Neftçalada Aqrar Biznes Festivalı və “I Balıq” Festivalı keçirilib

15:17 - 5 Dekabr 2025 - ÖLKƏ İÇİ

Balıqçılıq və akvakultura sahəsinin təbliği, ölkədə balıq ehtiyatlarının dayanıqlılığının təmin edilməsi, aqrar sahədə innovativ yeniliklərin geniş ictimaiyyətə çatdırılması və istehsalçılarla istehlakçılar arasında birbaşa ünsiyyətin qurulması məqsədilə Neftçala rayonunda “I Balıq” Festivalı keçirilib. Festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Festival çərçivəsində Neftçala və ətraf bölgələrdə fəaliyyət göstərən akvakultura və balıqçılıq təsərrüfatları, emal müəssisələri və müxtəlif istehsal, emal və ixrac potensialına malik şirkətlər öz məhsullarını təqdim ediblər. Ziyarətçilər təzə, hisə verilmiş və dondurulmuş balıq məhsullarının geniş çeşidi ilə tanış olmaqla yanaşı, akvakultura prosesində tətbiq olunan müasir texnologiyalar barədə yerindəcə məlumat əldə etmək imkanı qazanıblar.

Festivalın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bölgələrdə təşkil olunan məhsul festivallarının əhəmiyyətindən danışıb. O, bu festivalların regional iqtisadi aktivliyin artırılması, yerli istehsalçıların bir araya gətirilməsi və məhsulların tanıdılması baxımından mühüm rol oynadığını qeyd edib. Zaur Əliyev çıxışında Aqrar Biznes Festivallarının kənd təsərrüfatı məhsullarının geniş auditoriyaya çıxarılması, fermer-istehlakçı əlaqələrinin gücləndirilməsi və aqrar innovasiyaların təşviqi üçün əlverişli platforma olduğunu vurğulayıb.

Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov festivalın Neftçalanın turizm və iqtisadi potensialının tanıdılmasına verdiyi töhfəni xüsusi qeyd edib. İcra başçısı həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Neftçala rayonuna göstərdiyi diqqət və qayğı, eləcə də dövlət başçısının bölgəyə etdiyi səfərlər barədə festival iştirakçılarına geniş məlumat verib. O bildirib ki, Balıq Festivalı rayonun özünəməxsus təbii sərvətlərinin, xüsusilə də balıqçılıq ənənələrinin daha geniş auditoriyaya çatdırılmasına, eyni zamanda yerli sahibkarlığın və turizmin inkişafına mühüm stimul verir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Mərkəz tərəfindən bölgələrdə təşkil olunan məhsul festivallarının məqsədi və iqtisadi-sosial əhəmiyyəti haqqında məlumat verib. O bildirib ki, məhsul festivalları yerli istehsalın stimullaşdırılması, innovativ aqrar texnologiyaların yayılması və regionların potensialının daha geniş tanıdılması baxımından mühüm rol oynayır. Anar Cəfərov Balıq festivalının bölgələrdə keçirilən sayca 19-cu festival olduğunu və tədbirin həm balıqçılıq sektorunun, həm də ümumilikdə aqrar sahənin inkişafına töhfə verəcəyini vurğulayıb.

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Zeynalov çıxışında bildirib ki, Neftçala rayonu uzun illərdir balıqçılıq və akvakultura üzrə ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır. Hazırda bölgədə böyük akvakultura müəssisələri və nərə balığı yetişdirilməsi üzrə ixtisaslaşmış təsərrüfatlar fəaliyyət göstərir və bu potensial festivalın əhəmiyyətini daha da artırır.

Festival zamanı iştirakçı qurumlar tərəfindən birgə balıq buraxılışı, çəkikimilər, nərəkimilər və digər qiymətli balıq növlərinin akvarium və hovuzlarda nümayişi, müxtəlif balıqların təqdimatı və akvakultura proseslərini əks etdirən texnoloji təqdimatlar həyata keçiriblər. Ziyarətçilərə çökə, nərə, uzunburun və digər balıq növlərinin göstərilməsi ilə yanaşı, USM diaqnostika avadanlıqları, məlumatlandırıcı lövhələr və videoçarxlar vasitəsilə balıq yetişdirilməsinin mərhələləri izah olunub.

Festival media nümayəndələri üçün xüsusi mediatur proqramı ilə müşayiət olunub və jurnalistlərə akvakultura təsərrüfatlarının fəaliyyəti, yetişdirilən balıq növləri, tətbiq olunan texnologiyalar və regionun potensialı barədə məlumatlar təqdim və nümayiş etdirilib.

Festival çərçivəsində “Azerbaijan Fish Farm” MMC-ə infotur təşkil edilib. Tur zamanı iştirakçılar müəssisənin istehsalat prosesi, akvakultura sahəsində tətbiq olunan müasir texnologiyalar, nərə balığı və digər balıq növlərinin yetişdirilməsi üzrə aparılan işlərlə yaxından tanış olublar.

I Balıq Festivalı ilə paralel olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 90-cı yubiley Aqrar Biznes Festivalı keçirilib. Tədbir çərçivəsində müxtəlif kənd təsərrüfatı texnikaları və müasir aqrar texnologiyalar, bitki mühafizə vasitələri, ağıllı suvarma sistemləri, ting və toxum nümunələri sərgilənib.

Tədbirdə həmçinin müxtəlif aqrar startapçılar da iştirak edərək innovativ həllərini və tətbiq etdikləri texnologiyaları nümayiş etdiriblər. Gənc startapçılar akvakultura və aqrar texnologiyalar üzrə hazırladıqları layihələri təqdim edib, sahə üzrə yeni həllər, rəqəmsal tətbiqlər və müasir idarəetmə modelləri üzrə ideyalarını paylaşıblar.

Neftçalanın ilk “Balıq Festivalı” bölgənin balıqçılıq irsinin və turizm imkanlarının tanıdılması baxımından uğurlu və rəngarəng bir layihə kimi yadda qalıb.

Xəbər xətti