Prezident Laçın rayonunun xüsusi nümayəndəsinə tapşırıqlar verdi

14:52 - 28 Mart 2023 - Xəbər

“Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz”.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edən zaman deyib.

Dövlət başçısı qeyd edib ki, infrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir:

“Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin. Ona görə, məsələn, hər rayonda 3-4 kəndin birinci mərhələdə qurulması nəzərdə tutulur, eyni zamanda, əlbəttə ki, şəhərlər də daxil olmaq şərti ilə.

Ancaq, məsələn, söhbət Laçın rayonundan gedirsə, Laçın rayonunda birinci mərhələdə qurulacaq bütün kəndlərin adları təsdiqləndi və biz birinci mərhələdə bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirəcəyik. Çünki bu, həm onların yaşaması, eyni zamanda, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir. Bizim bütövlükdə təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, digər bölgələrimizdə də dağ rayonlarında kəndlər bir-birindən aralı yerləşirdi və bu, bir çox hallarda insanların rahat yaşamasına o qədər də imkan vermirdi. Yəni, bu, ənənəvi olaraq belə qurulmuşdur”.

Xəbər xətti