Tiflis Müsəlman Əmirliyi- Azərbaycan dövləti

19:16 - 10 Avqust 2016 - KİVDF

Dominant rolunda türklər-azərbaycanlılar, yəni əcdadlarımız idi

Borçalıda ərəblər ilk dəfə 642-643-cü illərdə göründü. Ərəb tarixçisi Tabarinin məlumatına görə, ərəb ordusu Xabib ibn Maslamın rəhbərliyi altında Tiflisi və ətraf əraziləri tutdu və sakinlərə təhlükəsizlik və ya «müdafiə fərmanı» verdi. Ərəblərin bu yürüşü 644-645-ci illərə təsadüf edir. Onlar artıq 654-cü ildə Borçalını, həmçinin Zaqafqaziyanın böyük bir hissəsini xəlifəliyin torpaqlarına qatdılar. Ərəb hakimiyyəti dövründə Ərəbistandan yeni fəth edilən Qafqaz əyalətlərinə, o cümlədən Borçalıya islamiyyəti yaymaq üçün müsəlmanlar köçürüldü. Türk alimi Dr. O. Yeniaraz həmin dövrdə Borçalıya yerləşdirilən bir qrup ailənin Həzrəti Həmzə soyundan olduğunu və o vaxt bölgənin Tərki-Məkkələr adlanan həmin ailələrin nümayəndələrinin idarə etdiyini yazır. Xatırladım ki, Məhəmməd peyğəmbərin (s) Məkkədən Mədinəyə Hicrət olayı sırasında Məkkəni tərk edənlərə Qafqaz müsəlmanları Tərki-Məkələr deyirdilər. Amma sonradan bir müddət ərəblər bu ərazilərdən çəkilməli oldular. Buna səbəb xəlifəlikdə daxili müharibələrin başlaması idi və bu müharibələr I Müaviyyə (661-680). hakimiyyətə gələnədək davam etdi. Aydındır ki, həmin dövrdə başları daxili müharibəyə, hakimiyyət uğrunda mübarizəyə qarşan ərəblər bizanslar tərəfindən azad edilmiş bu ərazilərlə o qədər də maraqlanmırdılar. Yeni xəlifə Zaqafqaziyanın tabeliyindən ayrılmış ölkələrini tabe etmək üçün sərt tədbirlər görməli oldu. Ərəb ordusu yenidən indiki Şərqi Gürcüstan adlanan əraziyə yiyələndikdən sonra Tiflis şəhərini canişinliyin mərkəzinə çevirdilər. Tiflis əmiri əvvəlcə bütün Şərqi Gürcüstan əmirinə tabe idi. Sonralar ərəb xilafətinin zəifləməsi nəticəsində canişinliyin ərazisi Tiflis Müsəlman Əmirliyi ilə məhdudlaşdı. Onun ərazisinə Borçalı da daxil idi. Ərəblər zaman keçdikcə türkləşərək etnik kimliklərini itirdilər. Çünki onlar bu torpaqların sahibləri olan türk tayfaların əhatəsində idilər. Arıxlı bu müddət ərzində Tiflis Müsəlman Əmirliyinin ərazisində yerləşirdi və mühüm ticarət yolunun üstə idi. 
