“Teatrda keçən illərim üçün heç vaxt heyfislənməmişəm”

12:52 - 23 Sentyabr 2019 - KİVDF

Rəhman Rəhmanov: “Bizim teatrın, sənətimizin incəliyi ondadır ki, bir tamaşada bir neçə rolu oynaya bilirik”

“O dövrdə televiziyada çox çıxışlarım olub, hətta sayını bilmirəm. Amma bu gün verilişlərə qonaq kimi gedirəm, ekspert kimi dəvət alıram. Çünki  həm yaşlaşmışam, həm də artıq o verilişlər yoxdur. İndi ancaq seriallar çəkilir. Nə qədər dəvət etsələr də seriallara çəkilmirəm. Ona görə yox ki, serial işini bəyənmirəm, istəmirəm. Ona görə qəbul etmirəm ki, səhhətimdə bir az problem var, teatrla serialın işini birlikdə çatdıra bilmərəm, ağır olar.

Evdə boş vaxtım olanda seriallarımıza baxıram. Hazırda isə Kukla Teatrının işi ilə kifayətlənirəm və bədii filmə çəkilirəm”. Deyir ki, nəsildən-nəslə ötürülən çox gözəl teatr mədəniyyətimiz var. Bu gün də teatrımızın potensiallı aktyor və aktrisalarının ifalarını bəyənir və gənclərimizlə qürrələnir.

“Üç nöqtə” qəzetinin qonağı Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanovdur.

- İstirahətiniz necə keçdi?
- Çox yaxşı keçdi. Müəyyən şəhərlərdə, bölgələrdə oldum.

- Teatrda vəziyyət necədir, işlər necə gedir?
- Sentyabr ayının 15-dən inşallah mövsümün açılışıdır. Amma mənim tamaşam ayın 20-də olacaq. “Pişiyin evi” tamaşası ilə başlayacam, orda nağılçı rolunu mən oynayıram. Hər il olduğu kimi teatrda bir neçə tamaşa qoyulacaq, sözsüz ki, burda mən də rol alacam. Amma hansı rollar olacağını deyə bilmərəm, çünki bu rejissorların işidir. Hansı rolu versələr canla-başla çıxış edərəm.

- Teatrda ən çox oynadığınız tamaşa neçə il davam edib?
- Cavan vaxtlarımda “Rəhmanın nağılı” tamaşasını təxminən 20 il repertuarımda olub. Kukla tamaşası idi. Baş rolun adı da Rəhman idi və mən oynayırdım. Sonra elə oldu ki, təxminən 2010-cu ildə həmin tamaşanı yenidən köhnə bir variantda bərpa etmək istədim, bir neçə il oynadım və sonra repertuardan çıxardım. Təxminən 25 il bu tamaşanı oynadım. Həm də bu tamaşaya o dövrdə tələbat çox böyük olub. Məktəblilər, kiçik uşaqlar tərəfindən yaxşı qiymətləndirilirdi.

Bu tamaşadan başqa da repertuarımda uzun müddət davam edən tamaşalarım olub. Ümumiyyətlə, Kukla Teatrında 100-dən artıq rollar oynamışam. Hətta elə olub ki, Kukla Teatrının aktyoru kimi bir tamaşada 3-4 rol oynamışam. Əslində bunu tək mən yox, Kukla Teatrının digər aktyorları da edirdi. Bizim teatrın, sənətimizin incəliyi ondadır ki, bir tamaşada bir neçə rolu oynaya bilirik. Yəni səsimizi dəyişib həmin obrazları yaradaraq oynayırıq. Təsəvvür edin ki, 100-dən çox tamaşada oynamışamsa, hər tamaşada ən azı iki rol oynamış olsam xeyli rol edir.

