Uşaqların mənəvi inkişafında mütaliənin, uşaq ədəbiyyatının rolu

18:15 - 7 Oktyabr 2019 - KİVDF

Elvira Məmmədova: “Uşaq ədəbiyyatı birbaşa uşaqların mənəvi inkişafına yönəlib”

Uşaq ədəbiyyatı nümunələri mənəvi dəyərlərimizlə, tariximizlə, soykökümüzlə bağlı olduqda yetişməkdə olan yeni nəsli vətəni sevməyə, el-oba üçün xeyirli işlər görməyə səslədikdə, onların mənəvi inkişafına zəmin yaratdıqda daha gərəkli və yaddaqalan olur və balacalarımız tərəfindən maraqla oxunur. İnamla demək olar ki, uşaq ədəbiyyatı da bu qayəni özündə ehtiva edən nümunələrlə zəngindir.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Azərbaycan uşaq yazıçısı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elvira Məmmədova qeyd edir ki, uşaqların nəinki mənəvi, həmçinin fiziki inkişafında mütaliənin çox böyük rolu var. Belə ki, mütaliə yaddaşı möhkəmləndirir, beyni sağlam və cavan saxlayır, neyron əlaqələrini artırır, gücləndirir. Kitab oxuma vərdişi beyindəki qırışların sayını çoxaldır, stress, depressiya kimi hallardan qoruyur və ömrü uzadır. Beləliklə uşaqların gələcəkdə daha sağlam şəkildə böyüməsinə zəmin yaradır. Nəzərə alsaq ki, qocalığın ilkin əlamətləri özünü öncə beyində göstərib artıq 30 yaşdan sonra unutqanlıq, yaddaş zəifliyi kimi hallar üzə çıxır. Ona görə də elə uşaq yaşlarından başlayaraq mütaliə etmək və beləliklə sağlamlığımızın qeydinə qalmaq lazımdır. Ona görə də valideynlər uşaqlarının həm mənəvi, həm də fiziki sağlamlıqları üçün onlara kiçik yaşlarından kitab oxuma vərdişlərini aşılamağa çalışmalıdırlar”.

Uşaqların mənəvi inkişafında kitab oxumağın mühüm rol oynadığını nəzərə çatdıran E.Məmmədova deyir ki, mütaliənin uşaqlara aşıladığı mənəvi dəyərləri çoxdur: “İnsanı insan edən, şəxsiyyətə çevirən onun təhsili, savadıdır. Təhsil isə mütaliəsiz bütöv deyil, yarı-yarımçıqdır. Hər bir valideynin övladına ən gözəl hədiyyəsi kitab olmalıdır. Uşaqlarda təhsilə, elmə, mütaliəyə maraq yaradaraq onları düz yola yönəltməliyik. Çünki kitablar bağlı qapıların açarı, zülmət qaranlıqların nurudur”. 

Uşaq yazıçısı deyir ki, uşaqların təhsil və tərbiyə işində uşaq ədəbiyyatının rolu danılmazdır: “Çünki uşaq ədəbiyyatı birbaşa uşaqların mənəvi inkişafına yönəlib. Balacalarımız uşaqlıq illərində məhz uşaq ədəbiyyatının köməyi ilə yaxşının, pisin, hiylənin, gücün nə olduğunu öyrənirlər. Yəni insana xas olan mənəvi keyfiyyətlərlə tanış olurlar. Paxıl, yalançı, qorxaq, oğru, doğru, müdrik, cəsur, ağıllı, qəhrəman və s. bu kimi mənəvi keyfiyyətlərlə əvvəlcə nağıl, hekayə, şeir və romanlarda tanış olurlar”.

E.Məmmədova vurğulayır ki, mütaliə üçün uşaqlara düzgün kitab seçimində xüsusi diqqətli olmaq lazımdır: “Vətənpərvərlik, hörmət, sevgi, pozitiv düşüncə, təbiəti mühafizə mövzularına müraciət olunmalı və uşaqların mənəvi inkişafına dəstək göstərilməlidir”.   

Uşaq yazıçısının fikrincə, uşaq ədəbiyyatının özünəməxsus özəlliklər var ki, bu uşaqların mənəvi inkişafında birbaşa əhəmiyyətli rola malikdir: “Uşaq ədəbiyyatında əsas obrazlar uşaqlar olmalı, səhifə sayı nəzərə alınmalı və kitabda daha çox rəngarəng rəsmlərə üstünlük verilməlidir. Əsərlər sadə dildə yazılmalı, qısa və aydın məzmunlu olmalı, macəralar üstünlük təşkil etməlidir. Dialoq və hadisələr çox olmalı, tez-tez dəyişməlidir ki, uşağa maraqlı olsun və uşaq darıxmasın.

Əsərlər yazılarkən uşağın yaş səviyyəsi xüsusi olaraq nəzərə alınmalıdır. Bundan əlavə uşağın ictimai mühiti, inkişafı, zövqü, nitqi, bilik dairəsi də nəzərə alınmalıdır. Bu halda uşaqlar arasında böyük oxucu kütləsinə sahib olmaq olar”.   

