E.ə II minilliyə aid türk yazı nümunəsi

18:58 - 22 Sentyabr 2016 - KİVDF

Azərbaycan qədim türk yazı sisteminin formalaşaraq yayıldığı ilkin ərazilərdən biridir
 
Son dövrlərdə Azərbaycandan tapılan çoxsaylı yazı nümunələrinin  təhlil və oxunuşu ölkəmizin yerləşdiyi bölgənin, elm aləmində ilk dəfə tapıldığı yerin adı ilə “Orxon-Yenisey” yazıları adlandırılan qədim türk yazı sisteminin formalaşaraq, bütün Avrasiya məkanına yayıldığı ilkin ərazi olduğunu söyləməyə əsas verir. Bu baxımdan tərəfimizdən elm aləminə təqdim edilən “Ciroft yazısı”, “Zaqatala yazısı” “Nüvədi yazısı”, “Manna yazısı”, Midiya yazısı”, Cəlilabaddan tapılan yazı, “Mingəçevir yazıları” kimi çoxsaylı epiqrafika nümunələri deyilənlərə ən gözəl və əyani misallardır. Bu günlərdə surətini əldə etdiyimiz və İran məbuatında eynən “Midiya yazısı” kimi “Əhəməni yazısı” olaraq təqdim edilən daha bir möhür, daha doğrusu onun gilbasması üzərində həkk edilmiş təsvir və 5 işarəlik qısa yazı yuxarıda söylənilən fikri təsdiqləmək və qüvvətləndirmək baxımından xüsusi önəm daşımaqdadır. Təqdim edilən şəkildən də göründüyü kimi, Türkiyənin Kappadokiya vilayətindən tapılmış bu möhürdə əlindəki bıçaqla qanadlı bir mifik (demonik) məxluqu qətlə yetirən insan təsvir olunmuşdur. Onun başında tac olması bu şəxsin hökmdar olduğunu düşünməyə əsas verir. Bu motiv çox qədim köklərə malikdir və onun izlərinə qədim Şumer və Elam mədəniyyətlərində də rast gəlinməkdədir. İnsanın mifik-demonik məxluqu qətlə yetirməsi səhnəsi sonrakı minilliklərdə də Yaxın və Orta Şərq incəsənətində, o cümlədən Manna və Midiya sənət nümunələrində, eləcə də sonrakı dövrlərdə Əhəməni incəsənətində tez-tez rast gəlinən motivlərdəndir.
Haqqında söhbət açdığımız gilbasma üzərindəki təsvirin önəmi ondadır ki, onu 5 işarəlik bir yazı müşayiət edir. İran məbuatı “Midiya yazısını” arami mənşəli yazı nümunəsi adlandırdığı kimi, bu yazını da Əhəmənilər dövrünə aid edir. Fəqət arami əlifbası məlumdur və buradakı işarələrin sözügedən əlifbanın işarələri ilə müqayisəsi bu iddianın həqiqəti əks etdirmədiyini göstərir. Əvəzində isə eynən “Midiya yazısında” olduğu kimi, buradakı işarələrin də “Orxon-Yenisey” əlifbasının işarəlri ilə tam üst-üstə düşdüyünü müşahidə edirik. Sözügedən işarələrin qədim türk işarələri ilə müqayisəsi buradakı  yazının əski türk yazısı olduğunu və burada sağdan sola sıra ilə “l”, “t”, “ş”, “r” və “nq” (sonor “n” // səğir “nun”) səslərini ifadə edən işarələrin qeyd edildiyini söyləməyə əsas verir. Yəni sözügedən işarələrin hamısı samit səslərdir. Odur ki, bu təsvir və yazının erkən Manna dövrünə, bəlkə də daha əski çağlara, yəni sait səslərin yazı sistemlərində hələ işlədilmədiyi dövrə aid olduğunu birmənalı şəkildə söyləyə bilərik.
