Yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər

18:58 - 17 Fevral 2020 - KİVDF

Fevralın 9-da keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olundu, səsvermənin gedişində qanunvericiliyin bütün norma və tələblərinə riayət edildi, məntəqələrdə yüksək seçici fəallığı müşahidə olundu. Yerli və beynəlxalq müşahidəçilər üçün hər cür şərait yaradılmışdı, həmçinin fiziki imkanları məhdud olan seçicilərin rahatlıqla səs vermələri məqsədilə zəruri tədbirlər görülmüşdü.

Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. V.Rəhimzadə bildirib ki, seçki prosesi Azərbaycanın dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78 minə yaxın yerli müşahidəçi tərəfindən izlənilib. Seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatılmışdı. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsdiq ediblər. Eləcə də təkrar səsvermə hallarının qarşısının alınması məqsədilə seçicilərin barmaqlarının şəffaf mürəkkəblə işarələnməsi, videomüşahidə və s. tədbirlər prosesin şəffaf və ədalətli keçirilməsi üçün atılan xüsusi addımlardan idi. Seçki ərəfəsində seçicilər, müşahidəçilər üçün seçkilərə dair bir sıra informasiya xarakterli kitabçalar, materiallar çap edilmiş, həmçinin seçkiqabağı kampaniya zamanı reklam və izahat layihələri həyata keçirilmiş, KİV-lərdə elanlar yerləşdirilmişdi.

Göründüyü kimi seçki prosesini həm yerli, həm də beynəlxalq müşahidəçilər yaxından izləyib və öz fikirlərini bildiriblər. Bəs onların hüquqları neçə tənzimlənir?  Seçki Məcəlləsinin  41-ci maddəsində müşahidə aparmağın prinsipləri göstərilib. Bu maddədə bildirilib ki, seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir, müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır, müşahidə açıq aparılmalıdır, müşahidənin yekunları faktlara əsaslanmalıdır. Qeyd edək ki, müşahidə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir.

 Müşahidəçilərin hüquq və vəzifələri isə 42-ci maddə ilə tənzimlənir. Bildirilir ki,  yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar. Müşahidəçilər, o cümlədən beynəlxalq müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin yekunları (ümumi yekunları) haqqında protokolların tərtib olunmasını, habelə səslərin hesablanmasını və yenidən hesablanmasını müşahidə edə bilərlər.  Bundan başqa, səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada Mərkəzi Seçki Komissiyasında bu hüququn əldə edilməsi üçün qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdirlər.  Mərkəzi Seçki Komissiyası tərəfindən verilən lövhəcikdə bu hüquq göstərilməlidir. Bu cür müşahidəçiləri Mərkəzi Seçki Komissiyası püşkatma yolu ilə müəyyən edir, o şərtlə ki, bu Məcəllənin 40.5-ci maddəsində göstərilən subyektlərin hər birinin bu cür hüquqa malik olan bir müşahidəçisi olsun (hər bir seçki komissiyası üçün ayrı-ayrılıqda) və hər bir seçki komissiyası üçün belə müşahidəçilərin sayı 10-dan artıq olmasın. Səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə tələb olunmur. Onların bu hüquqlarla yanaşı seçici siyahıları ilə tanış olmaq, səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq, seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək, səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək,  seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək,. müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq, səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək, seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq Hüququ var. Müşahidəçilər  müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək, seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək səlahiyyətləri də var.

Yuxarıda qeyd etdik ki, müşahidəçilər seçici siyahıları ilə tanış olmaq hüququ var. Bu siyahı Seçki Məcəlləsinin 46-cı maddəsi ilə tənzimlənir. Siyahılar Seçki Məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq iki nüsxədə çap olunub. Vahid seçicilər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılıb. Bu siyahı səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilmişdi.  Məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirdikdən sonra vətəndaşların şəxsi müraciətləri əsasında edilən və ya edilməli dəyişiklikləri bu Məcəllənin 45-ci maddəsinə uyğun olaraq yoxlayıb nəzərə alıb, habelə vəzifəli şəxslərin, bələdiyyə qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların, vətəndaşların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırıblar.

Qeyd edək ki, həm yerli, həm də xarici müşahidəçilər öz vəzifələrini uğurla  yerinə yetiriblər. Buna həm də  azad və demokratik, beynəlxalq normalara uyğun seçkilərin keçirilməsi imkan verdi.  Parlament seçkiləri azad, demokratik və şəffaf şəkildə keçirildi. Seçki məntəqələrində səsvermə şəffaf, ədalətli və mütəşəkkil keçirildiyindən nəticələr də vətəndaşların iradəsini əks etdirdi. Bütün bunlarla yanaşı, həm yerli, həm də beynəlxalq müşahidəçilərin yekun rəylərinə əsasən bəlli oldu ki, seçkilərin legitimliyini şübhə altına qoyan hər hansı fakt qeydə alınmayıb. Seçkilərin monitorinqinin gedişində səsvermənin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusu da qeydə alınmayıb. Ümumilikdə, seçkilər Azərbaycan Respublikasının seçki qanunvericiliyinə və hamı tərəfindən tanınan demokratik normalara müvafiq şəkildə keçirilib. Namizədlərin sayının çox olması da müsbət elementdir, çünki insanların seçmək üçün kifayət qədər alternativi olub.

V.Rəhimzadə bildirib: “Bir sözlə, 9 fevral parlament seçkiləri Azərbaycanda demokratik dəyərlərin inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatların növbəti təntənəsi kimi yadda qalacaq. Bu seçkilərdə Azərbaycan xalqı bir daha siyasi iradəsini nümayiş etdirdi, şəffaf və demokratik şəraitdə öz seçimini etdi”. Bunu yerli və xarici müşahidəçilər öz açıqlamalarında təsdiq etdilər.

Xəbər xətti