Əməkdar artist Elza Seyidcahan müğənni Manaf Ağayevin ARB TV-nin “Səhər-səhər” proqramında səsləndirdiyi “Bizə əsər yox, çörək lazımdır” ifadəsinə etiraz edib.
Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqramda yazıb:
“Biri var bir qarınlıq çörək, bir də var ki, ümumbəşəri çörək. “Bizə çörək lazımdır, əsər yox”. Vay-vay-vay... Çox ağladım. Çünki belə ucuz sözlərlə klassik-milli-musiqi ənənələrimizi məhv etmirikmi? Efir əlimizdədir deyə, çıxışlarımızda çox ehtiyatlı davranmalı deyilikmi? Axı gələcəyimiz, gənclərimiz, balalarımız üçün efir əsas nümunədir. Ulularımız, dahilərimizin əzab-əziyyətlə, bir qarınları yox, bir qarınları ac ola-ola xalqımız üçün yaratdıları gözəl sənət məbədlərini uçuruma yuvarlayıb bədxahlara satmırsınızmı? Yediyimiz bir qarın çörəyi qarnımıızda saxlaya bilmiriksə, aldığımız bu villaları, bahalı maşınları, zinət əşyalarını özümüzlə qəbirə apara bilmiriksə, o zaman qarnımız üçün yox, ululardan bizə qalan qiymətli mirası bir qarın çörəyə satmağa dəyərmi?! Bizə bir qarın çörək lazımdır, yoxsa əsər? Ac qarnıma o qədər gözəl əsərlər bəstələmişəm ki, hələ də, o əsərlərim nəsilimin, gələcəyimin qarnını doydurur, doyduracaq da.
Fikrət Əmirovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Tofiq Quliyevin Tahir Əkbərin, Faiq Nağıyevin, Firəngiz Əlizadənin, Xəyyam Mirzəzadənin, Aqşin Əlizadənin simfonik əsərləri, Nadir Əzimovun vağzalı balladası hələ çox gəlinləri, anaları, musiqiciləri duyğulandırıb, kövrəldib, xoşbəxt edib qidalandıracaq.
Bax, əsl çörək budur! Əsərimiz varsa, ümumbəşəri çörəyimiz də var!”.
Qeyd edək ki, M.Ağayev verilişdə onunla birlikdə qonaq olan bəstəkar Nadir Əzimovdan bayağı mahnılar ifa edən müğənniləri tərifləməsini istəmişdi:
“Sənin yerinə olsam, tərifləyərəm. Özümü pis kişi etmərəm. Onsuz da sən desən də, deməsən də biz bunu oxuyacağıq. Əsər də oxuyuram, amma indi əsər lazım deyil, çörək lazımdır. Zövq nədir? Deyə-deyə qalmadı”.