“Depressiya halı daha çox doğuşlardan sonra müşahidə olunur”

19:48 - 28 Yanvar 2019 - Müsahibə

Könül Telmanqızı: “Qadınların depressiyaya düşməsinin bir səbəbi də hormonal dəyişikliklərlə bağlıdır”
Nərmin Kamilqızı: “Hamiləlik qadın orqanizmi üçün yeni bir haldır və qadın fizioloji olaraq yeni bir dönəmə başlayır”


Ana olmaq, övladını qucağına almaq tamam başqa hisdir. Amma bəzən qadınlar ana olduqdan sonra depressiyaya düşürlər, yeni doğulmuş körpələrinə qarşı laqeydlik göstərirlər. Bəs görəsən doğuşdan sonra anaların depressiyaya düşməsinin səbəbi nələrdir? 
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Könül Telmanqızı bildirdi ki, erkən nikah yaşamış qızlarımızda bu hallara daha çox rast gəlinir: “Əgər onlar hamiləlik dövründə də çətin anlar yaşayıblarsa və doğuşdan sonra yaşadığı gərginliklər depressiyanın yaranmasına səbəb ola bilər. Ananın yaşadığı stresslər yığışaraq depressiyaya çevrilə bilər. Məsələn, gecə yuxusuz qalmaları, uşağın ağlama səbəbini bilməmələri, uşaqla bağlı yaşadığı narahatlıq və gərginliklər depressiyaya gətirib çıxara bilir”.   

Psixoloq məsləhət görür ki, yeni ana olmuş qızlarımıza ya həyat yoldaşı, ya da anaları kömək etsinlər: “Çünki yuxusuzluğun özü depressiyanın yaranmasına böyük təsir göstərir. Normal yuxu yatmadıqda süd verən analarda bu daha qabarıq şəkildə özünü büruzə verir. Bu hal get-gedə kəskinləşərək qarabasmalar kimi hallara keçə bilər”.   
K.Telmanqızı deyir ki, əgər qadınlar əvvəllər hər hansı bir depressiya yaşayıblarsa və bu depressiya halları aradan qalxsa belə, həmin xanımlarda iz qoyur: “Bu kimi xanımlar daha həssas olurlar. Onlar doğuşdan sonra depressiyaya daha tez düşürlər. Həmçinin çətinlik çəkdikdə hər bir şeyi gözlərində böyüdürlər. Və heç bir şeyin öhdəsindən gələ bilməyəcəklərini düşünürlər. Və bu tipli xanımlarda qorxular yığılaraq stress, gərginlik yaşatmağa başlayır. Əgər bu məsələlər aradan qalxmazsa depressiya hallarına gətirib çıxarır”. 

Psixoloqun sözlərinə görə, qadınların depressiyaya düşməsinin bir səbəbi də hormonal dəyişikliklərlə bağlıdır: “Əgər xanım vaxtında müalicə götürərsə qısa zamanda bu problemlər aradan götürülər. Əgər üstünə düşülməzsə, uzun müddət davam edə bilər, hətta başqa etaplara da keçid edə bilər. Get-gedə vəziyyət daha da gərginləşər, gözünün qabağında övladı ilə bağlı gərginliklər canlana bilər”.   
Psixoloq tövsiyə edir ki, qadınlarımız ana olmamışdan qabaq uşaqla bağlı geniş şəkildə məlumatlar əldə etsinlər: “Əgər ana dünyaya gələcək körpəsi ilə bağlı böyük informasiya toplusu ilə məlumatlansa, bununla bağlı dünyagörüşünü genişləndirsə bu kimi problemli hallar yaşamayacaq. Əgər ana məlumatsız olarsa və həmçinin erkən yaşda nikaha giribsə, bu zaman problemlər yarana bilir. Çünki qadının evliliyi üçün oturuşmuş yaş müddəti var. Bundan tez ailə həyatı quran və ana olan xanımlar daha həssas olurlar. Düşünürlər ki, ya özünə, ya uşağına nə isə olacaq. Bu halları yaşamamaq üçün yaxşı olardı ki, ana dünyaya gələcək uşağı ilə bağlı məlumatlansın”.    

