Qonşusunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib - Bakıda

11:31 - 30 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Bakı Apellyasiya Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, K.Bağırovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, ötən ilin dekabrında Binəqədi rayonu ərazisində 32 yaşlı Bağırov Kamran Vahid oğlu, 29 yaşlı Rüstəmov Cümşüd Əsəddulla oğlunu bıçaqlayaraq qətlə yetirib. K.Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Bu il avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xəbər xətti