- 45 ildir Kukla Teatrında fəaliyyət göstərirsiniz. Bu illəri necə xarakterizə edərdiniz?
- Əsas odur ki, teatrda keçən illərim üçün heyfislənmirəm. Düzdür, başqa teatrlardan da dəvət almışam. Amma əvvəldən Milli Dram Teatrında işləmək istəmişəm və bu mənə nəsib olub. 15 yaşımda Milli Dram Teatrının kütləvi səhnələrində işləmişəm. Orda bu günə qədər qalmaq potensialım vardı. Amma qərarımın sonunda Kukla Teatrını seçdim. Çünki uşaqlıqdan Kukla Teatrına meylim, marağım olub. Heç də təəssüflənmirəm, çünki istədiyim peşə ilə məşğul olmuşam və oluram da.

- Davamlı olaraq uşaqlarla işləmək, onların içində olmaq çətin deyil?
- Xeyr, əksinə uşaqlarla işləmək insanı cavanlaşdırır (Gülür). Hazırda özümü yaşlı hiss etmirəm. Bu da uşaqlarla işləməyimdən irəli gəlir. Hələ də özümü cavan hiss edirəm.

- Əvvəllər sizi televiziyada çox görürdük, uşaqlar hamısı demək olar ki, sizə baxırdı. Bu gün niyə televiziyalarda yoxsunuz?
- O dövrdə televiziyada çox çıxışlarım olub, hətta sayını bilmirəm. Amma bu gün verilişlərə qonaq kimi gedirəm, ekspert kimi dəvət alıram. Çünki indi həm yaşlaşmışam, həm də artıq o verilişlər yoxdur. İndi ancaq seriallar çəkilir. Nə qədər dəvət etsələr də seriallara çəkilmirəm. Ona görə yox ki, serial işini bəyənmirəm, istəmirəm. Ona görə qəbul etmirəm ki, səhhətimdə bir az problem var, teatrla serialın işini birlikdə çatdıra bilmərəm, ağır olar. Evdə boş vaxtım olanda seriallarımıza baxıram. Hazırda Kukla Teatrının işi ilə kifayətlənirəm və bədii filmə çəkilirəm. Bu yaxınlarda çox istedadlı rejissor İzzət Əzizovun səhnələşdirdiyi bədii filmə çəkilmişəm. Həmin filmin yaxın aylarda premyerası olmalıdır.

- İlk dəfə kamera qarşısına çıxdığınız günü xatırlayırsınızmı?
- Əlbəttə (gülür). Çox maraqlıdır ki, mən də o şəkil də indiyə kimi qalır. İlk dəfə 1972-ci ildə Aztv-də çıxmışam.  O vaxtı Xalqa Teatrında həvəskar aktyor idim. Aztv-nin rəhmətlik rejissoru Tahir Tahirov “Hacı Qara” tamaşasını qoymuşdu. O tamaşada mənə balaca bir rol vermişdi. Hacı Qara rolunu isə böyük sənətkarımız rəhmətlik Yusif Vəliyev oynayırdı. İlk dəfə o tamaşa ilə efirə çıxmışam.

- Yəqin ki, həyəcanlı olmusunuz, axı səhnəyə ilk dəfə çıxırdınız…?
- Sözsüz. O dövr elə idi ki, kamera az-az görünərdi. Tək mən yox, elə hər kəs həyəcanlı olurdu.

- Bu gün səhnəyə çıxanda o həyəcandan əsər-əlamət qalıbmı, yoxsa artıq öyrəşmisiniz?
- Aktyorluq peşəsi elədir ki, nə qədər təcrübəli və professional olsan da yenə kamera qarşısına çıxanda aktyor məsuliyyətin hiss edir və bu da insana həyəcan verir. İlk günkü həyəcanla eyni dərəcədə olmasa da, həyəcan həmişə olur.

- Milli teatrımızın bugünkü vəziyyətini qənaətbəxş hesab etmək olar?
- Əlbəttə olar. Bizim nəsildən-nəslə ötürdüyümüz çox gözəl teatr mədəniyyətimiz var. Bu gün də teatrımızın potensiallı aktyor və aktrisalarımız var. Gənclərimizə baxırıq, onlarla qürrələnirik ki, teatrımız itmir, Azərbaycan teatrları öz inkişafını davam etdirir. Əgər bir aktyor və aktrisa dövlət teatrında işləyirsə deməli onun istedadı var. Dövlət Teatrı elədir ki, orda “day-day”, yaxud başqa kimsə kömək edə bilməz. Çünki tamaşaçı bilet alıb, gəlir zalda oturur. Və bütün tamaşaçılara sənət lazımdır. Tamaşaçılar deyir ki, “bizə yaradıcılıq göstərin”. Bu aktyorluq bacarığı da 99 faiz teatrlarımızda işləyən aktyor və aktrisalarımızda var.

