ABŞ səfiri Salyana səfər edib- Foto

18:07 - 17 Dekabr 2019 - ÖLKƏ İÇİ

Dekabrın 17-də ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberger Salyan rayonuna səfər edib

Səfirlikdən Ucnoqta.az-a verilən məlumata görə, səfir Salyan Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov ilə görüşüb. Li Litzenberger Şirvan Milli Parkını gəzərək yerli tələbələrlə görüşmək üçün Salyan Amerika Guşəsini ziyarət edib.

Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növlərin və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqoların olması səfirdə böyük təəssürat oyadıb. Səfir flora və faunanın özlüyündə mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və turizm imkanlarının inkişaf etdirilməsi səylərinin bir hissəsi olaraq qorunmasının önəmini vurğulayıb və Milli Parkların bu missiyadakı rolunu yüksək qiymətləndirib.

Səfir Litzenberger Salyan Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsinə baş çəkərək ərazidəki ibtidai və orta məktəb uşaqları ilə görüşüb.
 İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə Amerika Birləşmiş Ştatları, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə ediblər.

Qeyd edək ki, Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika guşələri də daxildir. Bu mərkəz və guşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və  Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır.  Guşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.


Xəbər xətti