Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr təşkilatın İnkişaf Bankının yaradılması barədə qərar qəbul ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ŞƏT-in Tyantszin sammitinin yekunları üzrə qəbul edilmiş bəyannamədə deyilir.
“Maraqlı üzv dövlətlər ŞƏT İnkişaf Bankının yaradılmasının vacibliyini bir daha təsdiq edərək, onu yaratmaq və bu maliyyə institutunun fəaliyyəti ilə bağlı bir sıra məsələlər üzrə məsləhətləşmələri intensivləşdirmək qərarına gəliblər”, - sənəddə deyilir.
Təşkilat üzvləri inkişaf etməkdə olan ölkələrin beynəlxalq maliyyə institutlarında, o cümlədən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondunda təmsilçiliyinin artırılması və rolunun artırılmasına yönəlmiş beynəlxalq maliyyə arxitekturasının islahatlarını dəstəklədiklərini bəyan ediblər.
ŞƏT dövlətləri bəyannamədə təşkilat məkanında iqtisadi artımın təşviqi üçün maliyyə sektorunda əməkdaşlığın mühüm rolunu qeyd ediblər. Qarşılıqlı hesablaşmalarda milli valyutaların payının mərhələli şəkildə artırılmasına dair yol xəritəsinin daha da həyata keçirilməsinin vacibliyi də vurğulanıb.///tass