“Yavaş-yavaş dostluğumuz məhəbbətə çevrildi"

20:17 - 27 Dekabr 2018 - Müsahibə

Almaz Mustafayeva: “70 illik yubileyimdə kollektivlə tamaşa oynamaq istəyirəm”

“Həyat yoldaşım rəssam olub, Azərbaycanda birinci və yeganə modelyer idi. Məşhur bir rus modelyerin tələbəsi idi. Başqa bir rəssam tanışımız bizi təsadüfən küçədə tanış etdi, dost olduq. Məndən səkkiz yaş böyük idi, Moskvada oxuyub gəlmişdi. O vaxtı operada hər gün tamaşalar olurdu, bir yerdə tetarta gedirdik. Yavaş-yavaş dostluğumuz məhəbbətə çevrildi. Məni dəhşət çox sevirdi, onun üçün bir sözüm kifayət idi, ikinci dəfə demirdim. Amma onu çox tez itirdim”. Bu sözləri bizimlə söhbətində Gənc Tamaşaçılar teatrının Əməkdar artisti Almaz Mustafayeva dedi. Almaz xanımla uşaqlıq illərindən söhbət açdıq. 

“Hər zaman deyirdi ki, sənin səsin avropa səsidir”

A.Mustafayeva 1949-cu il oktyabr ayının 1-də Ağdam şəhərində anadan olub. Deyir ki, əslən Şuşadandırlar. Rayonda doğulsa da 2-3 yaşlarından Bakıda yaşayıb: “Bibimin uşaqları böyüyüb evlənmişdilər, tək olduğu üçün məni qızlığa götürmüşdü, evdar qadın idi. Məktəbə gedənə qədər onunla yaşamışam. Daha sonra bibimin öz nəvələri oldu, həm də məktəbə getdiyim üçün gərək öz ailəmlə yaşayadım. Ailəmiz də Bakıda yaşayıb, bir bacım, bir qardaşım olub. Uşaqlıqdan oxuyub oynamağı çox sevirdim. Çox gözəl səsim var idi, indi o səsdən heç nə qalmayıb(Gülür). Əfsər müəllimin xorunda oxuyurdum, hər zaman deyirdi ki, sənin səsin avropa səsidir, xalq mahnılarına uyğunlaşmayan səsdir. 29 nömrəli məktəbdə təhsil almışam, məktəbdə tədbirlər olan kimi oxuyurdum, şeir söyləyirdim, oynayırdım. Düzdür, yaşım artdıqca başa düşdüm ki, şeir söyləmək başqa bir sənətdir. Ona görə bunu məktəb illərindən sonra davam etdirmədim”. 

“Məni “Sehirli xalat” filminə dəvət etdilər”

Qızlar xora gedən zaman müsahibimizi də özləri ilə aparıblar. Foyeyə çıxan zaman rejissor Nazim Zeynalov yaxınlaşıb onu uşaq verilişlərinə dəvət edib: “Dedi ki, televiziyada çıxış etmək istəyirsən? Dedim, hə istəyirəm, amma evdəkilərdən icazə almalıyam. Evə gəlib anamdan icazə aldım. “Gecəniz xeyirə qalsın balalar” verilişi həftənin üç günü azərbaycan, üç günü isə rus dilində gedirdi. Elə bu verilişlə televiziyaya çıxdım, o vaxtı uşaq verilişləri çox idi. Daha sonra “Qaranquş”, “Piri bababnın nağılları, “Tonqal”  verilişlərində çıxış etdim. İstirahət günləri radioda “Xoruz baba” səhər verilişi var idi. Mən, rəhmətlik Yaşar, radioada diktor işləyən Sevil uşaq obrazlarını oxuyurduq. “Sehirli xalat” filmini çəkəndə məktəbə gəlmişdilər, məni dəvət etdilər. Elə o vaxtdan həyatım sənətimə bağlandı”.

“Hamı deyir ki, uşaq obrazlarını məndən yaxşı dublyajda səsləndirən yoxdur” 

A.Mustafayeva deyir ki, onların vaxtında uşaqların boş vaxtı çox olurmuş: “Yuri Qaqarin adına pionerlər sarayında baletə gedirdim, həmçinin xora, televiziyaya və kinostudiyada dublyaja gedirdim. Diksiyam Əlisəttar Atakişiyevin o qədər xoşuna gəlmişdi ki, məni dublyaj şöbəsinə apardı. Dedi əvvəllər uşaq rollarını aktrisalar səsləndirirdi, bundan sonra sən səsləndirəcəksən. Elə o vaxtdan, 60-cı illərdən bu yana dublyajla məşğul idim. Hamı deyir ki, uşaq obrazlarını məndən yaxşı dublyajda yazan yoxdur (Gülürük). Artıq məşğul olmuram, həm ehtiyac duymuram, həm də vaxtı olmur, çətindir”.

