“Hər zaman istəmişəm ki, musiqilərimiz yüksəklərdə olsun”

12:41 - 31 Oktyabr 2019 - Mədəniyyət

Nəzakət xanım Teymurova: “Ağdam mənim üçün müqəddəs bir yerdir”

“Muğam mənim üçün hər şeydir. El arasında belə bir deyim var, xəmiri nəyləsə yoğrulub. Mənim də xəmrim muğamla yoğrulub. Muğam mənim üçün layladır. Yəni muğam layla qədər mənə əzizdir. Muğam mənim dünyaya çıxışımdır. Muğam sayəsində mən və sənət yoldaşlarım alqışlar sahibiyik. Bundan gözəl nə hiss ola bilər ki?” Ucnoqta.az saytının bu dəfəki müsahibi ifası ilə qəlbləri fəth edən, muğam tarixinə öz adını böyük hərflərlə yazdıran, səsi, sənəti ilə tamaşaçı sevgisini qazanan xalq artisti Nəzakət xanım Teymurovadır.

-İstərdim, söhbətimizə elə uşaqlıq illərinizdən başlayaq...
-Ağdamda anadan olmuşam. Ailədə 3 qardaş, 7 bacı olmuşuq. Valideynlərim çox zəhmətkeş olublar, çalışıblar, bizə qayğı göstəriblər. O illərim heç nə ilə əvəz olunmaz illərimdir. Uşaqlığımdan söz düşəndə gözümün önündə torpağım canlanır. Ağdam mənim üçün müqəddəs bir yerdir. Mənim bir torpağımdan danışmayın, bir də anamdan (kövrəlir).

-Nəzakət xanım, ananızdan sizə nəsə yansıyıbmı ?
- Anama oxşamışam. O da təbiətcə sakit qadındır. Anam həddən artıq Vətəninə bağlı insandır. Torpaq həsrəti ilə yaşayır. Həmişə deyir: “Nə qədər ki, torpaqlarımız geri qaytarılmır, mən də yaşayacağam. Yurdum, yuvam alınan günü vəfat edəcəyəm ki, məni doğma Qarabağımda basdırasınız”.

- Muğama gəlişinizdən söhbət edək...
Mən ilk təhsilimi energetika üzrə almışam. Oxuduğum illərdə institut və texnikumlar arası mahnı müsabiqələri olurdu. 1989-cu ildə axırıncı konsertimizdə Lidiya Rəsulova mənə dedi ki, energetika sənlik deyil, sənin gözəl səsin var. Məni Asəf Zeynallı adına Musiqi Kollecinə göndərdi. Nəriman Əliyevin sinfində 5 il oxudum. Buranı bitirib təhsilimi Musiqi Akademiyasında davam etdirdim. Müəllimim professor Arif Babayev oldu. Sonra magistraturada oxudum. Onu da qeyd edim ki, Musiqi Akademiyasında oxuyarkən artıq Opera və Balet Teatrında çalışırdım. Çünki, texnikumu bitirdikdən sonra təyinatımı Opera və Balet Teatrna vermişdilər.

-Muğama dair belə bir sual verim. Muğam Nəzakət xanım üçün nə deməkdir?
-Muğam mənim üçün hər şeydir. El arasında belə bir deyim var, xəmiri nəyləsə yoğrulub. Mənim də xəmrim muğamla yoğrulub. Muğam mənim üçün layladır. Yəni muğam layla qədər mənə əzizdir. Muğam mənim dünyaya çıxışımdır. Muğam sayəsində mən və sənət yoldaşlarım alqışlar sahibiyik. Bundan gözəl nə hiss ola bilər ki? Mənim formalaşmağımda muğamın çox böyük rolu var. Mən uşaqlıqda bilmirdim ki, xanəndə olacam. Amma uşaqlıqda eşitdiyim musiqilər mənim xanəndə olmağıma çox təsir göstərdi və yaxşı ki, bu gün muğam ifa edirəm.

-Aygün xanım “Leyli”dən danışanda gözləri doldu. Bəs siz necə? “Leyli”ni çoxmu sevirdiniz?
-İnsanın qisməti deyilən bir şey var ki, mənim də qismətimə “Leyli”ni oynamaq düşdü. Mən Kolleci bitirəndə qarşıma bir neçə məqsəd qoymuşdum ki, bunları etməliyəm. Onlardan biri də “Leyli” obrazını canlandırmaq idi. “Leyli” mənim üçün doğma obrazdır. Özümü xoşbəxt ifaçı saya bilərəm ki, “Leyli”ni oynamışam. “Leyli”ni bir çox ölkələrdə canlandırmışam və hər yerdə də tamaşaçı sevgisi qazanmışam.

- Bildiyimcə, siz gənc yaşlarınızdan bu rolu ifa etmisiniz. Necə oldu ki, gənc qıza Leylini həvala etdilər və 21 il onu canlandırdınız ?
-Operaya ilk dəfə gələndə sənətkarlar səsimə qulaq asdılar və mənə “Leyli”ni verdilər. Gəncliyin özündə bir ədabazlıq var. Bu obrazı mənə təqdim edəndə öz-özümə dedim ki, mən “Leyli”ni hamıdan yaxşı oynayacağam. Opera çətin sənətdir. İllər keçdikdən sonra başa düşürsən ki, sən artıq nə istəyirsən. Bir də mən rola psixoloji hazır oldumsa, onu oynamağı bacararam. Əks halda, onu canlandıra bilməyəcəm.

