Bu gün Qətərin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri cənab Feysəl Abdulla Əl-Hanzab Azərbaycan Mətbuat Şurasında olub.
Mətbuat Şurasından Ucnoqta.az-a verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov onu Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, uğurlar arzulayıb. Rəhbərlik etdiyi qurumun iş prinsiplərindən söz açan Şura sədri bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin birinci qurultayında yaradılmış Azərbaycan Mətbuat Şurasının missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir.
Bu xüsusda həyata keçirilən başlıca fəaliyyət cəmiyyətin müxtəlif təbəqələrinin media ilə bağlı şikayətlərinin araşdırılmasıdır. Dünyanın əksər ölkələrində Mətbuat Şurası institutunun mövcudluğunu xatırladan Ə.Amaşov vurğulayıb ki, kütləvi informasiya vasitələrinin, ümumən jurnalist birliklərinin belə təşkilatlanması həm onlarla bağlı ziddiyyətli məqamların aradan qaldırılmasına, həm medianın cəmiyyətlə problemlərinin effektiv şəkildə həll olunmasına, həm də jurnalistikanın üzləşdiyi çətinliklərin aradan qaldırılmasına dəstək baxımından institsional əhəmiyyət daşımaqdadır.
Ə.Amaşov həmçinin qonağa rəhbərlik etdiyi qurumun beynəlxalq təmaslarından da söz açıb. O bildirib ki, Azərbaycan Mətbuat Şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının, Avropa Mətbuat Şuraları Alyansının fəal üzvüdür, habelə dünyanın tanınmış media təşkilatları, habelə nüfuzlu beynəlxalq təşkilatların media sahəsindəki strukturları, müxtəlif səfirliklərin Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində söz və ifadə azadlığı ilə bağlı tendensiyaları diqqətdə saxlamaqda, jurnalistlərin peşəkarlıqlarının artırılmasına yönələn tədbirlər reallaşdırmaqdadır.
Səfir Feysəl Abdulla Əl-Hanzab ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycanın bütün sahələrdəki zəngin potensialı barədə ətraflı məlumata malikdir. O, eyni zamanda Azərbaycanla Qətər arasındakı müxtəlif istiqamətlərdəki əməkdaşlıq münasibətlərindən söz açıb, diqqəti konkret statistik göstəricilərə çəkərək, qarşılıqlı münasibətlərin daha da inkişaf edəcəyi üçün etibarlı mühitin və real bazanın mövcudluğunu vurğulayıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin də iştirak etdiyi görüşdə Azərbaycanla Qətər dövləti arasındakı münasibətlərinin media müstəvisini əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bu baxımdan Qətərin qabaqcıl media təcrübəsinin öyrənilməsinin vacibliyi dilə gətirilib. Mövcud xüsusda qarşılıqlı jurnalist səfərlərinin həyata keçirilməsi və digər məqamlar üzərində dayanılıb