Qadın taksi sürücülərinə marağın səbəbi nədir?

18:32 - 17 Oktyabr 2017 - Cəmiyyət

Azər Allahverənov: “Əsas səbəb yeni bir xidmət növü olması ilə bağlıdır”

Sürücü Aygün Əliyeva: “Kişi sürücülərin gözü bizi götürmür”


Taksi xidmətlərinin sayı günü-gündən artmaqdadır. Hər gün fərqli qiymətlərdə, müxtəlif taksi xidmətlərinin adını eşidirik. Taksi xidməti göstərən yerlərin əksər hissəsini kişi sürücülər təşkil etsələr də, bu sektorda fəaliyyət göstərən xanımlar sürücülər də az deyil. Bəzi insanlar xanımların bu peşə ilə bağlı narazılıqlarını dilə gətirirlər, amma elə insanlar da var ki, xüsusilə, qadınların sürdüyü taksilərdən istifadə edirlər.
“Üç nöqtə”yə açıqlama verən ekspert Azər Allahverənov bildirdi ki, qadınların sürdüyü taksilərə marağın çox olmasının əsas səbəbi tamamilə yeni bir xidmət növü olması ilə bağlıdır: “Baxmayaraq ki, söhbət taksiçilik, sürücülük sənətindən gedir. Amma son zamanlar bildiyimiz kimi, bir çox şəxslər də var ki, xüsusilə də xanım müştərilər xanım sürücülərə daha çox maraqlı olduqlarını bildirirlər. Yəni, bu, onlar üçün əlavə bir komfort yaradır. Tutaq ki, sürücü kişi cinsinin nümayəndəsi olarsa, bu, bir qədər narahatlıq doğurur. Hətta, elə ailələr var ki, ailə başçısı maraqlı olur ki, çağırdığı taksini idarə edənlər xanımlar olsun. Bu, sırf psixoloji bir məqamdır. Amma bunlar maraqdan irəli gələn səbəblərdir. Düşünürəm ki, burada fikri daha çox cinsi ayrıseçkiliyə yönəltmək lazım deyil. Xanım, ya da kişi olmasının fərqi yoxdur, hər şeydən öncə taksi xidmətini göstərən şəxs kifayət qədər peşəkar sürücü olmalı, yola bələd olmalı, təhlükəsizlik qaydalarına riayət etməlidir. Düzdür, taksini idarə edən şəxs xanım olarsa, biz kişilər müəyyən mənada özümüzü çox rahat hiss etməyə bilərik, amma bizim kişilər üçün bu, haradasa bir komfort yarada bilər”.
A.Allahverənov deyir ki, sürücünün cinsinə yox, peşəkarlğına fikir vermək daha önəmlidir: “Sərnişin üçün əhəmiyyətli olan təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılmasıdır. Bu da, bilavasitə taksini idarə edən şəxsin peşəkarlığından irəli gələn bir məqamdır. Ona görə də, hesab edirəm ki, cəmiyyətdə bu, birmənalı qarşılanmadığı üçün burada əsas fikir bu kimi xidmətlər göstərən şəxsin peşəkar hazırlığına yönəlməlidir. Misal üçün, mən çox istəyərdim ki, bizim cəmiyyətdə mövcud olan fikirlər, xüsusilə də qadınlarla bağlı olan stereotip bir qədər dağıdılsın, ya da, daha pozitiv konteksdə transformasiya olunsun. Çünki artıq bizdə  belə bir fikir formalaşır ki, xanım sürücülər yol hərəkəti qaydalarına riayət etmirlər, qanunları pozurlar. Hər şeydən öncə sürücünün peşəkarlıq qabiliyyətinin artırılması istiqamətində işin aparılması olduqca vacibdir, nəinki cinslər arası bölgü aparmaq. Çünki peşəkar sürücü sizə daha yaxşı xidmət təklif etmiş olar”. 
