Sabah dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr yekunlaşır.
Ucnoqta.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, müsahibələr mayın 12-də başlamışdı.
Dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi ərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla, azı 20 dəqiqə müddətində keçirilir. Müsahibədə şagirdin dinləyib-anlama bacarığı, rabitəli danışma bacarığı, söz ehtiyyatı, hərf və səsləri anlama və tələffüz etmə, danışma bacarığı, yazı bacarığı yoxlanılır. Müsahibədən 12 və daha çox bal toplamış uşaq (şagird) müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.
Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində ərizəçinin elektron kabinetinə göndərilir.. Ərizəçiyə kənar müdaxilələr etmədən müsahibə prosesini izləməyə icazə verilir. Üzrlü səbəblərdən (rəsmi sənədlə təsdiq edildiyi halda – bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və (və ya) ərizəçinin müalicəsi, ərizəçinin xidməti ezamiyyədə olması) I sinfə qəbul üzrə müsahibədə iştirak etməyən uşaqlar üçün müsahibələr cari ilin avqust ayında təşkil olunacaq.