Bu gün Novruzun ilk çərşənbəsidir
00:35 - 25 Fevral 2020 - ÖLKƏ İÇİ
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur.
Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Xatırladaq ki, martın 3-də Azərbaycanda Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. Martın 19-u ölkəmizdə bayram axşamı, martın 20-si isə bayram günü kimi keçiriləcək.
/trend