Polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib

12:30 - 31 Oktyabr 2019 - Xəbər

""Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” icra olunur".

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib. Onun sözlərinə görə, geniş istifadə olunan plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür: "Azərbaycanda yüngül çəkili polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi isə razılaşdırma mərhələsindədir".

Nazir havaya pis qoxu-iy yayan müəssisələrlə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, nazirlik sərt cəza tədbirlərindən daha çox belə müəssislərin doğru işləməsini istəyir: "Sumqayıtda havaya pis qoxu yayan əsasən 2 metaləritmə müəssisəsidir. Sumqayıt poliqonu bizi narahat edən hava çirklənmə mənbəyidir. Burada yerli icra orqanlarının böyük məsuliyyəti var. Pərakəndəlik belə hallara gətirib çıxarır. Kiçik müəssisələrdə fəaliyyət göstərənlər cərimə ödəməkdənsə, işini düzgün qursun. Ona görə də cərimə, sanksiya, məcburi göstərişlər, maarifləndirmə və təmizləyici qurğuların qurulması işi düzgün qurulmalıdır. Bununla daha böyük cərimələrin qarşısını ala, əhalinin narazılıqlarını da aradan qaldıra bilərik"./Apa

Xəbər xətti