Bakıda top mərmisi və aviabomba tapılıb -Foto

20:37 - 11 Oktyabr 2019 - Xəbər

Oktyabrın 11-i saat 16:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, 73 saylı tam orta məktəbin yaxınlığında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tərkibində partlayıcı maddə (TNT) olan top mərmisi (1 ədəd 100 mm-lik OF-412 və 1 ədəd 130 mm-lik F-46) və 1 ədəd tərkibində partlayıcı maddə olmayan aviabomba aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin ətrafında 10 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbər xətti