"Əminəm ki, sizlərdən çoxları indi sual verir: nə üçün Qarabağ haqqında heç nə deyilməyib? Cavab birdir: Qarabağ Ermənistandır, vəssalam".
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Xankəndidəki mitinqdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan çıxışına separatizmi təşviq edən “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) şüarı ilə başlayıb.
"Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən "Miatsum", "Miatsum" şüarı ilə başlamaq istəyirəm", - deyə o qeyd edib.
Paşinyan erməni hökuməti üçün repatriasiyanın prioritet mövzu olduğunu deyib. O, həmçinin hökumətin “meqalayihələr”indən danışıb: "Strateji hədəflərimiz və problemlərimiz var. Ermənistan 2050-ci ilə qədər bunları həll etməyə qadir olmalıdır. Ermənistan əhalisini ən azı 5 milyona çatdırmalıyıq. Bundan başqa, Ermənistan sənaye ölkəsinə çevirilməli, 10 milyard dollardan çox dəyəri olan ən azı 5 erməni texnoloji şirkətə malik olmalıdır. Əminəm ki, sizlərdən çoxları indi sual verir: nə üçün Qarabağ haqqında heç nə deyilməyib? Cavab birdir: Qarabağ Ermənistandır, vəssalam".
Qeyd edək ki, Nikol Paşinyanın bu sözləri Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunun açıq etirafıdır.