Məşhur tikinti şirkətinin rəhbərinə hökm oxunub

13:46 - 25 Aprel 2024 - Xəbər

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə üzrə cinayət təqibinə xitam verilib.

Yekun olaraq təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Ziya Mansurov təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, 25 noyabr 2021-ci ildə Sabirabad Rayon Prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə sümük qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.

Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.

Sabirabad Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.

Müəyyən edilib ki, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.

İstintaq orqanı tərəfindən Rafət Qəniyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.///report

Xəbər xətti