Bu maşınlar kəskin bahalaşacaq

17:41 - 5 İyun 2025 - Xəbər

Çin bəzi nadir metalların ixracına məhdudiyyət qoyub. Bu metallar avtomobillərin istehsalında vacib rol oynayır. Avropa və Asiya ölkələrinin avtomobil zavodları çətin vəziyyətə düşüb. Bu, maşınların istehsalının dayanmasına və qiymətlərin artmasına səbəb ola bilər.

Alman və yapon maşınları bahalaşa, çin avtomobilləri isə ucuzlaşa bilər. Bəzi modellərin istehsalı isə tamamilə dayandırıla bilər, necə ki, ilk qurban "Suzuki"nin "SWIFT" modeli oldu.

Çin avtomobil, müdafiə və enerji sahələrində istifadə olunan bəzi nadir metalların ixracını məhdudlaşdırıb. Bu qərar ABŞ-nin Çin mallarına əlavə gömrük rüsumu tətbiq etməsinə cavab olaraq verilib. Nadir metallar elektrikli və adi avtomobillərin vacib hissələrinin istehsalında istifadə olunur. Çin isə bu metalların dünyadakı ən böyük istehsalçısıdır - təxminən 60%-ni təkbaşına təmin edir.

Avropanın avtomobil istehsalçıları artıq bəzi zavodları bağlayıb. Zavodların ehtiyat hissələri tükəndikcə daha çox bağlanmalar gözlənilir. Almaniyanın avtomobil sənayesi bu vəziyyətə görə ciddi narahatlıq keçirir və istehsalın tamamilə dayanma riski olduğunu bildirir. Onların sözlərinə görə, Çin bəzi şirkətlərə ixrac üçün lisenziya versə də, bu kifayət deyil. Üstəlik, lisenziya verilən malların gömrükdən çıxarılması da çox gecikir.

Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq. Bu da qiymətlərin qalxmasına səbəb olacaq. Belə bir hal pandemiya dövründə də yaşanmışdı - yeni maşınlar az idi, insanlar ikinci əl maşınlara üz tutmuşdu və qiymətlər kəskin artmışdı.

BMW bildirir ki, onların da bəzi tədarükçüləri bu vəziyyətdən təsirlənib. Mercedes-Benz isə nadir metalların istifadəsini azaltmaq üçün yeni yollar axtarır. Onlar gələcəkdə bu metallardan imtina etmək istədiklərini deyirlər. Volkswagen hələlik ciddi problem yaşamadığını və tədarükün sabit olduğunu açıqlayıb.

Yaponiyanın Nissan şirkəti də bu məsələdən narahatdır və hökumətlə birlikdə alternativ yollar axtarır. Suzuki şirkəti isə artıq bəzi modellərin - məsələn, Swift avtomobilinin istehsalını müvəqqəti dayandırıb.

Əgər Çin bu məhdudiyyətləri davam etdirsə, dünyada avtomobil istehsalı ciddi şəkildə azalacaq. Bu da qiymətlərin qalxmasına və alıcılar üçün daha çətin vəziyyətin yaranmasına səbəb olacaq. Şirkətlər isə çıxış yolu kimi ya alternativ tədarükçü tapmalı, ya da yeni texnologiyalar hazırlamalıdır.///milli.az

Xəbər xətti