Yusif İldırımzadənin qayınının qətli ilə bağlı rəsmi məlumat

19:42 - 24 Sentyabr 2020 - Xəbər

Sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Nərimanov rayon prokurorluğundan məlumat verilib. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, mətbuatda qətlə yetirilən T.Tağıyevin Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qayını olduğu bildirilir.

Xəbər xətti