2 Fevral - Gənclər Günü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Qax rayonunda şimal-qərb bölgəsinin təhsil müəssisələrində çalışan bir qrup gənc təhsil işçiləri ilə görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, Qax rayonunda təşkil olunmuş tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının şimal-qərb bölgəsində fəaliyyət göstərən komitə sədrləri və bir qrup gənc müəllimlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova gənc müəllimləri təbrik edərək, 2 Fevral Gənclər Gününün tarixindən bəhs edib. Hər il 2 fevralın ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyini söyləyən idarə müdiri Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. G.Mahmudova, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.
Daha sonra Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Vurğulanıb ki, bu günün təntənə ilə qeyd edilməsi Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Digər çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində görülən işlərdən, bilavasitə gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıblar, təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik ediblər.
Sonda gənc müəllimlərin çıxışları dinlənilib, nailiyyətləri ilə fərqlənən gənclərə Fəxri Fərman və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, şimal-qərb bölgəsində fəaliyyət göstərən təhsil müəssisələrində ümumilikdə 12871 nəfər pedaqoji heyət çalışır. Onlardan 2041 nəfəri 35 yaşadək olan müəllimlərdir ki, bu da regionun ümumi pedaqoji heyətinin 16%-ni təşkil edir.