Mərkəzi Seçki Komissiyasına daxil olur. Məsələn,  həmin şikayətlərdən biri 60 saylı Salyan – Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd Süleymanov Əlifağa Əbil oğlu tərəfindən verilib. Mərkəzi Seçki Komissiyasının qərarında deyilir: “ 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 60 saylı Salyan – Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd Süleymanov Əlifağa Əbil oğlu 2020-ci il fevralın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək adıçəkilən seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, müraciətin aidiyyət qaydalarının pozulması ilə daxil olmasına dair rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə görə müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 60 saylı Salyan – Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd Süleymanov Əlifağa Əbil oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2020-ci il tarixli 81 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin. 2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir”.

Eyni məzmunlu şikayətlər bəzi seçki dairələrindən də daxil olub. Onlarla bağlı qərarlar qəbul olunub. Komissiyanın son iclasında 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub. Bundan başqa, 15 saylı Yasamal birinci seçki dairəsi, 28 saylı Sabunçu üçüncü seçki dairəsi, 60 saylı Salyan-Neftçala seçki dairəsi, 91 saylı Ucar seçki dairəsi,79 saylı İmişli seçki dairəsi i ilə bağlı müraciətlər müzakirəyə çıxarılıb. Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

Bəs, bu kimi neqativ hallar  qanunla hecə tənzimlənir. Qeyd edək ki, Seçki Məcəlləsinin 112-ci maddəsi vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi, 112-1-ci maddəsi isə vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması məsələlərini tənzimləyir. 112.1-ci maddədə seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) şikayət vermək hüququ olan seçki subyektlərinin dairəsi və şikayət vermə müddəti müəyyən edilib. Həmin maddənin tələbinə görə, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112-1.1 maddəsinə görə, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

Seçki hüququnun pozulması ilə bağlı dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına yazılı olaraq təqdim edilən şikayətlərdə ünvanlandığı seçki komissiyası və şikayətçinin ünvanı (şikayətə baxılması haqqında bildirişin göndərilməsi üçün) və əlaqə telefonu göstərilməlidir. Eyni zamanda şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik göstərilməli, əgər bu, qərardırsa, qərar şikayətə əlavə edilməli, qərarı qəbul etmiş seçki komissiyası və ya dövlət orqanı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir. Əgər bu, hərəkətdirsə, qanunsuz hərəkət etmiş şəxs qeyd olunmalı, hərəkətin məzmunu, onun törədildiyi yer və vaxt aydın şəkildə göstərilməlidir. Hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanı və ya şəxsi qeyd etməklə güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olmasını göstərməklə tələbini bildirməli, tarix qoymaqla həmin şikayəti imzalamalıdır. Şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyaların bloku tərəfindən verilirsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. Şikayətçi öz ərizəsində şikayətin araşdırılmasında və iclasda iştirak etmək arzusunda olub-olmadığını da bildirməlidir. Əgər şikayətdə təlimatda nəzərdə tutulan və yuxarıda qeyd edilən şərtlərdən hər hansı biri yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, şikayət onu göndərən şəxsə geri qaytarılır. Müvafiq seçki komissiyalarına təqdim edilmiş anonim şikayətlərə baxılmır və onlar daxil olduqdan sonra işə alınır. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir (112-1.7.).

Sikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim etmək, şikayət üzrə əlavə məlumat tələb etmək,  əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək, zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.),  Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək səlahiyyətləri var.

Seçki Məcəlləsinin 112-1.5 maddəsində  bildirilir ki, vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının ekspert qrupları  şikayət şəxsən təqdim edilibsə, yazılı şikayəti qəbul etməli və onun qeydiyyatını aparmalıdır, şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir. Şikayət bu Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir. Şikayət həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətinə aiddirsə, onda ekspert dairə seçki komissiyasına həmin şikayətə mahiyyəti üzrə baxmağı, komissiyanın səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif edir.

Bundan başqa,  dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda bu Məcəllənin 112-1.4-cü (Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün səlahiyyətləri) və 112-1.11-ci (Şikayətlərə baxan ekspert qruplarının üzvlərinin rəyləri verməsi) maddələrinə uyğun olaraq araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid olan hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına rəy verməlidir (məlumata şikayətin surəti əlavə edilməlidir).

Ekspert şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, dairə seçki komissiyası öz səlahiyyətlərinə aid olan hissədə bu Məcəllə ilə müəyyən edilmiş hərəkətlərin edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir.

Qeyd edək ki, Seçki Məcəlləsinin 112-1.10-cu və müvafiq təlimatın 7.8-ci maddəsinə görə, şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əlavə araşdırma tələb olunduğu halda ekspert qrupunun üzvü göstərilən müddətin artırılması barədə ekspert qrupunun koordinatoru vasitəsilə seçki komissiyasının qarşısında vəsatət qaldıra bilər. Seçki komissiyası qaldırılmış vəsatətin əsaslı olması qənaətinə gələrsə, əlavə araşdırmanın aparılması barədə qərar qəbul etməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir. Əlavə araşdırmaya dair qərar qəbul edildikdə bu barədə müraciət etmiş şəxsə məlumat verilməlidir.

 Xatırladaq ki, Seçki Məcəlləsinin 112-1.11 maddəsinə əsasən, şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə, seçki subyektinə xəbərdarlıq edilməsi barədə, namizədin qeydə alınmasından imtina edilməsi barədə, qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə, şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması haqqında rəyləri verə bilərlər. Əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır: şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır. Şikayətlər buna hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir.

 

Xəbər xətti