KİVDF jurnalistlər üçün müsabiqə elan edib

14:27 - 23 İyun 2020 - MEDİA

16 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının videokonfrans vasitəsi ilə iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda milli mətbuatın 145 illiyi münasibəti ilə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi qaydaları və elanı müzakirə edilmiş və təsdiq olunub.
Müsabiqə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələri nəzərə alınmaqla 14 mövzu üzrə elan edilir. Müsabiqədə yalnız kütləvi informasiya vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən şəxslər iştirak edə bilərlər.

Elanda göstərilən mövzuların hər biri üzrə 3 (üç) əsas yer üzrə mükafatçı müəyyən ediləcək. Müsabiqədə hər mövzu üzrə birinci yer üçün 1000 manat, ikinci yer üçün 700 manat, üçüncü yer üçün 500 manat məbləğində mükafat müəyyənləşdirilib. Elanda göstərilən mövzuların hər biri üzrə mükafatının məbləği 300 (üç yüz) manat olan 3 (üç) əlavə həvəsləndirici yer nəzərdə tutula bilər.

Sənəd qəbulu 23 iyun 2020-ci il tarixindən başlanır və 06 iyul 2020-ci il tarixində saat 18:00-da bitir.

Ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.

Xəbər xətti