IX əsrdən etibarən isə Xilafət ərazisində əmirlərin müstəqillik uğrunda mübarizəsi başlandı. Əsirin ortalarında Tiflis əmiri Bağdada xərac ödəməkdən imtina etdi. Buna cavab olaraq Abbasilər Buğa əl-Kəbirin rəhbərliyi altında Tiflis Müsəlman Əmirliyinə cəza dəstəsi göndərməli oldu. Ərəb sərkərdəsi türk mənşəli olub bir çox hərbi əməliyyatlarda şöhrət qazanmışdı. Buğa əl-Kəbir 853-cü ildə şəhəri tutdu. Tiflisin Şüeybilər sülaləsindən olan əmiri Saak isə əsir götürülərək çarmıxa çəkildi. Şəhər tutulduqdan sonra müsəlman əmirliyinin xristian sakinlərinin bir hissəsi Abxaz çarlığına qaçdılar. Sərkərdə Buğa əl-Kəbir öz orduları ilə vilayətdən vilayətə keçərək, Dərbənd qapılarını açdı və Dmanisə ( Başkeçid) 3 min ailə köçürdü. Əgər nəzərə alsaq ki, bu dövrdə «darvazaların (Dərbənd nəzərdə tutulur ) o tayında şəhərləri olan bulqar türkləri yaşayırdı», onda bu köçürülənlərin də bulqarlar olmasına şübhə yeri qalmır. Şüeybilər sülaləsini Şeybani sülaləsi əvəz etdi. Bu sülalənin dövründə Dmanis əmirliyi Tiflis əmirldiyindən ayrıldı. Ərəblərin bütün səylərinə baxmayaraq Tiflis əmirliyi 80-ci illərdə müstəqilliyə nail oldu. Cəfərilər sülaləsi hakimiyyətə gəldi. Beləliklə, Tiflis əmirliyi dövründə hakimiyyət ardıcıl olaraq 3 nəslin (sülalənin) əllərində cəmləşmişdir; bunlar - Şüeybilər, Şeybanilər və Cəfərilər nəsilləridir. Bu əmirlik 654-cü ildən 1122-ci ilədək, təqribən 400 il mövcud oldu. O bir azərbaycan dövləti idi. Çünki əmirliyin ərazisində əsasən türklər yaşayırdı. Bu torpaqlar bizim doğma vətənimiz olub, olaraq da qalır. 
Səlcuq türklərinin Cənubi Qafqaza gəlişi isə Cənubi Qafqazda, o cümlədən Borçalıda İslam-Türk amilinin qəti şəkildə qələbəsi idi. Çünki həmin vaxt Borçalı boyu arasında az da olsa xristianlıq yayılmışdı. Səlcuq sultanı Alp Arslan Loru əmiri, qriqoriyan xristianlığı mənimsəmiş II Gurgenin qızı ilə evləndikdən sonra xristian borçalılar da islam dinini qəbul etdilər. XI əsrdə səlcuqlar Zaqafqaziyada hərbi əməliyyatları başladı. 1064-cü ildə Alp Arslanın rəhbərliyi ilə səlcuq ordusu Zaqafqaziyaya doğru irəlilədi. Səlcuq ordusu ilə gürcü ordusu Tiflis Müsəlman Əmirliyinin ərazisində, Arıxlı yaxınlığında qarşılaşdı və gürcü ordusu döyüş meydanından məğlub ayrıldı. Arıxlı türk qələbəsinin tarixi məkanı oldu. 
1071-ci ildə səlcuq ordusu Məzargit döyüşündə birləşmiş bizans, gürcü və erməni ordusunu ağır məğlubiyyətə uğratdı. Artıq 1081-ci ildə Gürcüstanın böyüyk bir hissəsi, o cümlədən istər Tiflis, istərsə də Dmanis əmirliyi səlcuqların ərazisinə daxil idi. «Onu da qeyd edim ki bu yaxınlarda Dmanis əmirliyinin ana qartal və ona sığınmış bala qartal gerbini tapdım. Biz bilirik k, Səlcuqların rəmzi iki başlı qartaldır. Gerbdə təsvir olunan balaca qartal Dmanis əmirliyi, sığındığı isə Böyük Səlcuk İmperiyasıdır»,- tarixiçi Kərəm Məmmədov müsahibələrin birində deyib.
Bəzi tarixçilər Alp Arslanın və onun varisi Məlik şahın sultanlığı dövründə (1072-92-ci illər) Borçalı və Qazax bölgəsinə türkmən (oğuz) topluluqlarnın yerləşdirildiyini bildirirlər. Göründüyü kimi bu torpaqlara yerləşdirilənlər yenə də türk mənşəli idi və burada onlar özlərini yad hiss etmirdilər. Çünki yerli əhali də türklər idi. Beləliklə, Tiflis yerli müsəlman əmirliyinin önəmli mədəni-dini mərkəzi olmaqla Azərbaycan dövləti idi. Gürcülər əmirliyin ərazisində çox az sayda olub, ciddi mövqeyə sahib deyildilər. Dominant rolunda türklər-azərbaycanlılar, yəni əcdadlarımız idi.