“O günlərimin hər günü bir xatirədir” 

“Cücələrim” ansamblında böyük bir kollektivin içində olan müsahibimiz deyir ki,  bu ansamblda Zabitə Məmmədova, Suğra Bağırzadə də oxuyub: “Amma o dövrün uşaqlarından axırıncı dəfə mahnını səhnədə mən oxumuşdum. O vaxtı fanoqramma yox idi, canlı oxuyurduq. Orkestr, gözəl dərnəklər var idi. O qədər boş vaxtımız olurdu ki, konsertlərə gedirdik, əyləncəyə vaxtımız qalırdı. Hər yay bizi Nabrana aparırdılar, çadırlar qurulurdu, orda yaşayırdıq. Çüki dərnəklər çox idi, hamısı on günlük gəlib qalırdı, amma “Cücələrim” ansamblı ən vacib dərnək olduğu üçün bütün yayı orda qalırdıq, günlərimiz çox maraqlı və əyləncəli keçirdi. O günlərimin hər günü bir xatirədir”. 

“Əsəri götürmədilər, amma məni teatra qəbul etdilər”

A.Mustafayeva bildirir ki, onuncu sinfi bitirənə yaxın atası gəlib bir elan gördüyünü deyib, Azərbaycan Kinostudiyasında Adil İsgəndərov üç illik kino-aktyorluq kursu açıb: “Ora imtahan verdim, imtahanı Cənnət Səlimova götürürdü. Oxudum, oynadım, məni çox bəyəndi və qəbul etdi. İkinci kursu bitirəndə Cənnət xanım Əkrəm Əylisli ilə birlikdə “Mənim nəğməkar bibim” əsərini hazırlayırdı. Əvvəl bu tamaşanı Sumqayıtda qoymaq istəyirdilər, lakin sonra belə qərara gəldilər ki, Gənc Tamaşaçılar Teatrında qoysunlar. O vaxtı senzura var idi, Bədii Şura vardı, teatrında senzuradan kənar heç bir əsər oynanılmazdı. Dedilər ki, əsərdəki Mədinə obrazının üzərində işləmək lazımdır, əsəri götürmədilər, amma məni teatra qəbul etdilər. Xalq artistləri Yusif Vəliyev, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Firəngiz Şərifova ilə birlikdə dublyajda çox olurduq. Bundan əvvəl həmişə mənə deyirdilər ki, teatra gəl. Yusif Vəliyevdən bir dəfə küsmüşdüm. Mənə dedi ki, əsl “tyuzun” malısan. Rus dilini o vaxtı yaxşı bilmirdim, ona görə də bu mal sözü mənə xoş gəlmədi, ağladım. Dedim sizin məni təhqir etməyə nə ixtiyarınız var. Dedi, yox ay qızım, mən sənə pis söz demədim, öpüb-qucaqladı məni. Çox gözəl gülüşü vardı, xırdalıqlarla gülürdü. Dedi, mən sənə pis söz demədim. Daha sonralar rus dilini öyrəndikcə başa düşdüm ki, uşaq rollarını yaxşı oynayan aktrisa olar demək istəyirmiş. İllər keçəndən sonra çox yaxın dost olduq, onun həyat yoldaşını da kinostudiyadan tanıyırdım, yaxın idik”. 

“Saqqızımı oğurladı və məni teatra gətirdi”

Böyük sənətkarlarla eyni səhnəni bölüşən müsahibimiz deyir ki, indiki cavanların bəxtinə o aktyorlarla oynamaq düşmədi: “Firəngiz xanım yaşda böyük olsa da rəfiqəm idi, məni teatra onun yoldaşı Bala Qasımov gətirmişdi. Kinostudiyada işləmək istəyirdim, məni dilə tutdu. Dedi sənin teatrda perspektivin var, beləcə mənim saqqızımı oğurladı və teatra gətirdi. Firəngiz xanımın axırıncı gününə kimi həftədə iki-üç dəfə gedib ona baş çəkirdim. Osman Hacıbəyovla da dost idik, həmişə deyirdi ki, sənin yaxşı zövqün var. Təzə nəsə alanda teatra gətirib mənimlə məsləhətləşirdi. Hüseynağa müəllim çox nadir aktyorlardan idi. Səni tamaşaya çıxarırdı, sözləri bilməsən də səni tamaşada elə idarə edirdi ki, heç kimin ruhu da incimirdi. Çox gözəl insan idi, cavanlara kömək edirdi. Hazırda burdakı cavan oğlanlar onun məktəbinin verdiyi çörəyini yeyirlər”. 

