Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyi təmin edilir

18:07 - 28 Yanvar 2019 - KİVDF

Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir

Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddənin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən, əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsi ilə əməyin ödənilməsinin təminatları da nəzərdə tutulub. Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə görə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Bu maddədə bildirilir ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir.
Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. Maddədə işdən çıxarılan işçi də nəzərdə tutulub və bildirilib ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

Bundan başqa, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 

Əmək qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, əmək müqaviləsi ilə işləmiş və işləyən şəxslərə əmək haqqının ödənilməsində heç bir fərq qoyulmayıb.
 Mülki Məcəllənin 965.1-ci maddəsinə müvafiq olaraq, hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.  Həmin Məcəllənin 965.2-ci maddəsi isə hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinməsi ardıcıllığını müəyyən edir.

Qeyd olunan maddədə birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir; üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir;. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. Bir növbəyə aid tələblər üzrə vəsait sənədlərin daxil olmasının təqvim ardıcıllığı qaydasında hesabdan silinir.

Göründüyü kimi, qanunverici bu maddədə pul vəsaitinin silinməsinin növbəliyini müəyyən edərkən dövlətin sosial ədalət prinsipinə əsaslanaraq ödəniləcək məbləğin ilk növbələrdə şəxslərin tələblərinin təmin olunmasını nəzərdə tutubdur. Qanunverici bu ardıcıllığı müəyyən edərkən hətta dövlət büdcəsinə olan ödənişlərdən və digər dövlət və bələdiyyə ödənişlərindən də şəxslərə olan ödənişləri üstün tutub.
Mülki Məcəllə heç bir halda əmək müqaviləsi ilə işləmiş və işləyən şəxslər arasında fərq qoyaraq əmək müqaviləsi ilə işləmiş  şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ikinci növbədə, əmək müqaviləsi ilə işləyən şəxslərə isə əmək haqqının beşinci növbədə ödənilməsini nəzərdə tuta bilməz. Əks hal dövlətin sosial ədalət prinsipinin pozulmasına və əmək müqaviləsi ilə işləmiş və işləyən şəxslər arasında ayrı-seçkiliyə səbəb olar.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, sosial dövlətin prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürüb.

Qeyd etmək lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin  təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin öhdəlikləri yaranmalıdır.

Xəbər xətti