- Necə düşünürsünüz, ölkə teatrları dünya teatrları ilə ayaqlaşa bilirmi?
- Təbii ki. Həm Bakıda, həm də bölgələrimizdə olan teatrlarımız hamısı artıq dövrümüzdə xaricə vəsiqələr, dəvətlər alırlar, səfərlərə gedirlər. Deməli bu gün tələbat var ki, Türkiyə, İran və başqa müsəlman ölkələrinə, Avropaya çıxırıq. Kukla Teatrı il ərzində ən azı 4-5 dəfə xarici ölkələrə səfərlərə gedir. Təkcə bizim teatr deyil, ölkədəki bütün teatrlar xarici ölkələrə səfərlərə gedirlər.

- Rəhman Rəhmanov sevimli, uşaq tamaşaçılarının yaddaşında necə qalıb?
- Rəhman Rəhmanov uşaqların yaddaşında nağıllarla qalıb. Bu 45 ildə mənə baxan, məni izləyən tamaşaçılarım artıq özləri böyüyüb, ana, ata, nənə, baba olub. Mən bununla qürur duyuram və Allahdan ömür möhləti istəyirəm ki, həmin tamaşaçıların nəticələri də məni seyr edə, mənimlə ünsiyyətdə ola bilsinlər. Uşaqlarla işləməkdən məndə də sadəlik, səmimiyyət yaranıb. Uşaq səmimiyyəti olan adamam. Sadəyəm, ürəyiaçığam. Bu xasiyyətlər uşaqlarla təmasdan, onlarla birlikdə çalışmaqdan irəli gəlir. Buna görə bu yaşımda da uşaq kimiyəm. İllər ötür, yaşımızın üzərinə yaş əlavə olunur. Amma hələ ürəyim çox cavandır.

- Ürəyinizdə qalan obraz olubmu?
 - Hesab edirəm ki, bir aktyorun arzusunda ola biləcəyi bütün rolları ifa etmişəm və ömür vəfa etsə bundan sonra da oynayacam. Arzularım çoxdur, sonsuzdur. 45 il ərzində xarici dövlətlərdə keçirilən Beynəlxalq Festivallarda doğma Vətənimi, sevdiyim sənətimi və teatrımı təbliğ etmişəm. Zəhmətim böyük olub. Zəhmətimin bəhrəsi kimi Azərbaycanın Əməkdar artisti Fəxri adına layiq görülmüşəm. 6 il Prezident mükafatçısı olmuşam. “Sənətkar” medalının sahibiyəm. “Şəngülüm, şüngülüm” mono-tamaşasına görə “Qızıl Dərviş” mükafatına layiq görülmüşəm. Şükür Allaha, mükafatlarım çoxdur. Allahdan yalnız can sağlığı istəyirəm.

- Boş vaxtlarınız olanda necə dəyərləndirirsiniz?
- Bəli, boş vaxtlarım olur. Mənim indi o yaşım deyil ki, öz üzərimdə işləyəm. Boş vaxtım olanda görürəm ki, hansı yeniliyə tələbat var, onun barəsində fikirləşirəm, aldığım rolun üzərində işləyirəm. Əgər teatrda tamaşam varsa, bir-iki gün qabaqdan hazırlaşıram, beynimdə səhnələşdirirəm, təkrar edirəm. Onsuz olmur, çünki insan nə qədər varsa, dünyasını dəyişənə qədər öyrənməlidir, biliyini təkrarlamalıdır. İnsan heç vaxt deyə bilməz ki, hər şeyi bilirəm. Bu tək elmə deyil, incəsənətə, aktyorlara, rejissorlara və s. hər kəsə aiddir. Nə qədər işləsək də yenə öyrənirik.

Könül Oruc

Xəbər xətti