21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması uğursuz seriyaya son qoyub.
APA-nın məlumatına görə, milli komanda qələbə həsrətini Slovakiya ilə oyunda bitirib. AVRO-2021-in seçmə mərhələsinin ikinci matçında 2:1 hesablı qələbə əldə edən milli sonuncu dəfə 1389 gün əvvəl qalib gəlmişdi. 2015-ci il noyabrın 17-də Rusiyanı 3:0 hesabı ilə məğlub edən U-21 dörd ilə yaxın idi rəqiblərini üstələmirdi.
Son qələbə zamanı baş məşqçi olan Yaşar Vahabzadə də, sonradan bu posta gətirilən Samir Ələkbərovla Rəşad Sadıqov da milli ilə qələbə sevinci yaşamamışdı. Komanda AVRO-2017-nin son üç matçında, AVRO-2019-un 10 qarşılaşmasında və cari tsiklin ilk görüşündə qalib gəlməmişdi. Təbii ki, söhbət seçmə mərhələlərdən gedir. Ümumilikdə 14 oyun qələbəyə həsrət olan yığma bu müddətdə 6 heç-heçə edib və 8 dəfə uduzmuşdu.
Qeyd edək ki, U-21 millisi tarixində 104-cü seçmə oyununda 12-ci qələbəsini qazanıb.