Azərbaycan Respublikası Prezidenti İlham Əliyev daha iki ABADçını ordenlə təltif edib.
ABADçılar İsmayılov Hadı Seyid oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə, Bazarov Məhəmməd Heybullah oğlu isə “Tərəqqi” medalı ilə təltif olunub. "ABAD”ın dəstək göstərdiyi İsmayılovlar ailəsi Masallının Əhmədli kəndinin sakinləridir. Ailənin başçısı Hadı İsmayılov uzun müddətdir ki, kənd təsəsərrüfatı ilə məşğuldur. Əkinçilik sahəsi üzrə ixtisaslaşmış ailənin çiyələk plantasisiyası var. İsmayılovlar sahələrindən topladıqları məhsulları xammal şəklində satmaqla yanaşı, bir neçə ildir ki, cem və mürəbbə istehsalı ilə məşğuldurlar.
Ailə uzun illər kustar üsulla hazırladığı məhsullardan şəxsi tələbatı ödəmək və qonşu kəndlərdə satış üçün istifadə edib. Masallı “ABAD” mərkəzin fəaliyyətə başlamasından sonra İsmayılovlar təsərrüfatlarından topladıqları məhsulları xammal kimi deyil, əlavə dəyər qatmaqla bazara çıxarmaq qərarına gəliblər. Ailə başçısı Hadı İsmayılov qeyd edir: “Mənim həyətyanı sahəmdə əkdiyim meyvələr öz dadı və keyfiyyəti ilə fərqlənir. Əsasən çiyələk xüsusi qaydada yetişdirilir.
Bu sahə üzrə artıq 20 ildir ki, təcrübəm var. Əminliklə söyləyə bilərəm ki, bu məhsullar heç bir kimyəvi maddə qatılmadan becərilir. Ailəmizin mürəbbə istehsalı üzrə bir ailə brendi olaraq formalaşması üçün “ABAD”a müraciət etdik və bizə hərtərəfli dəstək göstərildi”. “ABAD”a müraciət edən İsmayılovlar ailəsi cem və mürəbbə istehsalı üzrə zəruri avadanlıqlar, brendinq və dizayn, satış bazarının təşkili kimi xidmətlərdən yararlanıblar.
Bu gün ailə təqdim olunmuş avadanlıqlardan istifadə ilə bağlı təlim keçir. Növbəti mərhələdə İsmayılovlar ailəsinin hazırladıqları yüksək keyfiyyətli məhsulları bu ailəyə məxsus brend adı altında böyük supermarketlər şəbəkəsində satışa çıxarılacaq. Ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailələrə dəstək göstərilməsi “ABAD”ın əsas prioritet istiqamətlərindən biridir. “ABAD”ın pilot layihə qismində həyata keçirildiyi Balakəndə dəstək göstərdiyi ailələrdən biri də rayonun Qaysa kəndinin sakinləri olan Bazarovlar ailəsidir. Ailənin başçısı Məhəmməd Bazarov 10 ildən çoxdur ki, meyvəçiliklə məşğuldur.
O, 5 ildir ki, intensiv bağçılıq sistemini yaradıb və alma, armud, gilas, saftali, gavalı və xurma kimi meyvə ağacları yetişdirir. Təhsilini Kənd Təsərrüfatı İnstitutunun aqranom ixtisası üzrə alan Məhəmməd Bazarov qeyd edir: “Təhsilimi başa vurduqdan ailəmlə birgə təsərrüfat sahəsi üzrə fəaliyyət göstərməyə qərar verdim. Məhsuldar sahənin qurulması üçün müasir texnologiyalara diqqət yetirmək lazım idi. Biz təsərrüfatımızda yeni texnologiyaları tətbiq etməyə başladıq, bütün səylərimizi ortaya qoyub alma bağlarımızdan yüksək məhsul əldə edə bildik. Bu gün bağımızda bir hektar ərazidən 45-50 ton alma məhsulu toplaya bilirik”.
Bazarovlar ailəsi ənənəvi olaraq, topladıqları məhsulların bir hissəsini xammal kimi satışa təqdim edir, digər hissəsindən isə ev təsərrüfatı şəraitində, kustar üsulla cem və mürəbbə hazırlayırdılar. Lakin məhsullar kustar üsulla hazırlandığı üçün sertifikatlaşdırılması və satışının təşkili, həmçinin ailə brendinin yaradılması kimi çətinliklər mövcud idi. “ABAD”ın ikinci pilot region kimi Balakəndə fəaliyyətə başlaması ilə Bazarovlar ailəsi publik hüquqi şəxsə üz tutublar və onların müraciəti müsbət qiymətləndirilib.
Ailə “ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış zəruri istehsal avadanlığı ilə təmin olunub. Təqdim olunan istehsal avadanlıqları bütün standartlara cavab verən və çox yüksək keyfiyyəti ilə fərqlənən məhsullar istehsal etməyə imkan verir. Hazırda “ABAD”ın əməkdaşları tərəfindən ailəyə avadanlıqlardan istifadə ilə bağlı təlim keçilir. “ABAD” həmçinin ailənin məhsullarının satışının təşkili istiqamətində işlər görür. Bazarov Məhəmməd və onun ailəsinin tam təbii, yüksək keyfiyyətli cem və mürəbbələri isə satışa “Balməkan” brendi altında təqdim olunacaq.
Ailə başçısı deyir: “Mən əminəm ki, ailəmin zəhmətinin bəhrəsi olan məhsullarımız, bizim “Balməkan” brendi qısa bir zamanda alıcıların ürəklərinə yol tapa biləcək”. ABADçıları Kənd təsərrüfatının inkişafında fərqləndiklərinə görə təbrik edirik!