Mingəçevirdə tələbələr qan xəstəlikləri və qan donorluğu ilə bağlı məlumatlandırıldı

11:46 - 1 İyun 2018 - Cəmiyyət

“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi Mingəçevir şəhərində tələbələr arasında ictimai maarifləndirmə tədbirini keçirib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi   “Qan xəstəlikləri və qan donorluğu ilə bağlı ictimai maarifləndirmənin keçirilməsi”  layihəsi çərçivəsində təşkil olunub. Mingəçevir Turizm Kollecində keçirilən tədbirdə təhsil ocağının  36 nəfər tələbəsi iştirak edib. 

Tədbiri giriş sözü ilə açan  “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyinin layihə rəhbəri Emin Nəbili təşkilat haqqında tələbələrə məlumat verərək qan xəstəlikləri və qan donorluğu ilə bağlı cəmiyyətin maarifləndirilməsinin əhəmiyyətindən danışıb. 
Emin Nəbili bildirib ki, layihənin məqsədi gənclərin qan xəstəlikləri, qan donorluğu ilə bağlı maarifləndirmək və dövlətin bu istiqamətdə gördüyü işlərə ictimai dəstək verməklə sağlam gələcəyə nail olmaqdır: “Respublikamızda qan xəstəlikləri, qan xəstəliklərindən müalicə imkanları, qan donorluğunun mövcud vəziyyəti, əldə olunan nəticələr, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı bilgi əldə edə biləcəksiniz. Gənclərin qanvermə aksiyalarında fəal iştirak etməsi də vacibdir. Cünki bununla siz xəstəlikdən əziyyət çəkən insanlara kömək etməklə bir həyat xilas etmiş olursunuz”.

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutun kiçik elmi işçisi, həkim–hematoloq İradə Kərimova qan xəstəlikləri ilə bağlı tələbələrə ətraflı məlumat verərək, qan donorluğunun əhəmiyyətindən danışıb.
Qanköçürmənin əsasının XIX əsrin axırlarında qoyulduğunu diqqətə çatdıran İradə Kərimova bildirib ki, qanköçürmə insanların həyatı üçün son dərəcə əhəmiyyətlidir: “Qan travma alan, doğuş, cərrahi əməliyyat keçirən xəstələrə vacibdirsə, hemofiliyalı, talassemiyalı, leykozlu xəstələr üçün həyati vacibdir. 18 yaşı tamam olan, çəkisi 50 kiloqramdan yuxarı praktik sağlam hər bir vətəndaş qan verə bilər. Qan donoru olarkən ilk öncə Hepatit, HİV virusu, Siflis mikrobu kimi xəstəliklərə görə tibbi müayinələr aparılır, qan qrupu, hemoqlobinin faizi dəqiqləşdirilir. Ümumi qan donoru 12 həftədən bir təkrar qan verə bilər. Qan donorluğu qanın yenilənməsinə səbəb olmaqla yanaşı, orqanizmin sağlamlığına da şərait yaradır. Amma bir çox səbəblərdən heç də hamı donor ola bilmir. Əgər donorluq qan verəcək şəxsin səhhətinə zərər yetirə biləcəksə, yaxud donorun qanının xəstəyə zərəri olacaqsa donorluğa icazə verilmir”. 

Daha sonra çıxış edən Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin rəhbəri Vüsalə Səfərəliyeva qan donorluğu və qanvermə aksiyaları barədə tələbələrə məlumat verərək hər kəsi bu cür aksiyalarda fəal olmağa çağırıb. 


Xəbər xətti