Əcdadlarımızın hakim olduğu bu Azərbaycan dövlətində çox məşhur alimlər yetişmişdi. Onlardan biri IX yüzilliyin sonları, X əsrin ortalarında yaşamış Əbu Səhl Əbdülmümin ibn Əli ibn Nuh ət-Tiflisi idi. O,  təkcə Ön Asiyada deyil, Mavərənnəhrdə də fəaliyyət göstərmişdir. Ensiklopedik biliklərə malik olan Əbdülmümin ət-Tiflisi dünya təbabət elminin məşhurlarından olan Əbu Əli ibn Sinanın müəllimi olub. Həmyerlimiz eyni zamanda astronomiya (nücum) elminin korifeylərindən sayılan Əbu Reyhan Məhəmməd ibn Əhməd Biruniyə elmi araşdırmalarında dəyərli məsləhətlər verib. 
Tarixçi Kərəm Məmmədli yazır: "Mənbələrin verdikləri məlumata görə Əbu Səhl Əbdülmümin ibn Əli ibn Nuh ət-Tiflisi öz tələbəsi Əbu Əli ibn Sina ilə birlikdə təqiblərdən qurtulmaq məqsədilə Xarəzmdən Həmədana qaçarkən yolda susuzluqdan ölüb. O, Xarəzmdən çıxmamışdan əvvəl öz xirqəsini suda islatmış və xirqəsindəki suyu sıxıb sevimli tələbəsinə içirtsə də özü susuzluqdan ölüb. Əbu Əli ibn Sina yolda susuzluqdan vəfat etmiş ustadını özü dəfn edib.r.
X əsrin əvvəllərində yaşamış, “Zəfərani” təxəllüsü ilə də tanınan Əbu İmran ət-Tiflisi isə yəhudi ilahiyyatçılar arasında böyük şöhrət qazanıb və daha çox yəhudi türklər arasında yayılmış olan karaimlər təriqətinin qurucularından biri olub. Məhz IX yüzillikdən başlayaraq şifahi Talmudu inkar edərək, yazılı Törəni üstün tutan yəhudi türklər karaim (karay ivrit dilində oxuyan,qiraət edən mənalarını verir) adlanmağa başladılar. Bəzi tədqiqatçılar isə karaim etnoniminin türk dillərində "adi, sadə camaat" mənasını verdiyini yazırlar. 
Alman tədqiqatçısı Z.Fleyşer karaim təriqətinin qurucusu Əbu İmran ət-Tiflisini “Börüçölülü” (Borçalılı) adlandırır. Hazırda sayları 2 min nəfərə çatan karaimlər dünyanın bir çox ölkələrində - Rusiyada, Ukraynada, Litvada, Polşada, Qazaxıstanda, Özbəkistanda, Türkiyədə və digər ölkələrdə yaşayırlar. Dilləri Türk dillərinin qıpçaq qoluna aid olunur və 3 dialektə ayrılır.
Borçalının orta əsrlərdə yaşamış alimləri içərisində XII yüzillikdə yaşamış Əbülfəzl Bədiüzzaman Kəmalüddin Hüseyn Hubeyş ibn İbrihim ibn Məhəmməd ət-Tiflisi xüsusi yer tutur. Tarıxçi Kərəm Məmmədli yazır: " Hübeyş ibn Tiflisi Azərbaycandan olan bir çox alimlər kimi Anadolu Səlcuq sultanı II Qılınc Arslan ibn Məsud (1155-1192) tərəfindən Ağsaraya dəvət edilib. Müxtəlif elm sahələri - filologiya, astronomiya (nücum), tibb, kimya və s. ilə məşğul olan alim ərəb və fars dillərinin qrammatikası sahəsində 1150-ci ildə “Qanun-il ədəb”, nücum (astronomiya) sahəsində “Mədhal ilə ilmin-nücum”, “Bəyan ün-Nücum” , tibb sahəsində “Kifayət ət-Tibb”, “Sihhat ül-Əbdən” adlı əsərlərlə yanaşı, habelə təfsirlə bağlı fundimental əsərlər və kiçik hekayələr yazib. Onun yuxuyozmaya həsr olunmuş “Kamil üt-Təbir” əsəri XVI əsrdə Xızır ibn Əbdülhadi əl-Bəvazici tərəfindən Azərbaycan dilinə tərcümə olunub. 
Hübeyş Tiflisinin zənnincə oxlar düzəldilərkən hədəfi düzgün vurmaları üçün onlar içərisinə maqnit (ahanrüba) salınmış suda tablanmaları tövsiyə edilirdi". 

Xəbər xətti