Jurnalistlər “Bizim Tarla” markasının istehsal edildiyi müəssisədə -FOTO

16:06 - 26 Avqust 2019 - ÖLKƏ İÇİ

Biləsuvar Konserv Zavodunda keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edilir

Ölkənin aparıcı KİV nümayəndələri üçün Azərbaycanın ilk müasir kənd təsərrüfatı kompleksinə media tur təşkil edildi. Artıq 13 ildir ki, uğurla fəaliyyət göstərən “Azərsun Kənd Təsərrüfatı Məhsulları” müəssisəsi 4500 hektar ərazini əhatə edir. İllərdir həm ölkəmizdə, həm də xaricdə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Bizim Tarla” markasının hazırlandığı məhsullar məhz bu sahələrdə yetişdirilir. Daha sonra yetişdirilən məhsullar təravətini itirmədən kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən Biləsuvar Konserv Zavoduna göndərilərək emal edilir.

Bu sahələrdən yüksək məhsuldarlıq əldə edilib

Əkin sahələrini ziyarət edən mətbuat mənsublarına bu ərazilərin əvvəl əkinə tamamilə yararsız olduğu bildirilib.  “Azərsun Holdinq” tərəfindən rekultivasiya işləri aparılaraq drenaj xəttləri çəkilib və ən müasir aqrotexniki avadanlıqların Azərbaycanda ilk dəfə istifadə olunaraq bu sahələrdən yüksək məhsuldarlıq əldə edilib. Media turda iştirak edən jurnalistlərin suallarını cavablandıran baş aqronom Səxavət Hüseynov hazırda pomidor sahələrindən yığım işlərinin yekunlaşmaq üzrə olduğunu söyləyərək, torpağa aqrotexniki qulluğun ən yüksək səviyyədə həyata keçirildiyini bildirib. O, torpaqların zənginləşdirilməsi üçün əsasən müəssisə daxilində fəaliyyət göstərən heyvandarlıq kompleksində hazırlanan üzvi gübrədən istifadə edildiyini qeyd edib.

“Bizim Tarla”-nın marketinq müdiri Sara Rzayeva əvvəllər əkinə tamamilə yararsız bu ərazilərdə indi pomidor, yaşıl noxud, xiyar, badımcan, qarğıdalı və digər tərəvəzlərin yetişdirildiyini bildirib. O, bu müəssisənin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq insanların sosial-rifah halının yüksəlməsində mühüm rol oynadığını söyləyib. Ətraf ərazilərdə 11 məcburi köçkün qəsəbəsinin mövcud olduğunu söyləyən Sara Rzayeva sakinlərin illərdir bu müəssisədə işlə təmin edildiyini bildirdi.

Məhsullar satış nöqtələrinə tam sağlam şəkildə təslim edilir

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın keyfiyyət fəlsəfəsinə uyğun olaraq bu müəssisədə keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edilir. Xammal, aqrotexniki qulluq, avadanlıq və texniki park, peşəkar mütəxəssislər, laborator analizlər, istehsal və saxlama prosesini əhatə edən keyfiyyət zəncirinin bütün mərhələlərinə xüsusi həssaslıqla yanaşılır.

Pomidor sahələrini ziyarət etdikdən sonra jurnalistlər “Bizim Tarla”, “Saville” kimi sevilən nar şirələrinin xammalının yetişdirildiyi nar bağlarına baş çəkdilər. Burada toplanılan məhsulun tam orqanik olduğunu bildirən mütəxəssislər burada gülöyşə, vələs və digər nar növlərinin əkildiyini bildirdilər.

Daha sonra Biləsuvar Konserv Zavodunu  ziyarət edən jurnalilstlərə əkin sahələri ilə istehsal müəssisəsinin eyni ərazidə yerləşməsinin keyfiyyətli məhsulun əldə olunmasında müstəsna rol oynadığı bildirildi. Belə ki, sahələrdən toplanılan məhsul qısa vaxt ərzində zavoda gətirilərək konservləşdirilir ki, bu da məhsulun təravətinin qorumasına səbəb olur. KİV nümayəndələrinin suallarını cavablandıran “Bizim Tarla” markasının marketinq meneceri Bəhruz Hüseynov müəssisənin fəaliyyətinin “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”na uyğun həyata keçirildiyini və istehsal potensialının bütün ölkənin tələbatını qarşılamağa imkan verdiyini bildirib. Marketinq menecer məhsulların əkilməsi ilə bərabər yerli fermerlərdən də satın alındığını və onların sosial-rifah halının yüksəldilməsinə töhfə verildiyi bildirildi. O, həmçinin Biləsuvar Konserv Zavodunda məhsulun istehsaldan sonrakı anbarlarda saxlanma şəraitinin (rütubət və temperatur) ən müasir avadanlıqlar hesabına təmin edildiyini bildirdi və qeyd etdi ki, məhsullar satış nöqtələrinə tam sağlam şəkildə təslim edilir.

KIV nümayəndələri istehsal prosesini əyani şəkildə izlədilər

İstehsal müəssisəsini ziyarət edən jurnalistlərin yaradılan iş şəraiti ilə bağlı suallarını cavablandıran məcburi köçkün İlhamə xanım artıq 7 ildir burada çalışdığını söylədi. O, bütün məişət qayğılarını və yaşayışlarını məhz bu müəssisədə çalışmaqla qarşıladıqlarını söylədi. Regionlarda istehsal müəssisələrinin açılmasına ayıdığı diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü edən müəssisə əməkdaşı, həmçinin yaradılmış ədalətli mühitə və yaradılan yüksək iş şəraitinə görə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozala minnətdarlığını bildirdi.

Biləsuvar Konserv Zavodunu ziyarət edən jurnalistlərə müəssisə barədə məlumat verən İstehsal sahə rəisi Ceyhun Hacımuradov onlara istehsal prosesinin bütün mərhələlərində laborator analiz və testlərin həyata keçirildiyini bildirdi. Media mənsublarının məhsulun tərkibində yad cismin necə aşkar edildiyi barədə sualına isə o, praktiki şəkildə cavab verdi. Jurnalistlərə istehsal xətti üzərində quraşdırılmış detektoru yoxlamaq şəraiti yaradıldı. Qonaqlar test üçün tomat məhsulunun tərkibinə yad cism əlavə edərək onu istehsal xəttinə qoyduqda detektor dərhal bu barədə məlumat bildirərək istehsa prosesini dayandırdı və yararsız məhsulu istehsal xəttindən uzaqlaşdırdı. Bununla da KİV nümayəndələrinə hazır məhsulun tərkibinə yad cismin düşməsinin qeyri-mümkün olduğu nümayiş etdirildi.

Qeyd edək ki,  dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən “Bizim Tarla” markasının əsasını təşkil edən məhsulların yetişdirildiyi “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC və Biləsuvar Konserv Zavodu dünyada böyük nüfuza malik Global GAP, BRC və digər məşhur sertifikatlara malikdirlər.

Emin Nəbili

Xəbər xətti