Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanları təbliğ olunacaq

11:35 - 6 Sentyabr 2024 - Cəmiyyət

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə tabe məktəblərin şagirdləri arasında Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı maarifləndirmə aparacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat verən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihənin əsas məqsədi Vətən Müharibəsi Qəhrəmanları barədə  məktəblilər arasında məlumatlandırma aparmaqla torpaqlarımızı işğaldan azad edən qəhrəmanları gənc nəslə tanıtmaqdır. 2 ay müddətində icra olunacaq “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunacaq. 

Layihə çərçivəsində 44 günlük Vətən Müharibəsi zamanı şəhid olan, igidlik və mərdlik nümayiş etdirib “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən 34 nəfər, 2020-ci ilin iyulunda göstərdikləri sücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adı alan 2 nəfər barədə məlumat toplanacaq. “Vətən Müharibəsi Qəhrəmanı”  adı alan şəhidlər, onların keçdiyi döyüş yolu ilə bağlı hazırlanan qısa məlumat fotoları ilə bərabər təşkilatın “facebook”  səhifəsi və media vasitəsi ilə təbliğ olunacaq. 

Eyni zamanda 2024-cü ilin sentyabr-oktyabr aylarında Qaradağ, Sumqayıt və Abşeron rayonu ərazisində məcburi köçkünlərin təhsil aldığı məktəblərdə 3 tədbir təşkil olunacaq. Belə ki, Qaradağ rayonu Qobu qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl rayonu 1 saylı, Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayonu 1 saylı və Abşeron rayonunda fəaliyyət göstərən Laçın rayonu 11 saylı tam orta məktəblərin hər birində 50 nəfər şagirdin iştirakı ilə 3 görüş təşkil olunacaq.

Layihənin icrasına cəlb ediləcək Vətən müharibəsi iştirakçısı ilə birgə hər bir rayonda  bir dəfə olmaqla (cəmi 3 tədbir, 150 şagird) məlumatlandırma sessiyası keçiriləcək. Şagirdlərə Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı məlumat veriləcək. Onların keçdikləri döyüş yolu, vətən sevgiləri ilə bağlı yeniyetmələr məlumatlandırılacaq. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizin şücaəti onların döyüş yoldaşlarının dilindən məktəblilərə çatdırılacaq. 

Həmçinin məktəblilərə respublikamızdakı hərbi məktəblər, hərb sənətinin üstünlükləri ilə bağlı məlumat veriləcək. 
 

Xəbər xətti