-Sizə qədər oynanılan “Leyli”lərdən kimin “Leyli”si sizə yaxın idi ?
-Mən hər zaman vurğulayıram ki, “Leyli”lərin hərəsi bir buketdir. Onu oynayanlardan birinin səsi gözəldir, birinin qaməti. Rübabə xanımın şamla dialoqu isə tamam başqa bir gözəllikdir. Deyərdim ki, elə Rübabə xanımın “Leyli”si mənə yaxındır.

-Nəzakət xanım, bəs niyə sizə sevgilər bəxş edən bir obrazı tərk edib Operadan getdiniz?
-Mən özümə tənqidi baxan insanam. Həmişə deyirdim ki, müəyyən yaşa çatanda Opera və Balet teatrından gedəcəm. Bir neçə il olardı ki, bu qərara gəlmişdim və sonunda Operadan getdim. “Leyli”ni çox ölkədə oynamışam. Bu obraz mənə həddən artıq uğur gətirib. O uğuru yüksəklərdə saxlamaq istəyirəm.

-Belə bir fikir mövcuddur ki, Nəzakət xanımın səsində Rübabə xanımda olduğu kimi nisgil var...
-Bilirsiniz, Rübabə xanımın səsi o qədər gözəldir ki, onu təhlil etmək mənə düşməz. Biz sənətkarlara borcluyuq. O da öz Təbriz torpağının həsrətini çəkib. Bir şey də var. İnsan özü yanmasa, başqasına təsir edə bilməz. Mənim də səsimdə Vətən yanğısı var. Torpaq məhəbbəti sevgilərin başıdır. Allah qismət eləsin, torpaqlarımıza qayıdaq.

-Nəzakət xanım, kədərli anlarınızda ürəyinizi kimə açırsınız?
-İçimdə bir “mən” var, ona açıram. Özümlə tək qalmağı sevdiyimdən heç kimə kədərimi bildirmirəm. Dərdimi kiməsə deyib onu yormağı sevmirəm. Ehtiyac görmürəm ki, kimisə qəm-qüssə ilə yükləyim. Mən istəyirəm ki, insanlara təbəssüm bəxş edim. Onlara xoş sima göstərim. Çalışıram, tamaşaçılar və ətrafımdakı insanlar Nəzakət xanımdan pozitivlik görsünlər.

-Bu sənət sizə nəyi verdi, nəyi aldı ?
-Muğam sənəti mənə çox şeyi verdi. Eyni zamanda, bəzi şeyləri də aldı. Sərbəstliyimi aldı. Qohumlardan vaxt məhdudluğu ilə əlaqədar aralı düşdüm. Amma mənə dünyada musiqimizi tanıtma imkanı verdi. Hər zaman istəmişəm ki, musiqilərimiz yüksəklərdə olsun.

-Nəzakət xanımı bu sənətdən nə uzaqlaşdıra bilər?
-Deyərdim ki, məni yalnız və yalnız bu sənətdən ölüm uzaqlaşdıra bilər. Dedim axı, muğam mənim üçün əzizdir. Bunu da əlavə edim, mən hər zaman deyirəm ki, müəyyən bir yaşa çatdıqda səhnədən uzaqlaşacam, amma pedaqoji fəaliyyətimlə məşğul olacam. Yəni, bütövlükdə muğamdan ayrılmayacam. Məni muğamdan bütöv olaraq yalnız ölüm uzaq tuta bilər.

-Ana, müəllim, xanəndə... Bu adlardan hansı daha məsuliyyətlidir?
-Hər birinin ayrı-ayrılıqda öz məsuliyyəti var. Ana olaraq övladımı layiqli vətəndaş kimi yetişdirirəm. Müəllim olaraq sənətə övladım kimi doğma bildiyim tələbələr hazırlayıram. Xanəndə kimi isə tamaşaçılara məxsusam və məsuliyyətim onlara görədir. Hər bir məsuliyyətin öz gözəlliyi var.

-Nəzakət xanım, insanın müsbətə dəyişməsi üçün nə lazımdır?
-Qəlbini təmiz saxlamalıdır. Bir damcı kin-küdurət olsa, artıq müsbət insan obrazından söz gedə bilməz. Həmişə çalışmalısan ki, daxili dünyan sevgi ilə dolu olsun. Hər zaman əlimi açıb Allaha dua edirəm ki, ruhumu sevgi ilə bol elə, məni pis əməllərdən qoru və mən kiməsə pislik etməyim.

-Həyatınızın mizan tərəzisi varmı?
-Bəli. Özümə qadağalarım çoxdur. Deyərdim ki, hətta həddindən artıq çoxdur. Əgər nəsə mənim xarakterimə və sənətimə yaddırsa, onu etmərəm. Məsələn, qadağalar arasında geyimim ön sıradadır. Elə xarakterimə uyğun olaraq çalışıram ki, ciddi geyimlərdən istifadə edim.

- Gəlib çatdıq sona. Düzünü deyim ki, zamanın necə keçdiyindən heç xəbərim belə olmadı. Ona görə olmadı ki, qarşımda sənət haqqında dəyərli fikirlər söyləyən bir sənatkar var idi. Nə yaxşı ki, varsınız, Nəzakət xanım. Nə yaxşı ki, muğam sənətinin simasısınız. Dəvətimizi qəbul edib müsahibə verdiyiniz üçün sizə təşəkkür edirəm.
-Siz də çox sağolun. “Üç nöqtə” redaksiyasına minnətdaram.

Rövşən Tahir


Xəbər xətti