İlk baxışdan adamda elə bir yanlış təsəvvür yarana bilər ki, burada sadəcə bir söz yazılıb. Lakin nəzərə alsaq ki, 5 samit səs ən azı 5 sait səs tələb edir, deməli əslində yazı ən azı 10 fonetik səsi ifadə edir, burada ən azı iki sözün yazıldığını söyləyə bilərik. Madam ki, burada ən azı iki söz yer alıb və sözlər “Manna yazısı”ndan fərqli olaraq biri-birindən şərti işarələrlə ayrılmayıb, eynən “Nüvədi yazısı”nda olduğu kimi bitişik yazılıb, onun ən azı e.ə. II minilliyə aid olduğunu çəkinmədən söyləmək olar. Şübhəsiz ki, buradakı yazının məzmunu təsvirin məzmunu ilə üst-üstə düşməlidir. Belə olan halda isə, yazı ya demonik məxluqu məhc edən “şahı” mədh etməlidir, ya da sözügedən mifik məxluqun məhvinə həsr olunmalıdır. Yazının oxunuşunu gerçəkləşdirərkən biz ilk öncə ikinci variantın üzərində dayanmağı lazım bildik. Bu seçimi edərkn aşağıdakı məntiqdən çıxış etdik: 1.Yaxın və Orta Şərqdən tapılan və hər hansı bir hökmdarın qəhrəmanlığını mədh edən təsvirlərin, demək olar ki, hamısında hökmdar ya şir, ya dağ keçisi, ya da qaban ovlarkən təsvir edilir və o, hədəfi bir qayda olaraq, oxla vurur. Əksər halda day a at arabasında, ya da at belində təsvir edilir. Burada isə “qəhrəman” piyadadır və qətl aləti kimi bıçaqdan istifadə edir.   2.Hökmdarların mədh edildiyi bütün təsvirlər ən kamil ustalar tərəfindən düzəldildiyi üçün onların hər biri yüksək sənət nümunəsidir. Bizim təsvir isə yüksək sənət nümunəsi hesab edilə və hökmdarı mədh etmək üçün onun sifarişi ilə hazırlanan sənət əsərinə qətiyyən bənzəmir. 3.Təsvir primitiv hazırlandığından və orada ox atma səhnəsi olmadığından, eləcə də qətl aləti kimi bıçağın təsvir edilməsi səbəbindən təsvirin məqsədinin hökmdarı mədh etmək yox, demonic məxluqun məhvini qabartmaqdır. Çünki bıçaq qədim türk mifoloji təsəvvürlərində iynə, sancaq, şiş, balta və digər dəmir alətlərlə yanaşı şər ruhlardan qorunmaq vasitəsi hesab olunur. F.Bayat qədim türk mifologiyasından söhbət açarkən qeyd edir ki, əski türklərin, o cümlədən “yakut türklərinin mifik təsəvvürlərinə görə, dəmirçiliyin və şamanların hamisi olan Kuday Baksı eyni zamanda həm də dəmirçilərə və şamanlara şər ruhları qovmaqda kömək edir”.
C.Bəydili körpə uşaqlara ziyan vurduğuna inanılan “şeşə” adlı demonik varlıqdan söhbət açaraq, metal əşyanın, məsələn, iynənin magik xüsusiyyətini də qeyd edərək yazır: “Şeşə vurduğu uşağı boğazından vurur. Gəlib uşağa zərər verməsin deyə uşağın yanında onun adını söyləməzlər ve cocuğun bələyinə iynə sancarlar”. A. Küçük isə yeni doğan qadınları şər ruhdan qorumaq üçün dəmirdən istifadə edildiyini diqqətə çatdıraraq yazır ki, “imkan daxilində tək buraxılmayan zahı, başı üstünə qoyulan Quran, kişi geyimi, dəmir, və s. sayəsində qorunmağa çalışılarkən, körpənin ən önemli qoruyucusu kimi də Umay Ana çıxış etmimişdir”.
