Qurban Qurbanov: "O sözləri Fatih Terim deyib, mən demərəm" - MÜSAHİBƏ

12:21 - 5 İyun 2017 - İDMAN

 "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanovun "Report"a müsahibəsi

"Anam birinci azarkeşim idi"

- Əslində bu müsahibə aprelin 18-də - 45 yaşınız tamamlandıqdan və çempionluğu təmin etdikdən sonraya təsadüf etməli idi. Amma qəfil xəbər söhbətimizi ayyarım sonrayadək təxirə saldı...
- Əlbəttə, həyatda ən dəyərli varlığımızı itirdik. Ana hamı üçün qiymətsizdir və onun əvəz olunması mümkün deyil. Sadəcə, hamımız belə hallara hazır olmalıyıq. Gərək insan hər şeyi sağlığında doğru-düzgün etməyə çalışsın. Hamımızın yeri sonda haqqın dərgahıdır. Ana elə bir varlıqdır ki, onun haqqında günün 24 saatını belə danışsaq, bəlkə də az olar. Amma biz bu itki ilə barışmalıyıq. Çünki təkcə bizim yox, çox insanın anası, valideyni dünyasını dəyişib. Nə qədər çalışsan da, yaddan çıxmaz. Nə etməli? Həyat davam edir, biz də işimizi davam etdirməli, verilən tapşırığı düzgün yerinə yetirməyə çalışmalıyıq. Həqiqətən də anam birinci azarkeşim idi.


- Bir ay ərzində əvvəlcə 45 yaşınız tamamlandı, ardınca çempionluq, sonra isə ana itkisi...
- Bunu normal qarşılayıram. Hansısa gün baş verməli idi, həmin günə təsadüf etdi. Mənim üçün ad günü, çempionluqdan daha önəmlisi ana idi. Şükürlər olsun ki, bu vaxtadək birgə olduq, birgə yaşadıq. Çempionluq elədir ki, onu geri qaytara bilərik, ad günü hər il olur və ya olmaya bilər, ana isə, belə deyək, birdəfəlik gedir. Ona görə də bunları bir-biri ilə yan-yana qoymaq istəməzdim. Allah rəhmət eləsin!


"Düşündüyümüz transferlər hələ baş tutmur"

- Ötən mövsümü yenə qızıl "dubl"la başa vurdunuz. Rəqabətsizlik mühitini nəzərə alaraq, bu nailiyyətin asan başa gəldiyini düşünmürsünüz?
- Düşünmürəm ki, asan oldu. Asan heç nə yoxdur. Ümumiyyətlə, insanın bir uğuru növbəti il təkrarlaması daha çətin olur. Çünki sənə qarşı daha diqqətlə, daha məsuliyyətlə yanaşırlar. O cümlədən, biz özümüz bu gün uğur qazanmışıqsa, gələn il təkrarlamağa çalışırıq. Belə olduğu halda, istər-istəməz həyəcan da yaranır, ehtiyatlanırıq da... Bəli, əvvəlki illərdə daha güclü komandalar, daha böyük rəqabət var idi. Amma bu il də son anadək rəqabət oldu. Yəni, nə çempionluq, nə də kubok bizə asan başa gəldi.


- Amma zaman-zaman gərginliklər oldu...
- Bəli. Mövsümün ilk yarısında da, qış fasiləsindən sonra da gərginlik yaşandı.


- Gözləmək olardı ki, "İnter" "Qarabağ" - "Qəbələ" rəqabətindən yararlanaraq, irəli çıxsın...
- "İnter" sonadək bizi izlədi və çempionatı ilk "3-lük"də başa vurdu. Baxmayaraq ki, son aylar bu klubda problemlər var idi. Amma rəqabət daha çox bizimlə "Qəbələ" arasında oldu.


- "Qarabağ" və "Qəbələ"nin xal itirdiyi oyunlar da oldu. Amma bu zaman xüsusən "İnter" fürsətdən istifadə edə bilmədi. Sanki bütün komandalar çempionun ya "Qarabağ", ya da "Qəbələ" olacağı reallığı ilə barışmışdılar...
- Mən belə düşünmürəm. Çünki biz xal itiririksə, digər komandaların da xal itirmə ehtimalı var. Onlar da ya bizimlə eyni vaxtda, ya əvvəlki, ya da sonrakı turda xal itirirdilər. Bu səbəbdən, belə hallar baş verirdi. Amma "İnter" yalnız çempion bilindikdən sonra düşündü ki, ilk 2 yeri tuta bilməz. Xüsusən də bizə IV dövrənin sonlarında məğlub olandan sonra. Amma əvvəlki 3 dövrədə "İnter"ə 2 dəfə uduzmuş, 1 dəfə heç-heçə etmişdik. Yalnız son oyunda qələbə qazandıq. "İnter" bizim üçün çox ciddi rəqib idi.


- Artıq yeni mövsümün hazırlıqlarına başlasanız da, cəmi bir futbolçu - "İnter"dən Abbas Hüseynovu heyətə cəlb etmisiniz. Yeni transferlərlə bağlı vəziyyət nə yerdədir?
- Hələ yeni futbolçularla anlaşmamışıq. Heç öz futbolçularımızı əlimizdə saxlaya bilmirik. 8 oyunçumuz əsas, 3-ü 21 yaşadək futbolçulardan ibarət, İbrahim Şehiç isə Bosniya və Herseqovina yığmasındadır. Çempionlar Liqasına hazırlaşırıq, amma əlimizdə əsas heyətin 3-4 futbolçusu var, qalanları isə aşağı yaş qruplarından ibarət komandalarımızdandır. Düzdür, onlar da məşq baxımından geri qalmayacaqlar. Amma iş orasındadır ki, bizim əlimizdə deyillər. Çempionlar Liqası elə bir turnirdir ki, hamımızın daha çox birgə olması vacibdir. Yəqin ki, iyunun 20-dən hamı bir yerə toplaşacaq. Digər tərəfdən, düşündüyümüz transferlər hələ baş tutmur. Çünki klubları və futbolçuların özləri ilə bir araya gələ bilmirik. Olduqları ölkələrdə çempionatlar davam edir və ya yenicə başa çatıb. Üstəlik, istədiyimiz futbolçuların müqavilələri qüvvədədir. Həmin anlaşmaları pozmaq, klubların özləri ilə danışıq aparmaq sarıdan işimiz o qədər də yaxşı getmir. Amma yenə də bu istiqamətdə səylərimizi davam etdiririk, axtarışdayıq. Digər variantlarımız da var. Lakin hələlik əlimizdə olan oyunçu yoxdur.


- Niyə məhz müqaviləsi olan oyunçulara üstünlük verirsiniz?
- Üstünlük vermirik, sadəcə, təklif edirlər və biz də daha çox onları bəyənmişik.


- Amma belə futbolçuların xərci azad agentlərdən daha çox məbləğə başa gəlir...
- Təbii ki, yaxşı futbolçunun xərci çox olmalıdır. Amma digər tərəfdən, müqaviləsi bitən futbolçular da çox azdır. Ona görə də hələlik məsələ açıq qalıb.

Xəbər xətti