A.Allahverənovun sözlərinə görə, xarici ölkələrdə vəziyyət bir qədər fərqlidir: “Məsələn, elə ərəb ölkələri var ki, orada ümumiyyətlə, qadınlar nəqliyyat vasitəsi idarə edə bilməz. Ona görə də, biz daha çox inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmlıyıq. Oradakı mövcud vəziyyət mən dediyim konteksdədir. Burada hər hansı bir cinsi bölgü aparılmadan sürücülük xidməti gösətərən şəxsin peşəkarlıq qabiliyyətinə üstünlük verilir”.
“Zərif Taxi” şirkətinin sürücüsü Aygün Əliyeva bizimlə söhbətində bildirdi ki, müştəriləri əsasən xanımlar olur: “Bəylər o zaman olur ki, yanında xanımı, anası, yaxud bacısı olsun. Müştərilərimiz əsasən, uşaqlar və xanımlardır. Qısqanc həyat yoldaşları xanımlarını, yaxud qardaşlar bacılarını, yaxud analarını aparmaq üçün müraciət edirlər. Xanım sürücülər hər kəsə daha maraqlıdır. Düzdür, kişi sürücülərin gözü bizi götürmür. Kişi sürücülərin maşınlarıyla müqayisədə bizim maşınlar daha təmiz, səliqəli və komfortlu olur. Maşından tər və siqaret qoxusu gəlmir. Müştəri məmnuniyyəti var ki, ona daha üstünlük verirlər. Biz qarışıq bir şirkətdə işləsəydik, orada kişi müştərilərimiz də olardı. Amma biz “Zərif Taxi”də fəaliyyət göstərdiyimiz üçün müştərilərimiz ancaq xanımlar olur”. 
A.Əliyeva bildirdi ki, 15 ildir maşın sürür: “Mənəm-mənəm demirəm, amma maşın sürməkdə heç bir kişi sürücüdən geridə qalmıram. O qədər qadınların adını çıxarıblar ki... Etiraf edirəm ki, mən özüm də yolda qadın sürücü görəndə onlardan uzaq qaçıram. Amma bu, hamıya şamil olunmur. Yəni, "qurunun oduna yaş da yanar" misalına əsaslanıb desək, təkcə bir neçə xanıma görə bunu bütün xanımların adına şamil etmək düzgün olmazdı. Yol hadisələrindən heç kim sığortalanmayıb, hər kəsin başına gələ bilər. Ehtiyatla sürməyə qaldıqda isə bəli, qadınlar kişilərə nisbətən daha ehtiyatla sürürlər. Bəzən yolda kişi sürücülərlə problemlər də yaşanır. Kişi sürücülər xanım sürücülərin onları keçməsini həzm etmirlər”. 
Səhər saat 07:30-da ilk müştərisini götürən Aygün xanım günün sonuncu müştərisini axşam saat 9-a qalmışadək götürür. Xanım sürücü dedi ki, bəzən müştərilərlə, sifariş verən ailələrlə aralarında maraqlı və qəribə anlar da yaşanır: “Bir dəfə müştəri zəng edib, getmişəm. Kişi “Zərif Taxi”yə zəng etdiyini bilməyib. Dedi ki, “Xanım  sürücü? Mən öz yoldaşımı qadın sürücüyə etibar edə bilmərəm”. Yəni, belə hallar da olur. Amma daha sonra anlaşılmazlıqlar ortadan götürülür. Kişilər çox zaman “Zərif Taxi”nin nə demək olduğunu bilmirlər. Elə bilirlər ki, ümumi taksi şirkətidir. Maşallah, bizim elə qadınlarımız var ki, yüz kişiyə dəyər.
Daha bir maraqlı hadisə də olmuşdu. Bir qadın zəng edib mənə ünvan verib ki, 213 nömrəli məktəb. Həmin məktəbi nə navigator göstərir, nə də ki, taksi sürücüləri tanıyır. Xanım müştərinin özünə zəng eləmişəm ki, ay xanım, bu 213 nömrəli məktəb harada yerləşir? Məktəbin yanında nələr var? Xanım fikirləşdi və dedi ki, evlər... Yəni, xanımlarla işləmək kənardan göründüyü qədər də asan deyil, hədsiz dərəcədə çox çətindir. Real həyatda tanıdığım kişi müştərilər olanda aparıram, amma başqa halda yox”. 


Könül Əhmədova


Xəbər xətti