Nasırınin yazdığına görə, qədim türklər hamilə qadını şər ruhlardan qorumaq üçün dəmir tava və ya qazanı döyəcləməklə səs-küy salar və bu yolla demonik varlıqları uzaqlaşdırdıqlarına inanardılar. Xristolyubov bildirir ki, teleut türkləri şər ruhları qovmaq üçün dəmir qazanları çəkiclə döyəcləyərək hay-küy qoparardılar. N.Həkimova yazır ki, “əski türklər doğuşun uzanmasının səbəbini qeyb aləminin təsiri ilə əlaqələndirirdilər. Doğmaq üzrə olan qadını bu kənar təsirlərdən qorumaq üçün onun yanına bıçaq və ya digər metal əşyalar, sarımsaq dilimləri və Qurani-Kərimdən seçilmiş surə və ayələr qoyar, doğuşun asan keçməsi üçün nəzər duası oxuyardılar”. Deyilənlərə Azərbaycan etnoqrafiyası kitabının III cildində yer alan aşağıdakı cümləlri də əlavə etmək lazımdır: “… Azərbaycanlıların arxaik təsəvvürlərinə görə, dəmir şər qüvvələrlə mübarizədə daha çox təsirli vasitə hesab olunurdu. Cin və şeytanların metal alətlərin səsindən bərk qorxduqlarına da böyük inam var idi. Ona görə də gecələr evdən çıxanda özləri ilə metal əşya götürərdilər… Azərbaycanlıların inanclarına görə, ev-ocağı bədnəzərdən qorumaq üçün qapının üstünə və narahat yatan uşağın balışının altına iti metal əşyalar qoyulurdu. Günəş tutulması zamanı metal qab-qacağı bir-birinə vurardılar. Bu yolla metal əşyalar ilə şər qüvvələri uzaqlaşdırardılar”.
Bu kimi misalların sayını istəniln qədər artırmaq olar. Sadaladığımız bu faktlar da haqqında söhbət açdığımız təsvirin, deməli, həm də yazı nümunəsinin dəmirin magik gücünə inanılmağa başlandığı ilkin dövrlərə, yəni Dəmir dövrünün başlanğıcına (e.ə. II minilliyə) aid olduğunu söyləməyə daha bir əsas verir. Deməli, sait səslərin hələ yazılmadığı və sözlərin bitişik yazıldığı dövrdə, yəni e.ə II minillikdə qələmə alınmış bu yazı hansısa hökmdarın mədhi yox, şər ruhun şaman tərəfindən məhv edilməsi ilə bağlı ola bilər. Bu məntiqdən çıxış edərək və mətnin iki sözdən ibarət olduğunu qəbul edərək, onlardan birinin qətl, yəni öldürmə (məhv etmə) hadisəsi ilə bağlı ola biləcəyini düşündük. Nəzərə alsaq ki. yazının ilk hərfi “l” səsini ifadə edir və “öl(mək)” kəlməsində bu səs işlənir, bu halda birinci sözün üzərində durmağı lazım bildik. “Qədim Türk Lüğətini” (Drevnetörkskiy slovarğ) açaraq tərkibində “l” səsi ilə yanaşı yazıda ikinci yerdə gələn “t”səsinin birlikdə işləndiyi söz axtarmağa başladıq. Bunun üçün fərqli-fərqli saitlərin işləndiyi sözləri gözdən keçirdik və axtardığımızı 384-cü səhifədə tapdıq. Burada birinci mənası “haldan düşmüş”,  ikinci anlamı isə “qətl”, “öldürülmə”, “məhv edilmə” olan “ölüt” sözünə rast gəldik. Məlum oldu ki, həmin kəlmə eyni anlamda M. Kaşğarlının “Divan”ından götürülərək dözügedən lüğətə daxil edilmişdir.
