Dünyada koronavirusa yoluxanların sayı 240 milyon nəfəri ötüb

00:35 - 19 Oktyabr 2021 - DÜNYA

Dünyada koronavirusa yoluxma hallarının sayı 240 milyonu ötüb, virusdan ölüm hallarının sayı 4,9 milyona yaxınlaşır.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 240 260 449 nəfər, virusdan ölənlərin sayı 4 890 424 nəfərə çatıb.

ÜST avqustun 5-də dünyada COVID-19-a yoluxanların sayının 200 milyon nəfərə çatdığını aşıqlayıb. İyunun 13-də isə bu göstərici 175 milyon təşkil edib.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb - 44 408 612. Siyahıda sonrakı yerdə Hindistan (34 081 315), Braziliya (21 597 949), Böyük Britaniya (8 449 169), Rusiya (8 027 012), Türkiyə (7 654 277), Fransa (6 869 661), İran (5 784 815) və Argentina (5 268 653) qərarlaşıb.

Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir. ABŞ-da 715 179 nəfər koronavirusun qurbanı olub. Siyahıda ikinci yerdə Braziliya (601 574 ölüm), üçüncü yerdə Hindistan (452 290) qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər xətti