Vüqar Əhməd: “Hər yaşın öz gözəlliyi var”- Ad günü müsahibəsi

16:11 - 17 Aprel 2020 - Mədəniyyət

Bu gün şair, ədəbiyyatşünas, professor Vüqar Əhmədin doğum günüdür.

Ucnoqta.az saytı olaraq səbəbkarla əlaqə saxlayıb, ondan qısa da olsa müsahibə aldıq.

-Vüqar müəllim, öncə doğum gününüzü təbrik edirəm. Bəlli ki, bu gün yaşınız tamam olur. Mənə bir sual maraqlıdır, bu illər necə ötdü?
-Bu illər mənim üçün həyat təcrübəsi, həyat məktəbi oldu. Geridə qoyduğum illər mənə acılı-şirinli günlər bəxş etdi, qeyri-təvazökarlıq kimi çıxmasın, şöhrət, xalq sevgisi verdi. Təbii ki, bu illər ərzində itkilər də oldu, doğmaların vəfatı, torpaqlarımızın itkisi kimi. Allaha qurban olum, aldı da, verdi də.

- Ad günlərini sevirsinizmi?
- Bəli, insan var, deyir ki, sevmirəm, amma mən sevirəm. Ailənin sonbeşiyi olduğum üçün hər zaman daha çox əzizlənmişəm. Ad günümə xüsusi bir gün kimi yanaşma uşaqlıqdan gəlir. Ənənə kimi məndə möhkəmlənib.

- Deyirsiniz ki, doğum gününüzü sevirsiniz. Karantin rejimidir, ad gününüzü təmtəraqlı qeyd edə bilmirsiniz, vəziyyət stabilləşəndən sonra qeyd etməyi düşünürsünüz?
- Xeyr, yubiley deyil axı, 57 yaşdır. Ona görə də bu gün ailəmlə birlikdə qeyd edirəm. Qismət olsun, Allah ömür versin, 60 yaşımı dost-tanışla birlikdə keçirim.

- Hörmətli professor, karantindən söz düşmüşkən insanlara nə demək istərdiniz?
- Cənab Prezident İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir ki, bizdə pandemiya digər ölkələrlə müqayisədə geniş vüsət halını almayıb. Odur ki, bizə göstərilən diqqət və qayğıya cavab olaraq evdə qalmalıyıq. Görülən işlər bizim sağlamlığımız üçündür. Allah bütün dünyanı, bəşəriyyəti bu bəladan tezliklə qurtarsın.

- Qayıdaq, sizin doğum gününüzə. Üst-üstə gələn hər yaş sizdə kompleks yaratmır ki?
- Çoxu gedib, azı qalıb,
Qışı gedib, yazı qalıb,
Nəvələrin nazı qalıb.

Hər yaşın öz gözəlliyi var. Allahın bizə bəxş etdiyi ömrü yaşayırıq, bundan sonra nə qədər yaşayacağıq bəlli deyil. Əsas odur ki, şərəfli yaşayaq. Yaşadığım günlərə peşman deyiləm.

- Vüqar müəllim, uzun illərdir, ədəbiyyatla məşğulsunuz. Ədəbiyyat nə deməkdir sizin üçün?
- Mən ixtisasca ədəbiyyatşünasam. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunda Mətbuat tarixi və publisistika şöbəsinin müdiriyəm. Ədəbiyyat gözəllik haqqında elmdir, mən də gözəlliyə xidmət edirəm. Ədəbiyyat xalqın mənəviyyatını formalaşdıran, insanları gözəl amala sövq edən yaradıcılıq sahəsidir. Musiqi, ədəbiyyat mənim ruhumdur.

- Bu müddət ərzində insanı xoşbəxt və bədbəxt edəcək əsas formulun nə olduğunu təyin edə bilmisinizmi?
- Fəlakətləri, daşqınları, yəni təbiət hadisələrini çıxsam, insanı bədbəxt edən əsas şeylərdən biri doğmasını itirməkdir. Xoşbəxtlik və bədbəxtlik nisbi olan anlayışlardır. Bir anın içində xoşbəxt insan bədbəxt ola bilər, amma bədbəxt insan heç bir zaman xoşbəxt ola bilmir. Övladını itirmiş ana necə xoşbəxt olsun? Bir dəfə Birinci Xanım Mehriban Əliyeva televiziyada söylədi ki, mən cavan ana itirmişəm, necə xoşbəxt olum? Bu cümlə məni o qədər kövrəltdi ki, göz yaşlarımı saxlaya bilmədim.

- Özünüzə ünvanlamaq istədiyiniz arzu varmı?
- Can sağlığı arzulayıram. İnsana ilk növbədə vacib olan can sağlığıdır. Allahdan bunu özümə arzulayıram ki, övladlarımın şad günlərini görüm.

- Bu an ürəyinizdən hansı şeiri səsləndirmək keçir?
- Bizi yaşadan xoş arzulardır,
Ruhdan da salan boş arzulardır.

- Sonda bir daha doğum gününüzü təbrik edib, təşəkkür edirəm, professor.
- Siz sağolun.

Rövşən Tahir

Xəbər xətti