"Bu oyunun qazananı yoxdur. Pisdən daha pisimi seçək? Çünki Vikipediya idarəçiliyi məsələsində seçimlər arasında yaxşısı yoxdur. Bu bütün ölkələrdə belədir."
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib. Elvin Abbasovun sözlərinə görə, Vikipediya milli hisslərlə, patriotizmlə idarə olunmur: "Əgər ölkədə bu vəziyyət davam etsə, güman ki, Vikipediya fond bütün inzibatçıları və bürökratları azad edəcək və nəzarəti öz əlinə alacaq. Əgər bu baş versə və Azərbaycanca Vikipediya fondun nəzarətinə keçsə, bundan sonra nə baş verə biləcəyini heç düşündünüzmü? Bu sadəcə fəlakət olacaq! *
Mütəxəssisin bildirir ki, Azərbaycanlı gənc vikipediyaçıların əziyyəti boşa gedəcək və həssas mövzular ilə bağlı bir çox məqalələrimiz BMT-nin qaydalarına əsasən və ya beynalxalq akademik məqalələrə istinadən redaktə olunacaq:
"O zaman nə yüksək vəzifəli rəsmi şəxslərin məqalələrini qoruya, nə də "Qondarma Dağlıq Qarabağ" məqaləsindəki "qondarma" sözünu orada saxlaya biləcəyik. Hətta "Xocalı soyqırımı" ifadəsinin "soyqırım" hissəsini beynalxalq akademik məqalələri əsas getirərək çıxaracaqlar və "Xocalı faciəsi" edəcəklər. Vikipediya fondun nəzarətinə keçərsə, əsil düşmənlər, yəni, ermənilər və erməni diasporası ilə əlaqəli ermənipərəstlər rahatlıqla orada öz çirkin əməllərini həyata keçirəcəklər.
Bunların olmasını hansı səbəblər yaradar deyə düşünürsünüzsə, cavab verim. Mən bilən, bütün ictimai zorakılığa və ictimai linçə məruz qalanlar artıq Vikimedia Fonduna şəxsi məlumatlarını yayan Vikipediyaçıları şikayət ediblər.
Azərbaycanca vikipediya Vikimedia Fondunun nəzarətinə kecməməlidir! İctimai linçi dayandırmaq lazımdır!
ALLAH vətən yolunda, torpaq uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlər mövzusu çox həssasdır və kaşki bu yol seçilməsəydi. Şəhidlərin adları Vikipediyadan silinməyib, siyahılaşdırılır. Bu, ilk şəhid məqalələri yaradılandan bəlli idi. O məqalələrin bir çox hissəsini yaradan elə indi ictimai zorakılığa məruz qalan və ictimai linç edilən gənclərdir. İllərlə Azərbaycanca Vikipediyanı zənginləşdirən gənclərin əməyi heçə sayılır. Hansı ki həmin Vikipediya məqalələri əsasında bir çox internet resursu və "memorial.az", "unudulmazlar.az" kimi şəhidlərimizlə bağlı sayt yaradıldı.
Vikipediyada isə yuxarıda qeyd etdiyim kimi qaydalara uygun olaraq, şəhidlərimizi əhatə edən təkmilləşdirilmiş siyahılar hazırlanır.
Dünən ictimai şəxslərin bir çoxu sosial şəbəkələrdə və və ayrı-ayrı media orqanlarında vikipediyaçı gənclərin şəkillərinin yayılmasına səbəb oldu.
Təqsirsizlik prezumpsiyasına əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir.
Təəssüf ki, ictimai şəxslər və media qurumları "Təqsirsizlik prezumpsiyası" və "Fərdi məlumatların qorunması" beynalxalq hüquq prinsiplərini pozdular.
Bu bir neçə gün ərzində medianın mənə sualları bu idi ki, Hökümət niyə nəzarət etmir, cavab çox sadədir, heç bir ölkədə Vikipediyaya dövlət tərəfindən nəzarət edilmir. Bu qaydalara ziddir.
Məsələn, elə 1 milyard yarım əhalisi olan Çini götürək. Niyə orada hələ də Vikipediya bağlıdır? Çünki Vikipediya Çin hökumətinin şərtini qəbul etmədi.
Türkiyədə Vikipediya illərlə bağlı qaldı və heç bir şərtləri qəbul edilmədən blokdan çıxarıldı.
Rusiyada isə Vikimedia Fondunun rəsmi nümayəndəsinin dövlətlə yaxın əlaqəsi olduğu aşkarlanan kimi həmin şəxs fond tərəfindən dünya üzrə bütün vikipediyalarda bloklandı.
İngiliscə Vikipediyada ABŞ- nin keçmiş prezidenti Donald Tramp hakimiyyətdə olarkən haqqında nələr yazılmışdı.
Bəs o zaman niyə Vikipediyanı əngəlləyə bilmədilər?!
Başa düşməliyik ki, Vikipediya beynəlxalq platformadır və heç bir ölkənin tələbini və müdaxiləsini qəbul etmir.
Vikipediya oyuncaq deyil, beynəlxalq əhəmiyyətliliyi olan internet resursudur. Google, Meta, OpenAİ və bunlar kimi bir çox şirkətlərin qidalandığı nəhəng platformadır. Buraya ABŞ- də daxil olmaqla heç bir ölkə təzyiq edə bilməz. Platformanın öz qaydaları var və heç bir ölkənin milli mənafeyini qorumur. Eyni zamanda heç bir ölkənin nəzarətində deyil.
Azərbaycanca Vikipediyanın ölkəmiz üçün kifayət qədər əhəmiyyəti var. Bunu yuxarıda detallarla sadaladım.
Bu nüansları nəzərə alaraq, son bir neçə gündür davam edən mübahisədə iştirak edən bütün tərəfləri qarşılıqlı ittiham və təhqirləri dayandırmağa, soyuqqanlı şəkildə və təmkinlə problemdən çıxış yolu axtarmağa çağırıram. Əks halda uduzan sadəcə Azərbaycanca Vikipediya olacaq."