Uşaqların inkişafında uşaq ədəbiyyatının danılmaz rolunu dönə-dönə vurğulayan E.Məmmədova deyir ki, Azərbaycanda uşaq ədəbiyyatının yaradılması 20-ci əsrin əvvəllərinə təsadüf edir. Nəşriyyat və kitabxanalar da bu dövrdə yaradılmış, daha da inkişaf etmişdir: “Hazırda ölkəmizdə uşaqların inkişafı üçün günü-gündən nəşriyyatların və kitabxanaların sayı artmaqda davam edir. Müxtəlif nəşriyyatların nəşr etdikləri klassik və müasir dünya uşaq ədəbiyyatından tərcümələri balaca oxucuların mütaliəsi üçün ixtiyarlarına buraxılıb.

Uşaqlar üçün hər mövzuda yerli və xarici kitablar, əsərlər çoxdur. Düzdür, onların arasında tərcümə, redaktə, illüstrasiya və dizayn baxımından keyfiyyətli olanlarla yanaşı, keyfiyyətsiz olanları da az deyil. Azərbaycanda həmişə uşaqlar üçün yazan yazıçılarımız olub. Amma müasir dövrümüzdə uşaq ədəbiyyatında uşaq yazıçıları çox az saydadır və bu sahəyə yeni gələn gənclər tək-təkdir. Əslində uşaqlar üçün yazmaq çox çətindir. Bunun üçün də gərək içindəki uşağı qoruya biləsən. Hansı ki o uşaq sənin uşaqlıq illərindən qopub səninlə bərabər gələcəyə gəlib”.

Uşaq yazıçısı deyir ki, illüstrasiyalar uşaqlar uşaqların inkişafında mühüm rola malikdir: “İllüstrasiyaların kitabda hansı formada və nə qədər olması uşaqların yaş həddindən də çox asılıdır. Ümumiyyətlə, kitablarda illüstrasiyalar özündə əlavə məlumat və oxuya həvəs, maraq yaratmalıdır. Bu bir növ hərfləri tanımayan, oxumağı bacarmayan uşaqlar üçün heroqliflərə bənzəyir. Kitabı oxuya bilməsələr də məlumatı şəkillər vasitəsilə ala bilirlər. Hazırda dünyada uşaqlar üçün işlənmiş illüstrasiyada bir tendensiya var. Bu, rəssamın işlədiyi illüstrasiyanın uşaq psixologiyasına uyğun gəlməsi, onu daha tez qəbul etməsi üçün rəsmlərin uşaqların özləri kimi çəkilməsidir. İllüstrasiyalara baxanda bir az əyri, çox da peşəkarcasına çəkilməyən, daha şən, pozitiv rəsmlər olmasına üstünlük verilir. Və artıq bu bir çox kitablarda illüstrasiya olaraq nəşr edilir”.

E.Məmmədova bildirir ki, uşaqlar üçün yazdığı hekayə və nağıllarda uşaqları mənəvi inkişafına istiqamətlənən, ibrətamiz, pozitiv, xeyirxahlıq kimi müsbət ismarışlar verən əsərlərə üstünlük verir: “Hərdən bunu alt mənalarla işləyirəm. Uşaq, yaxud böyük oxuyanda özünə uyğun olanı götürə bilsin. Yazdıqlarımı milliyyətindən asılı olmayaraq hər bir uşağın anlayıb, dərk edə biləcəyi məzmunda işləməyə üstünlük verirəm. Yəni bu əsəri ingilis, rus, alman, fransız və s. hansı dilə tərcümə edib dünyanın hansı yerində oxusan uşaq bunun özünə uyğun olduğunu hiss edə bilsin.

Düzdür, orda sırf ölkəmizə aid, azərbaycanlıların bildikləri adət-ənənələri, milli-mənəvi dəyərləri özündə əks etdirən yazılarım da var. Amma mövzularımı daha çox beynəlxalq aləmdə hər bir uşağa yaxın olan hadisələrə uyğunlaşdırmağa çalışmışam. Uşaqların mənəvi və fiziki inkişafı üçün çoxlu hekayə və nağıllarım var. Eyni zamanda uşaqlar üçün yazdığım iki nağıl-pyesim də var. Nağıllarımdan biri - “Xeyirxah şahzadə” 2017-ci ildə “Milli Nağıl Müsabiqəsi”nin qalibi olaraq birinci yerə layiq görüldü. Uzun müddətdir uşaqlar üçün işləyirəm. Eləcə də televiziya və mətbuatda bir çox uşaq verilişlərinin layihə rəhbəri, ssenari müəllifi olmuşam, bir çox uşaq jurnallarının baş redaktoru vəzifəsində çalışmışam. Hazırda da uşaqlarla yaradıcılıq sahəsində işləməyə davam edirəm. Çünki uşaqlar bizim gələcəyimizdir ”.   

Deyilənlərdən də aydın olur ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı nümunələrində uşaqlarda və gənc nəsildə yüksək əxlaqi keyfiyyətlər, vətənpərvərlik, sədaqət, dostluq, doğruluq, əməksevərlik, insanpərvərlik və humanizm kimi yüksək insani keyfiyyətlər tərbiyə edilir. Uşaqlar üçün yazılan əsərlər xeyirxah, mərd və cəsur qəhrəmanları, maraqlı süjet və kompozisiyası, sadə və aydın bədii ifadə vasitələri, səlis dili ilə seçilir. Və uşaqların gələcəkdə layiqli bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

Könül Oruc

Xəbər xətti