"Bütün hesabları aparmışıq, "Sevilya" ilə oyunun bizim üçün nə demək olduğunu bilirik. Odur ki, bu səfərə xal arxasınca gedirik".
Bunu apasport.az saytına "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl deyib. Noyabrın 28-də Avropa Liqasının qrup oyunları çərçivəsində İspaniyada "Sevilya" ilə qarşılaşacaq Ağdam klubunun rəsmisi səfərə iddialı yollandıqlarını bildirib: “Əlbəttə, səfərə inanaraq yola düşürük. Yaxşı bilirik ki, qrupdan çıxmaq yönündə şanslarımızı çətinə salmışıq. Uduzsaq və paralel keçən oyunda APOEL "Düdelanj"ı məğlub etsə, son turun mənası qalmayacaq. Düzdür, həmin oyunun nəticəsini proqnozlaşdırmaq çətindir. Amma istənilən halda, taleyimizi rəqibdən asılı etmək istəmirik. Sona qədər döyüşəcəyik. İnşallah, Azərbaycana uğurlu nəticə ilə dönərik".
Klub rəsmisi düşərgədəki ab-havanın da qaydasında olduğunu dilə gətirib: "Komandaya inamımız sonsuzdur. Hətta o vaxt "Atletiko" ilə oyuna gedərkən səfərdən xalla qayıdacağımıza indikindən daha az inanırdıq. Çempionatda "Sumqayıt"a son məğlubiyyət də əhvalımıza təsir göstərməyib. Bacara bilərik. Qrupdan çıxmağı və Azərbaycan futbolu adına daha bir ilkə imza atmağı çox istəyirik. Bunu haqq edirik. Qurban müəllimə və komandaya inanırıq, bunun öhdəsindən gələcəklərini düşünürük".
Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək qarşılaşma noyabrın 28-də baş tutacaq. Matç Bakı vaxtı ilə 00:00-da başlayacaq. “Qarabağ” isə səfərə bu gün yola düşəcək.