İctimai Televiziyada (İTV) yayımlanan “Fatehin divanı” proqramının ötən həftəki buraxılışı qalmaqala səbəb olub. Belə ki, aparıcı DJ Fateh “Zarafat +” adlı “Youtube” layihəsinin iştirakçılarına qınaqla qarşılanan sual ünvanlayıb.
O, aktyor Kənan Yusifova “Adəm və Həvva cənnətdən hansı mahnının sədaları altında qovulublar?” sualını verib. K. Yusifov və komanda yoldaşları isə gülərək “Ay canı yanmış” deyə cavab veriblər. Fateh isə Kənanın yanlış dediyini, cavabın “Almanı dərdim, daha bağda qalma” olduğunu bildirib. Həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə paylaşılıb, Adəm və Həvvanın ələ salındığı qeyd olunub.
DJ Fateh məsələ ilə bağlı sosial şəbəkədə açıqlama yayaraq hər kəsdən üzr istəyib: “Dostlar! Etiraf edirəm, “Fatehin divanı” verilişində söylədiyim bir ehtiyatsız ifadə inanclı izləyicilərim və mömin tamaşaçılarımız tərəfindən çox həssas qarşılanıb. Onların hisslərinə toxunmaq niyyətim olmasa da, bunu etmiş olmuşam. Özüm azmış kimi, verilişimin qonaqlarını da o uğursuz epizodun bir hissəsinə çevirmişəm. Amma təşəbbüsü özüm irəli sürdüyüm üçün məsuliyyəti də üzərimə götürsəm düzgündür. Bir daha qeyd edirəm ki, sözü gedən epizodun niyyəti məkrli olmayıb. Çox üzülürəm ki, belə alınıb. Bu uğursuz epizoda görə hisslərinə toxunduğum hər kəsdən üzr istəyirəm”.
Qeyd edək ki, “Fatehin Divanı”ndan sözügedən kadrlar çıxarılaraq “Youtube”a yerləşdirilib./qafqazinfo