Öz sahəsində pillə-pillə ucalan teatrşünas

17:53 - 21 Oktyabr 2019 - Mədəniyyət

Əli Novruzəliyev: “Əfsuslar olsun ki, hazırda teatrdan yazanların və danışanların bir çoxunun teatr haqda təsəvvürləri belə yoxdur”

Uzun müddətdir ki, teatr camesindəki sənət adamları ilə görüşür, onların keçdikləri yola şahidlik etməyə çalışır. Unudulmuş sənətkarlarımızı axtarıb, onları televiziyaya, mətbuata yenidən dost etməyə, bir bağ yaratmağa cəhd göstərir. Müsahibimiz  gənc teatrşünas, mədəniyyət yazarı, televiziya müxbiri Əli Novruzəliyevdir. 

O, ATV səhər verilişinin müxbiridir. Uzun müddətdir ki, televiziyada çalışır. Yaradıcılığının müəyyən dönəmlərində yazılı mətbuatda müsahibələri dərc olunsa da indi daha çox televiziya vasitəsi ilə tamaşaçılara daha yaxındır. Ötən mövsüm gənc teatrşünas demək olar ki, əkər teatrların “Mətbuatın dostu” mükafatına layiq görüldü. Biz də Azərbaycan teatrına daima dəstək olan Əli Novruzəliyevlə görüşdük.

- Sizcə teatrdan material hazırlamaq və sənətkarlarla teatrdan bəhs etmək üçün nəzəri biliklərə və teatrşünaslıq ixtisasına yiyələnmək nə qədər önəmlidir?
- Məncə bunun çox önəmi var. Çünki nəinki teatrı  bilmədən, teatrı sevmədən belə onun haqda danışmaq, material hazırlamaq mümkün deyil. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatrşünaslıq ixtisasında təhsil almışam.

 1-ci kursundan teatrlara gedib, resenziyalar hazırlamağa başlamışam. Sənətkarlarla teatrdan bəhs etmək üçün mütləq şəkildə nəzəri biliklərə sahib olmalısan. Çünki sənətkarları qarşısında duran jurnalistin suallarından daha çox, onun teatr haqqındakı təsəvvürləri maraqlandırır. Əfsuslar olsun ki, hazırda teatrdan yazanların və danışanların bir çoxunun teatr haqda təsəvvürləri belə yoxdur. Bu həqiqətən məni və bu sənətlə ciddi məşğul olan dostlarımı çox üzür.

- Siz televiziyaya yazılı mətbuatdan getmisiniz. Yazı qabiliyyətinizin olması işinizdə nə kimi köməklik göstərir?
- 2009-cu ildə ilk yazım indi də məşhur olan saytlardan birində çıxmışdı. Hətta yadıma gəlir ki, teatrşünas bir müəllimim var idi, mənə qiymət yazmaq istəmirdi. Səbəb isə onun da həmin məşhur saytda yazısının çıxması idi. Açıq danışsam tələbəsi ilə eyni saytı bölüşməyin qısqanclığını yaşayırdı... Mətbuatda ilk yazımın qonorarı 10 manat olub, onu almağa bir dostumla birlikdə getmişdim. O an keçirdiyim  böyük sevinc və gözlərimdəki  xoşbəxtlik nə mənim, nə də dostumun yadından çıxıb. Çünki bu mənim öz zəhmətimlə qazandığım ilk qonorarım idi. Ondan sonra əlimə nə qədər pul gəlsə də, ilk aldığım qonorarım heç vaxt yadımdan çıxmır. Təbii ki, yazı qabiliyyətimin olması bu gün də işimə müsbət təsir göstərir. Mənə elə gəlir ki, mədəniyyət sahəsində çalışanların ilk növbədə yazı qabiliyyətləri yaxşı olmalıdır, bir sözlə söz sərrafı olmalıdırlar. Mən hələ də öz üzərimdə çalışıram və gündən-günə yeni nələrsə öyrənirəm.