K.Telmanqızı vurğuladı ki, ailə içində tək ana yox, həmçinin ata da uşağın qayğısına qalsa, onunla maraqlansa yaxşı olar: “Belə olan zaman ana da yuxu saatını düzgün şəkildə bölərsə və düzgün şəkildə qidalanarsa problemlər yaşanmayacaq ”. 
Psixoloqun sözlərinə görə, depressiyaya düşən analarda ya iştahasızlıq olur, yemək istəmirlər, ya da hədsiz dərəcədə qidalanmaq istəyirlər: “Bütün bunlar qadının yaşadığı depressiya ilə bağlı olan hallardır”.  
Bir neçə ay bundan əvvəl ilk övladını dünyaya gətirən Gülnar Rzayeva deyir ki, ana olmaq sözlərlə izah edə bilməyəcəyi qədər ülvi və özəl hissdir. Bəzən qorxuları, bəzən yorğunluğu, ümumiyyətlə hər şeyi ilə özəl bir hissdir: “Doğuşdan sonra məndə də depressiya oldu. Bu depressiya təxminən üç gün sonra özünü büruzə verir. Çünki insan get-gedə qorxularını, məsuliyyətini dərk etməyə başlayır. Hər şeyin dəyişəcəyini başa düşür. Özündən başqa bir canın məsuliyyətini anlayır. Körpəsini qorumaq, ona sahib çıxmaq hissləri insanı depressiyaya salır. Yuxusuzluq və yorğunluq isə adamın əsəblərini daha da gərginləşdirir”. 

Həmsöhbətim deyir ki, depressiya körpənin sənə qorxaraq gözlərini açıb baxdığı, əllərini tutduğu, üzünə güldüyü anda artıq keçib getmiş olur: “Artıq depressiyanın yerini sevgi, sevinc və xoşbəxtlik tutur. Və tam ailə olduğunu, hər şeyin daha gözəl, daha mənalı olduğunu dərk edirsən. Ana olmaq sadəcə yorğunluq, əziyyət, əsəb deyil. Ana olmaq sevgi, məhəbbət, ailə səadəti və xoşbəxtlik deməkdir. Hər kəs uşaq dünyaya gətirə bilər, amma ana olmaq, onu hiss etmək tamam başqa bir hissdir. Körpənlə birlikdə ağlamaq, onun gülüşünə gülmək… Bu hissləri necə izah edim bilmirəm…”. 

Mama-ginekoloq, cərrah, laparoskopist Nərmin Kamilqızı deyir ki, hamiləlik qadın orqanizmi üçün yeni bir haldır və qadın fizioloji olaraq yeni bir dönəmə başlayır:
“Belə ki, hər qadın bu dövrü eyni keçirmir. Hamiləlik periodunda qadında psixoloji dəyişikliklər baş verir və qarşı tərəfə, yəni həyat yoldaşına daha çox bağlı olur. Kilo almaq, dəridə qaralmalar, ödemlilik və s. hamiləliyin gətirdiyi bir çox fəsadlar var. Belə olduqda qadın özünü çirkinləşdiyini və həyat yoldaşından qayğı görmədiyini düşünür. Və bu onu daha çox psixoloji sarsıntıya salır. Ona görə, həmişə baxımlı xanımlar üçün bu daha faciəvi şəklə çevrilir. Buna görə də qadında artıq öz dölünə qarşı aqressiya başlayır. Əslində körpələrini doqquz ay sonra sağlam şəkildə  qucaqlarına almaq arzusu ilə yaşayırlar Amma hamiləliyin gətirə biləcəyi bu cür dəyişikliklər qadında əks olaraq neqativ hala dönüşə bilir”. 