“Yavaş-yavaş dostluğumuz məhəbbətə çevrildi”

Həyat yoldaşı ilə küçədə təsadüfən rastlaşdıqlarını deyən A.Mustafayeva bildirdi ki, həyat yoldaşım rəssam olub, o vaxtı Azərbaycanda birinci və yeganə modelyer imiş: “Məşhur bir rus modelyerin tələbəsi idi. Başqa bir rəssam tanışımız bizi təsadüfən küçədə tanış etdi, dost olduq. Məndən səkkiz yaş böyük idi, Moskvada oxuyub gəlmişdi. O vaxtı operada hər gün tamaşalar olurdu, bir yerdə tetarta gedirdik. Yavaş-yavaş dostluğumuz məhəbbətə çevrildi. Məni dəhşət çox sevirdi, onun üçün bir sözüm kifayət idi, ikinci dəfə demirdim. Oturub televizora baxırdıq, misal üçün balıq göstərirdilər, deyirdim, nə gözəldir. Səhər tezdən o balıq evə gəlirdi. Bax belə bir insan idi, birlikdə çox xoşbəxt idik. Amma təəssüf ki çox tez, 53 yaşında rəhmətə getdi, nə edək həyatdır. Çox gözəl balaları qalıb, böyük oğlum atasının davamçısıdır, rəssamdır. Hazırda burda teatrda işləyir. Onun həyat yoldaşı opera müğənnisidir, Musiqili Teatrda solistdir, çox gözəl səsə malik bir xanımdır. Kiçik oğlum da rejissordur, hərçənd mən rejissor olmağını istəmirdim, amma qismət belə imiş. Subaydır, evlənmək sözünü yanında deyən kimi, deyir ki, mənim adımı hallandırma. Üç nəvəm var, ikisi oğlan, biri qızdır. Böyük nəvəmə yoldaşımın adını qoymuşam”. 

“Mətbəxi çox sevirəm, bir saata 4 xörək bişirə bilərəm”

A.Musatafayeva deyir ki, mətbəxi çox sevir və çox gözəl əl qabiliyyəti var: “Mətbəxdə iş görmürəm deyən xanımlarımız riyakarlıq edirlər. Çünki hər bir qız uşağı gözünün qabağında anası var, biş-düş edən zaman nəsə kömək ediblər. “Oy mən heç nə bacarmıram, mənim üçün mətbəx yoxdur”- deyənlər yalan deyirlər. Hər bir xanım biş-düşü bilməlidir və bilir də. 80-90-cı illərdə evdə sifariş qəbul edir, tort bişirib satırdım. Qazanc əldə edib, uşaqlarımı dolandırırdım. Mətbəxi çox sevirəm, bir saata 4 xörək bişirə bilərəm. Çox gözəl ºirniyyatlar bişirirəm, əl qabiliyyətim yaxşıdır. Böyük oğlumun ad günündə həmişə çiyələkli tort bişirirdim, artıq hamı öyrəşmişdi. Bir dəfə başqa tort bişirdim, tort süfrəyə gələndə oğlumun yoldaşları dedi ki, biz çiyələkli tort istəyirdik. Əvvəllər yoldaşım sağ olanda onunla birlikdə tikiş işləri də edirdim, bunu da bacarırdım”. 

“70 illik yubileyimdə kollektivlə tamaşa oynamaq istəyirəm”

A.Mustafayevanın sözlərinə görə, bu yaxınlarda Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi olub teatrın aktyorlarına fəxri adlar, mükafatlar veriblər: “Hər birini təbrik edirəm, uğurları bol olsun, cavanlarımıza tez-tez fəxri adlar, mükafatlar versinlər. Çünki o stimuldur. Cavanlar teatra səhər girib axşam çıxırlar, zəhmətləri çoxdur. Olmayanlar üçün də qismət olsun. Gələn il mənim 70 yaşım tamam olur, teatrımızın rəhbərinə bir əsər vermişəm, başqa bir əsər də var. 70 illik yubileyimdə kollektivlər birlikdə tamaşa oynamaq istəyirəm. Ümid edirəm ki, bu arzum reallaşar”.  

Könül Oruc  

 

Xəbər xətti