- Tanınmış və hətta unudulmuş sənət adamlarını tapır, onları gündəmə gətirirsiniz. Sənət adamlarının, ələxsus da böyük sənətkarların kaprizləri isə hər kəsə məlumdur. Onlarla necə dil tapırsınız?
- Hə, bu sualı mənə çox tez-tez ünvanlayırlar. Deyəsən bu mövzuda bəxtim çox lap çox gətirib. Tamaşaçılar  və oxucular da mənim həmişə böyük sənətkarlara olan diqqət və qayğımı, onları axtarıb-tapıb verilişlərə, müsahibələrə razı salmağımı təqdirəlayiq bir iş kimi görüb, həmişə mənə təşəkkür ediblər. Onlar bunu yüksək qiymətləndiriblər. Məhz xalq artisti Səfurə İbrahimovanı 23 il sonra ekranlara gətirmək, onun sevənləri ilə arasında körpü yaratdım. Buna özüm də çox şad olmuşdum. Səfurə İbrahimova bilirsiniz ki, çox qapalı həyat tərzi keçirir və bir neçə insandan başqa heç bir kəsi yaxınına buraxmır. Onu hər dəfə çəkəndə özüm də uşaq kimi sevinirəm. Bir çox böyük sənətkarlar uzun fasilədən sonra ekranlara məhz mənim təqdimatımda qayıdıb. Bir gənc jurnalist kimi sənətkarları sevirəm və gücüm çatdığı qədər onları qorumaq istəyirəm. Siz deyirsiz ki, onlarla necə dil tapırsız?  Sənətkarlarla ünsiyyətdə olan zaman onlar mənim bu sənətə, onların yaradıcılığına olan sevgimi və səmimiyyətimi hiss edirlər. Ona görə hər müsahibə belə maraqla qarşılanır.

- Tələbəlik illərinizdən jurnalist fəaliyyətinizə başlamısınız. İlk dəfə hansı sənətkarlarla tanışlığınız başlayıb?
- Məni sənətkarlarla tanış edən dəyərli insan, xalq artisti Həmidə Ömərova olub. Həmidə xanımla tanışlığımın da qəribə və gülüş doğuran tarixçəsi var. Həmidə Ömərova bizdə imtahanda nəzarətçi idi. 2009-cu il, universitetin birinci kursu idi. Mənim üçün bu gözəl və cazibədar aktrisanın imtahanımızda nəzarətçi olması çox sevindirici bir hal idi. Elə oldu ki, mən tələbə yoldaşlarıma imtahanda köməklik edirdim, hər imtahan olduğu kimi bu dəfə də  onlara yardımımı əsirgəmirdim. 18 tələbə yoldaşımdan ən azı 15-i yazı masasının və mənim başımın üstünü almışdı. Həmidə Ömərova bunu görüb, məni çağırıb dedi ki, qalx və ayaq üstə dayan. Səbəbini soruşduqda isə səsimin çox gəldiyini dedi, halbuki mənim danışmağa imkanım belə yox idi (gülür). 

15 dəqiqə ayaq üstə saxlayandan sonra mənə rəhmi gəldi və dedi ki, otur başını aşağı sal, yazını yaz. Bir neçə dəqiqədən sonra imtahanımız bitdi, hamıya köməklik etdiyim üçün özüm hələ də imtahana düşən suallara cavab yaza bilməmişdim. O boyda böyük sənətkar  imtahan bitəndən sonra  düz yarım saat tək məni gözləyib, suallara cavab yazmağıma şərait yaratdı. Hətta mənə demişdi ki, “Bax görürsən, hamıya köməklik etdin, səni tək qoyub getdilər “(gülür). Daha sonra Həmidə xanım çantasından foto kameranı çıxarıb, fotolarımı çəkməyə başladı, dedi ki, bir film çəkilir, deyəcəm səni dəvət etsinlər. O vaxt onun köməkliyi ilə bir neçə məşhur film və serialda çəkilmişdim, özü də baş rollarda. Bundan sonra Həmidə xanımla daha yaxın əlaqəm yarandı. O hər dəfə məni  aparıcısı olduğu “Kinoklub” verilişinin çəkiliş pavilyonuna dəvət edirdi. Böyük sənətkarların əksəriyyəti ilə ordan əlaqəm yarandı.

- Teatrşünaslar daha çox yazılı mətbuatda görünsə də siz televiziyanı seçdiniz. Buna səbəb nə oldu? Televiziya  vasitəsi ilə daha tez məşhurlaşmaq olur onun üçün?
- Sizə deyim ki, televiziyanı seçməyim də tam təsadüf olub. Məşhurluq üçün, tanınmaq üçün televiziyanı seçməmişəm. Mənim simamdan çox, imzam tanınırdı. Onda heç televiziya sahəsində yox, yazılı mətbuat sahəsində idim. Sadəcə istədim ki, teatr, mədəniyyət sahəsində olan bilgilərimi televiziya vasitəsi ilə daha da üzə çıxarım. Axı televiziyanın da kütləsi genişdir. Buna qismən də olsa nail olmuşam.

