Dekabrın 16-da Yevlax rayonu Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evinə təbii qaz verilib.
Bu münasibətlə təşkil olunan tədbirdə Yevlax rayonunun İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, qaz təsərrüfatının işçiləri və qəsəbə sakinləri iştirak ediblər. "Azəriqaz" İB-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, çıxışlar zamanı qeyd edilib ki, bölgələrdə aparılan qazlaşdırma işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa qayğısı ilə həyata keçirilir və ölkədə bu ilin sonuna qədər qazlaşdırma səviyyəsi 96 %-ə çatdırılacaq.
Qəsəbədə qazlaşma işlərinin icrası üçün ümumi uzunluğu 10 164 m müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunub. Bununla da, Yevlax rayonunda qazlaşma faizi 98.5 %-ə çatıb. Rayonda qazlaşdırılmayan cəmi 4 kənd qalıb ki, onların da gələcəkdə dövlət proqramlarının həyata keçirilməsi zamanı qazlaşdırılması gözlənilir.
Tədbirin sonunda qəsəbənin qazlaşdırılmasında fəallığı ilə seçilən podratçı təşkilatın işçilərinə rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə Fəxri Fərmanlar verilib.
Qeyd edək ki, Yevlax rayonu Meyvəli qəsəbəsinə qazın verilməsi “Qaz Təsərrüfatında Texniki Təhlükəsizlik Qaydaları”na riayət etməklə təmin olunub.