Qadının inkişafı üçün onun ailə yükü azalmalıdır - Əli Əhmədov

13:35 - 9 İyun 2017 - ÖLKƏ İÇİ

"Azərbaycanda qadınların bələdiyyələrdə iştirak payı 35 faizdir, bu göstərici azdır. Milli Məclisdə də qadınların iştirak faizi azdır. Bunu da artırmaq lazımdır". Bunu "Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf" adlı tədbirdə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu proses digər sosial problemlərinin həlli zəminində baş verə bilər: "Qadının inkişafı üçün ailə yükü azalmalıdır. Yalnız bundan sonra qadının evə sərf etdiyi əməyi azalacaq. Qadının cəmiyyətdəki rolu bu gün bizim istədiyimiz səviyyədə deyil. Qadın iştirakçılığı genişlənməlidir. Mən kvota verməyin həm tərəfdarıyam, həm də deyiləm. Çünki kvota problemin mexaniki surətdə həlli deməkdir. Biz bu problemi həll etmək üçün əvvəlcə digər problemləri həll etməliyik. Azərbaycanda bu sahədə ciddi işlər görməyə hazırıq. Təhsil və səhiyyəsektorunda çalışanların 70 faizini qadınlar təşkil edir. Bu gün bizdə qadın nazir yoxdur. Mən qəbul edirəm ki, bu, düzgün deyil. Qadın nazirin olması üçün şərait var. Bu gün üçün bizi qane etməyən məsələlərin gələcəkdə dəyişəcəyinə ümid edirik. İqtisadiyyatın müxtəlif sahələrində nə qədər çox qadın çalışırsa, o qədər milli dəyərlər yaranacaq, qorunacaq, inkişaf edəcək. Bu gün Azərbaycanda 5 milyon kişi, 5 milyon qadın var. Avropa ona görə Asiyadan irəlidədir ki, dəyər yaradanlar çoxdur. Dəyər yaradanlar da qadınlardır. Avropada qadınların yüksək faizi çalışır". (salamnews)

Xəbər xətti