Azərbaycan və Türkiyə KOB-ları üçün sәrmayә yatırımları təklif olunur

11:34 - 23 Yanvar 2021 - İQTİSADİYYAT

Azərbaycanda səfərdə olan Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatının (TÜMKİAD) nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBIA) olublar.

Bu barədə Ucnoqta.az-a KOBIA-dan bildirilib.
KOBIA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk arasında keçirilmiş görüşdə Agentliyin fəaliyyəti, KOB-lara dəstək mexanizmləri, KOBIA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlıq barədə məlumat verilib. KOBIA və TÜMKİAD arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə Orxan Məmmədov işğaldan azad olunan ərazilərimizin böyük iqtisadi potensiala malik olduğunu, türk şirkətlərinin bu ərazilərdə aparılan yenidənqurma işlərində iştirakı və investisiya qoyuluşu üçün geniş imkanların olduğunu vurğulayıb.

Həmçinin, Agentlik Türkiyəli investorların Azərbaycan KOB-larının layihələrinə cəlb edilməsinə, hər iki ölkənin biznes assosiasiyaları arasında əməkdaşlığın genşləndirilməsinə dəstək göstərə bilər.
TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk isə görüşdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüş çərçivəsində KOBİA və TÜMKİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk imzalayıblar. Anlaşma memorandumunda hər iki ölkənin KOB-ları üçün qarşılıqlı sәrmayә yatırımlarının hәyata keçirilmәsinә dәstәyin göstәrilmәsi, birgә tәdbirlәrin tәşkili, qarşılıqlı işgüzar sәfәrlәr zamanı zәruri әlaqәlәndirmәnin təmin olunması, informasiya vә qabaqcıl tәcrübә mübadilәsi nəzərdə tutulur.

Qeyd edək ki, TÜMKİAD Türkiyənin iş adamlarının birliyidir və sıralarında iqtisadiyyatın 27 sektoru üzrə 350-dən çox şirkəti birləşdirir.


Xəbər xətti