Deməli, yazıdakı birinci söz sadəcə “l” və “t” hərfləri ilə ifadə edilmiş “ölüt” (qətl, öldüülmə, məhv edilmə) kəlməsidir. Belə olan halda ikinci söz öldürülən obyektin, yəni demonik məxluqun adı ola bilərdi. Belə düşünməyə bizə həm də yazının sonundakı “nq” (sonor “n”)  hərfi də əsas verirdi. Çünki bu hərf daha çox şəkilçilərin, o cümlədən yiyəlik hal şəkilçisinin tərkibində işlənir. Qərara gəldik ki, yazıdakı 3 və 4-cü yerdə gələn “ş” və “r” hərflərinin yer aldığı ikinci kəlmə öldürülən demonik məxluqun, yəni şər ruhun adı ola bilər. Odur ki, Türk mifologiyasına aid sözlük, lüğət və ensiklopediyalara nəzər salıb tərkibində “ş” və “r” səslərinin yer aldığı adı axtarmağa başladıq. Lakin bir nəticə əldə edə bilmədik. Axtardığımızı yenə də “Qədim Türk Lüğəti”ndə tapdıq. Burada, 212-ci səhifədə iki mənası olan “irşi” sözünə rast gəldik. Bu sözün mənalarından biri “paxıllıq və düşmənçilik”dir. Görünür, bu halda metateza hadisəsi, yəni eynən “kiprik // kirpik, toprak // torpaq sözlərində olduğu kimi samit səslərin yerdəyişməsi ilə üz-üzəyik. Yəni: irşi // işri. Deməli, ikinci söz “irşi // işri (paxıllıq və düşmənçilik) sözüdür. Axırdakı “nq” hərfi isə yiyəlik hal şəkilçisidir (-inq). Kəlmə belə oxunmalıdır: işriinq // irşiinq (yəni “paxıllıq”+ın və “düşmənçilik”+in = paxıllığın və düşmənçiliyin). Madam ki, ikinci söz yiyəlik halındadır, o zaman birinci söz mütləq adlıq halında deyil, təsirlik halında olmalıdır. Yəni “ölüt” kimi deyil, “ölütü” (ölüt”+ü) kimi oxunmalıdır.
Yuxarıda deyilənlərdən çıxan nəticə bunlardır: 1.Mətndə “Ölütü İşriinq” (paxıllıq və düşmənçiliyin öldürülməsi, məhv edilməsi) yazılıb və bu halda söhbət paxıllıq və düşmənçiliyin mücəssiməsi, yəni simvolu kimi çıxış edən şər ruhun, başqa sözlə demonik məxluqun öldürülməsindən gedir. 2.Təsvirdəki adam düşündüyümüz kimi hökmdar yox, şamandır. Çünki əski türk mifologiyasında şər ruhlara qarşı mübarizə şamanların vəzifəsidir. 3.Üzərində təsvir və yazı olan gilbasma magik xarakterlidir və insanları paxıllıq və düşmənçilik toxumu səpən şər ruhlardan qorunmaq məqsədi daşıyırmış, yəni bir növ, göz muncuzğunun (nəzər muncuğunun) oynadığı funksiyanı yerinə yetirirmiş. Daha dəqiq ifadə esək, qoruyucu amulet imiş.
P.S. Yazda ikinci yerdə gələn və “t” kimi oxuduğumuz işarə bir qədər fərqli yazıldığından “Orxon-Yenisey” əlifbasındakı “nç” qoşa səsini ifadə edən hərfə də çox bənzəyir. Əgər həmin işarə “t” deyil, “nç” hərfidirsə, o zaman “ölütü” kəlməsini “ölünçü” kimi oxumaq (ölünçü erşiinq) və mətni “paxıllıq və düşməçiliyin məhv edilməsi” kimi deyil, “paxıllıq və düşməçiliyin məhvi, ölümü” kimi tərcümə etmək lazım gələcək.

Bəxtiyar Tuncay 

 

Xəbər xətti