Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ

12:14 - 3 Aprel 2026 - Cəmiyyət

Son illər sağlam həyat tərzinə marağın çoxalması fonunda idman qidalarına və bioloji aktiv qida məhsullarına (BAQM) olan tələbat əhəmiyyətli dərəcədə artıb.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilrir ki, sosial şəbəkələr və onlayn platformalarda bu məhsulların təbliği isə istehlakçı marağının daha da genişlənməsinə səbəb olub.
Bir çox hallarda istehlakçılar bu məhsulların təsir mexanizmi, potensial faydaları və tətbiq sahələri barədə kifayət qədər məlumatlı olmadan istifadə edirlər. Halbuki, bu cür məhsulların qəbulundan əvvəl tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Əks halda, bu, bir sıra sağlamlıq risklərinə səbəb ola bilər. Bu risklərə ürək-damar sisteminə mənfi təsirlər, hormonal balansın pozulması, məhsulun tərkibində bəyan edilməmiş və ya icazə verilməyən maddələrin mövcudluğu ilə əlaqədar toksik təsirlər, eləcə də allergik reaksiyalar və həzm sistemi pozğunluqları aid edilə bilər. Eyni zamanda, məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır.
Qeyd edək ki, idman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Bununla yanaşı, məhsulun etiket məlumatlarına, istifadə təlimatlarına diqqət yetirilməsi və yalnız dövlət nəzarətində fəaliyyət göstərən satış subyektlərindən alınması zəruridir.
Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları idman qidalarını və BAQM-ları əldə edərkən dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır.
Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir, istehlakçıların sağlamlığının qorunması, keyfiyyətsiz və təhlükəli məhsulların dövriyyəsinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Xəbər xətti