Ginekoloq deyir ki, hamiləlik zamanı qadının orqanizmində bir sıra dəyişikliklər baş verir. Bunlardan birincisi hormonal dəyişikliklərdir: “Hormonal dəyişikliklər böyük əhəmiyyət kəsb edir. Estrogen, progesteron və bununla yanaşı bır sıra hormonlar hamiləlik dönəmində artır. Hər işin başında isə bütün orqanların funksiyalarının dəyişilməsi durur. Yəni normal insan orqanının yerinə yetirdiyi işi hamiləlik dövründə iki qat daha artıq yerinə yetirir. Və həmçinin bədəndə qanın maye hissəsi də artır. Ona görə də demək olar ki, hamiləlik periodunda dəyişikliklər özünü iki dəfə daha qabarıq şəkildə göstərir. Həmin dəyişikliklər nəticəsində  qadın özünü hədsiz dərəcədə yorğun hiss edə bilər. Tez-tez periodik səbəbsiz ağlamalar, duyğusallaşmalar və özünü xoşbəxt hiss etməmək kimi hallar müşahidə oluna bilər. Kaprizli olan xanımlarda bu hal daha da sərtləşir. Bütün bu proseslər qadının daxili aləmində olduğuna görə təbii ki dəyişikliklər özünü aydın şəkildə göstərir”. 

Doğuşdan sonra qadınların depressiyaya düşməməsinin qarşısını almaq üçün əvvəlcədən nələrsə etmək mümkündürmü? N.Kamilqızının sözlərinə görə, bunun üçün heç bir şey etməyə gərək yoxdur. Sadəcə qadın düşdüyü ortamdan özünü uzaqlaşdırmalıdır: “Əgər bu ortam ona həyəcan, depressiya yaşadırsa, oradan uzaqlaşması daha məsləhətlidir. Doqquz ay o qədər də uzun bir müddət deyil. Mən hamilələrimin hamısına məsləhət görürəm ki, bacardıqları qədər belə ortamlardan uzaq dursunlar və hansı ortam onlara xoşdursa, o əhatədə olmağa çalışsınlar. Bu prosesin daha sağlam və sakit keçməsinin həm bizə, həm özünə, həm də uşağa xeyri var. Ona görə bunların qarşısını almaq üçün qadın sadəcə dediyim ortamlardan uzaq dursa kifayət edər. Bir az özünü yalqız hiss edərsə və yaxud qarşı tərəfdən diqqətsizlik görərsə bunlara fikir verməməlidir. Müəyyən dövrdən sonra artıq su aerobikası, yoqa kimi belə şeylərlə məşğul ola bilər. Əsas  odur ki, qadın o problemlərlə tək qalmasın, özü həll etməyə çalışmasın”. 

N.Kamilqızı deyir ki, düzdür, hamiləlik dövründə də bəzən qadınlarda depressiya olur: “Amma depressiya halı daha çox doğuşlardan sonra müşahidə olunur. Belə ki, anada uşağa qarşı aqressiya, neqativ hisslər başlayır. Sadəcə belə hallarda qadın özünü topalamalı və psixoloqa müraciət etməlidir”. 
Araşdırmalara görə isə qadınların çox az hissəsi, yəni on qadından biri doğuşdan sonra depressiyaya düşə bilər. Depressiyanın yaşanmasına səbəb yenicə dünyaya körpə gətirmiş qadının ailəsində və ya iş yerində olan gərginliklər, onun əvvəllər depressiya yaşamış olması, yaşının azlığı və s. ola bilər. Buna görə də qadının ailə üzvləri, yaxınları ona dəstək etməlidirlər. Əks halda qadının özünün təkbaşına bunun öhdəsindən gəlməsi çox çətin məsələdir. Belə ki, daimi yorğunluq, yuxusuzluq, sevdiyi işlərə həvəssizlik, ruh düşkünlüyü, iştahasızlıq, uşaqla ünsiyyət yarada bilməmək qorxusu qadını narahat edir. Güclü depressiyanın müddəti isə fərqli olur, bəzən doğuşdan dərhal sonra, bəzən bir neçə ay, hətta bir il sonra baş verə bilir. Əgər bu cür hallar müşahidə olunarsa mütləq şəkildə həkimə müraciət etmək, vəziyyət ciddidirsə, psixiatrın köməyindən yararlanmaq və xəstəxanada müalicə olunmaq lazımdır.

Könül Oruc 

 

Xəbər xətti