Bəzi meşələrdə yaşıllıqlara ziyan vuran zərərvericilər yayılıb - ETSN

15:29 - 1 Sentyabr 2025 - ÖLKƏ İÇİ

Son zamanlar ölkənin bəzi meşə ərazilərində yaşıllıqlara zərər vuran Amerika ağ kəpənəyi (Hyphantria cunea) və Qəhvəyi mərmər bağacığı zərərvericilərinin (Halyomorpha halys) yayılması halları müşahidə olunur. 

Ucnoqta.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

Onun sözlərinə görə, zərərvericilərin yayılmasının və sağlam ağaclara keçməsinin qarşısını almaq məqsədilə hazırda aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir, meşələrdə müşahidə və monitorinqlər aparılır, kimyəvi və mexaniki mübarizə üsullarından istifadə edilir:

"Aparılan müşahidələr göstərir ki, bu zərərvericilər təkcə meşələrə deyil, həm də kənd təsərrüfatı bitkilərinə ziyan vurur, məhsuldarlığın azalmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur".

V.Fərzəliyev qeyd edib ki, Amerika ağ kəpənəyi ağacların yarpaqlarını qısa müddətdə məhv etməklə onların inkişafını zəiflədir. Qəhvəyi mərmər bağacığı isə xüsusilə fındıq, qoz və meyvə ağaclarına zərər verərək həm məhsuldarlığı azaldır, həm də ağacların xəstəlik və digər zərərvericilərə qarşı müqavimətini zəiflədir.

Xəbər xətti