Zəlzələ ilə bağlı 22 gün əvvəl xəbərdarlıq edilibmiş - FOTO

13:03 - 6 Fevral 2023 - Xəbər

Geologiya üzrə mühəndis olan Burhan Daşın yanvarın 15-də Elazığda baş verən 4,9 bal gücündə zəlzələdən sonra xəbərdarlıq etdiyi məlum olub.

Burhan Daş bununla bağlı etdiyi açıqlamada yeni zəlzələnin gözlənildiyini vurğulayıb.
“Daha əvvəl Çelikhan-Kahramanmaraş əsas xətti üzərində böyük zəlzələ gözləndiyini vurğulamışdıq və bu gözlənti hələ də davam edir. Uzun müddətdir qırılmayan bir xətt var. Eyni zamanda, Şimal-Şərqi Anadolu qırılma xəttində də uzun müddətdir qırılmayan xətlər var. Türkiyə zəlzələ zonasıdır və davamlı olaraq zəlzələlər baş verir. Bunlar davam edəcək, əsas odur ki, bu halla necə yaşayacağımızı, nə edəcəyimizi öyrənməliyik”, - deyə o qeyd edib.

Qeyd edək ki, avstraliyalı astronom, “zəlzələ kahini” kimi tanınan Frenk Hugerbits fevralın 3-də sosial mediada etdiyi paylaşımda Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 maqnitudalı zəlzələ olacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.///oxu.az


Xəbər xətti