- Əkiz qız atasısınız. Ata olandan sonra həyatınızda nələr dəyişdi?
- Bu sual məni bir az düşünməyə vadar edəcək. Öncə onu deyim ki, nəsə dəyişsə də, qayğılarım dəyişməyib, daha da artıb. Ata-anama, bacı-qardaşıma, dost-tanışıma  göstərdiyim diqqətin, qayğının üstünə qayğı gəlib. Övlad qayğısı. Onların bir gülüşü yetər ki, dərdimi, problemimi unudum. Onların sayəsində insanlara sevgim daha da artıb. Əksər hallarda işlə bağlı olaraq onlara vaxt ayıra bilmirəm, bax bu hal məni çox üzür. Elə günlər olur ki, səhər evdən çıxanda da, axşam evə qayıdanda da onlar yatmış olurlar. Həyatıma bir cüt xoşbəxtlik - Selcan və Səltənət gəlib, bunun özü elə böyük bir dəyişiklikdir də...

- Ötən mövsüm bir çox teatrlar sizi “İlin ən çalışqan və fəal jurnalisti” , həmçinin “Teatrın dostu” elan etdi. Təəssüratlarınızı eşitmək istərdik...
- Bəli, paytaxt teatrlarının əksəriyyəti bu sahədə əməyimi qiymətləndirərək, məni “İlin ən çalışqan və fəal jurnalisti” və “Teatrın dostu” mükafatı ilə təltif etdilər. Bu təşəbbüs ilk öncə Akademik Musiqili Teatr tərəfindən gəldi. Teatrın direktoru Əliqismət Lalayevə və bütün kollektivinə təşəkkürlərimi bildirirəm. Bu sənət ocağında “Teatrın dostu” mükafatını mənə Xalq artisti, Azərbaycan teatr və kino sənətinin sütunu Şəfiqə Məmmədova təqdim etdi. Mükafat bir yana, onun əlindən bu təltifi almaq çox böyük bir sevinc idi. Mənə elə gəlir ki, hər bir jurnalist o an mənim yerimdə olmaq istəyərdi. Daha sonra Dövlət Kukla Teatrı, Bakı Uşaq Teatrı və bir neçə ictimai qurum məni mükafatla təltif etdilər. Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə, Bakı Uşaq Teatrının direktoru İntiqam Soltana da təşəkkür edirəm. Bakı Uşaq Teatrı həmçinin mənə “Gümüş körpə” döş nişanı təqdim etmişdi. Düşünürəm ki, bu mənim əməyimə verilən ən böyük qiymətdir. Ən böyük təşəkkürüm isə Atv səhər verilişinin baş redaktoru Yaqut Məmmədovayadır. Çünki hər bir uğurumda Atv səhər verilişi  və verilişin böyük kollektivi mənim yanımda idi. Biz həqiqətən də bir ailəyik və birlikdə güclüyük.

- Nədən güc və səbr alırsınız?
- Həyatdır, bəzən sıxıntılar, problemlər, səbrimizin tükənən zamanı olur. Bəzən elə insanlarla qarşılaşırıq ki, insan abrına sığınıb, susduğu zamanlarda onu cəsarətsiz kimi tanıya bilirlər. Amma mən ata olandan sonra bunu daha yaxşı başa düşdüm ki, mənim həyatda güc və səbr aldığım insanlar var. Ən çətin, səbrimin tükənən anlarında belə qızlarımı düşünürəm, onlar üçün səbr etməyə, əksər haqsızlıqlara göz yummağa özümü məcbur edirəm. Çünki mən atayam və qızlarıma gözəl ata nümunəsi olmaq üçün əksər vaxtlar belə etməliyəm.

- Hansı daha rahatdır, televiziyada çalışmaq, yoxsa yazılı mətbuat?
- Mənə elə gəlir ki, işini bilən insan üçün mətbuatın istənilən sahəsində çalışmaq asandır. Mən saytda da, qəzetdə də, jurnalda da çalışmışam. Hazırda fəaliyyətimi Atv telekanalında, Atv səhər verilişində davam etdirirəm və çalışıram ki, mədəniyyət sahəsində əlimdən gələni əsirgəməyim. Atv kanalı gənclər üçün böyük imkanlar yaradıb. Bu da təbii ki, telekanalın rəhbəri Azər Xəlilovun sayəsində olub. Çalışdığım Atv səhər ictimai-siyasi yükü olan bir verilişdir və hər bir həmkarım bir sahəni işləyir. Mədəniyyət sahəsini isə hər zaman olduğu kimi mən işləyirəm. Jurnalist kimi Atv səhər verilişində fəaliyyətimi davam etdirməkdən çox məmnunam. Təbii ki,  bununla kifayətlənmək istəmirəm və inşAllah ki, artıq mədəniyyət sahəsində əldə etdiyim biliklərim ilə özüm üçün bir müəllif layihəsi hazırlamaq istəyirəm. Əminəm ki, burda da Atv kanalı və çalışdığım kollektiv hər zaman dayağım olacaq.

Könül Oruc


Xəbər xətti