Hesablama Palatası Dövlət Dəniz və Liman Agentliyində nöqsanlar aşkarladı

Hesablama Palatası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyində dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditini aparıb.

Bu barədə Palatadan bildirilib.
Məlumata görə, kənar dövlət maliyyə nəzarəti tədbiri 11 oktyabr 2021-ci ilə qədər strukturu üç qurumdan - Dövlət Dəniz Agentliyindən, Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsindən ibarət olmaqla fəaliyyət göstərmiş Dövlət Dəniz və Liman Agentliyinin 1 yanvar 2018-ci il tarixindən 1 yanvar 2022-ci il tarixinə qədərki fəaliyyətini və həmin dövr üzrə 43 milyon manata yaxın dövlət vəsaitini əhatə edib.

Auditlə müəyyən edilib ki,

- dövlət sifarişinin yerinə yetirilməsi çərçivəsində dövlət büdcəsinin vəsaitlərinə olan tələbat düzgün əsaslandırılmamış, qeyri-büdcə mənbələrindən əldə olunan vəsaitlərin (gəlirlərin) faktiki, eləcə də potensial həcmləri müvafiq hədlərdə nəzərə alınmayıb;

- gəmilərin beynəlxalq və kabotaj səfərləri üzrə hərəkətinin elektron uçotunun təşkili ilə əlaqədar müəyyən işlərin görülməsinə baxmayaraq, agentlikdaxili qurumların funksional fəaliyyətlə bağlı məlumatlarında eyni uçot göstəriciləri arasında fərqlər mövcud olmuş, eləcə də elektron informasiya sistemi tariflərin hesablanması meyarlarına tam cavab verməyib;

- dəniz üzgüçülüyünün hərəkət təhlükəsizliyi ilə bağlı göstərilmiş xidmətlərdən tarif yığımları bir sıra gəmilər (gəmi istismarçıları və ya gəmi agentləri) üzrə vaxtında və tam həcmdə ödənilmədiyi hallarda müvafiq inzibati hərəkətlər yerinə yetirilməmiş, bu və digər səbəblər üzündən yığılması təmin edilməyən ümumi debitor borcların həcmi 2 milyon manatadək yüksəlmiş, eyni məzmunlu əməliyyatlar çərçivəsində 1,95 milyon manat məbləğində vəsait isə maliyyə uçotu sənədlərində debitor borc kimi tanınmayıb;

- gəmi heyət üzvləri üçün hazırlıq kurslarının təşkilində, eyni zamanda xarici bayraq altında üzən və ölkənin ərazi sularına daxil olan gəmilərə agent xidmətlərinin göstərilməsində, bazarın eyni xidmətlər təklif edən digər iştirakçıları ilə müqayisədə Agentliklə faktiki olaraq müxtəlif məzmunlu digər əməliyyatlar rəsmiləşdirilmiş bir sıra şirkətlər üstün paya malik olmuşlar ki, bu da əhəmiyyətli uyğunsuzluqlar yaradıb;

- dövlət vəsaitlərinin xərclənməsi çərçivəsində dəyəri ödənilməklə alışı rəsmiləşdirilmiş malların (işlərin, xidmətlərin) mövcudluğu ilə bağlı müəyyən edilmiş nöqsanların 67%-i icarəyə götürülmüş yedək gəmisinin faktiki olaraq istifadə olunmaması, 14,1%-i yedək gəmisi və sürətli kater üzrə artıq yanacaq sərfiyyatı, 6,1%-i bir sıra proqram təminatları və proqram təminatlarına texniki dəstək xidmətləri, 12,8%-i isə təmir işləri, inventarlar və müxtəlif məzmunlu xidmətlərlə əlaqədar olub;

- dövlət satınalmaları üzrə ehtimal olunan qiymətlərin hesablanmasının rəsmiləşdirilməsi prosesində malların (işlərin, xidmətlərin) qiymətləri barədə məlumat toplamaq imkanlarından səmərəli istifadə olunmaması, eyni zamanda müqavilə şərtlərinə əməl olunmasının təmin edilməməsi hallarına əsasən dəniz buylarının, çap məhsullarının və kompüter avadanlıqlarının alışı çərçivəsində ümumilikdə 1 milyon manata yaxın vəsaitə qənaət olunmayıb;

- nəzarət yoxlama fəaliyyəti, gəmilərin hərəkətinin uçotu, tariflər üzrə gəlirlərin hesablanması və yığılması, dövlət satınalmalarının həyata keçirilməsi, alışların sənədləşdirilməsi və dövlət əmlakının qorunub saxlanılması sahəsində cari auditlə aşkar edilmiş nöqsanların Agentliyin və tabeliyində olmuş publik hüquqi şəxslərin auditlə əhatə olunan bütün hesabat dövrlərinə təsadüf etməklə miqyası və sistemli xarakter daşıması daxili nəzarət mühitinin (sisteminin) dövlət sektoru kontekstində sağlam meyarlara əsaslanmadığını göstərib;

- gəmilərdə həyata keçirilmiş yoxlamaların nəticələri üzrə 552 aktdan 470-ində (85,1%-də) 3510 adda nöqsan və çatışmazlıqların mövcudluğu qeyd edilməklə müvafiq qaydada sənədləşdirilməsinə və gəmi müfəttişliyinin nəzarət sisteminə işlənməsinə baxmayaraq cərimə məbləğlərinin tətbiqinə dair yekun qərarların qəbul edilməsi üçün ardıcıl inzibati tədbirlər həyata keçirilməyib.

Auditlə əhatə olunan dövrdə yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində ümumilikdə 9,9 milyon manat dövlət vəsaitinin bərpa olunması və uzun müddət ərzində yığılmamış 1,03 milyon manat məbləğində debitor borcların ödənilməsi təmin edilib, eyni zamanda funksional fəaliyyətin zəruri meyarları nəzərə alınmaqla proqram təminatının yaradılması, gəmilərə agent xidmətləri göstərən bütün hüquqi və fiziki şəxslərlə hüquqi münasibətləri tənzimləyən müqavilələrin bağlanması, daxili audit xidmətinin fəaliyyətinin təşkil olunması, gəmi heyəti üzvlərinə ixtisas şəhadətnamələrinin və təsdiqnamələrin verilməsi üzrə ixtisas imtahanlarının proqram təminatının təkmilləşdirilməsi istiqamətlərində tədbirlərin reallaşdırılmasına nail olunub.

Dövlət satınalmalarının həyata keçirilməsini tənzimləyən hüquqi aktların tələblərinin gözlənilməsi, o cümlədən malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması və əlavə xərclərin qarşısının alınması, müqavilə şərtlərinə əməl olunmasına daxili nəzarətin gücləndirilməsi, eləcə də aktivlərin və öhdəliklərin növbədənkənar inventarizasiyasının aparılması da auditin nəticələri üzrə verilmiş təkliflərin sırasında yer alıb.

Tarix
17 Avqust 2022 [15:22]
Müəllif
Üç nöqtə
2022-08-17 15:22:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin