Güşvər Şərifova: “45 dəqiqəlik mono tamaşanı ingilis dilində öyrənib əzbərləməyimə 2 ay vaxt gedib”
Deyir ki, işindən mənəvi zövq alır və bu sənət ona çox şey qazandırıb: “Oynadığım bütün rollarımı sevirəm. Mənimçün hərəsi bir cür əzizdir, doğmadır. Yoldaşımın yazdığı və oğlum Ağayev Asimanın rejissor işi olan “Sonluğun sonu” tamaşası mənimçün çox dəyərlidir. Sənətimi çox sevirəm. İnsanlarla ünsiyyət qurmağı xoşlayıram. Hər bir millətlə öz dilində danışmaq istərdim. Arada tərcüməçisiz, vasitəçisiz olmadan danışmaq istərdim”.
“Üç nöqtə qəzetinin qonağı Gənc Tamaşaçılar Teatrının sevilən aktrisası, Əməkdar artist Güşvər Şərifovadır.
- Hazırda teatrda vəziyyət necədir, işləriniz necə gedir?
- Hazırda məzuniyyətdəyik. Teatrda Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası hazırlanacaq. Mənim rolum yoxdur. İndi ancaq kitablar oxuyub başımı qatıram.
- Bildiyimiz qədərilə yeni seriala çəkilirsiniz. Bu barədə bir qədər məlumat verərdiniz. Necə gedir çəkilişlər?
- “Mediya Master” prodakşının hazırladığı “Yad gəlin” adlı serialda Nüşabə obrazını oynayacam. Hələki bu baradə danışa bilmərəm. Amma bu obraz ərini sevməyən, uşaqlarının xatirinə ərindən boşanmayan bir kənd qadınıdır.
- Yay mövsümündə dincələ bilirsinizmi?
- Yay mövsümündə dincəlmək... Məncə bütün aktyorların dincəlməyi, istirahəti səhnədir, teatrdır. 2-3 gündən artıq evdə oturmağı xoşlamıram. Başqa yerlərdə də çox qala bilmirəm. Hara getsəm 3-5 gündən sonra qayıtmaq istəyirəm. Amma getməyi, gəzməyi xoşlayıram. Gedib bütün ölkələri gəzmək, görmək istəyirəm. İnsanlarla ünsiyyət qurmağı xoşlayıram. Hər bir millətlə öz dilində danışmaq istərdim. Arada tərcüməçisiz, vasitəçisiz olmadan danışmaq istərdim. İstərdim çoxlu dil bilim. Ona görə əvvəl Xarici Dillər İnstitutuna daxil olmaq, xarici ölkələr gəzmək, çoxlu insanlarla ünsiyyətdə olmaq, onların adət-ənənələrini öyrənmək, mədəniyyətlərini öyrənmək istəyirdim. Televizorda belə verlişlərə çox baxırdım. İndi tv-yə baxmaq vaxt yoxdur.
- 30 ildən çoxdur teatrda fəaliyyət göstərirsiniz. Heç ayrılmaq istədiyiniz anlar olurmu?
- 1984-cü ildən, İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirəndən bu sənətdəyəm. Çətinliklər olub, amma heç vaxt bu sənətdən ayrılmaram. Düzdür, ola bilər ki, dildə “Mən niyə bu sənətə gəldim?” - deyə bilərəm. Bu da yalnız maddi çətinliklərə görə ola bilər.
- Uşaqlıq illərindən tərcüməçi olmaq istəyirmişsiniz. Bu istəyinizin gerçəkləşməsinə maneə nə oldu?
- Qismət beləymiş. Birinci il Xarici Dillər Universitetindən kəsildim. İngilis dilini əla bilirdim düzdür, amma tarixi heç xoşlamırdım deyə oxumurdum. İkinci il sənədlərimi İncəsənət İntitutuna verdim. Kəsiləndən sonra 1 il müddətində sevməyə-sevməyə yalnız tarix oxudum. Demək olar əzbərlədim. İncəsənət İnstitunda da qəbulda tarixdən imtahan verdik. 30 nəfər aktyordan yalnız mən yüksək qiymət (4 ) almışdım. İndiki kimi yadımdadır, Leninin “Aprel tezisləri” və “Pyotrun islahatları” biletə düşmüşdü. O zamanlar bilet çəkib danışırdıq. Bilet çəkib dedim hazıram, cavab verə bilərəm. Qoymadılar, dedilər otur fikirləş sonra gələrsən. Oturdum arxada başqa uşaqlara da biletlərin cavablarına kömək elədim.
- Bu sənəti seçdiyinizə görə peşmançılıq hissləri keçirdiyiniz vaxtlar olurmu?
- Bu sənəti seçdiyimçün peşman deyiləm. Dediyim kimi bir az pulum olsa sənətimiz çox gözəldi.
- Tələbəlik illərini bitirən kimi Gəncə Teatrında işə başlamısınız...
- Bəli, 1984-cü ildə Gəncəyə teatra işləməyə getdim. 1994-cü ilədək işlədim. Burda 60-a yaxın baş rollar oynadım. İlk rolum İsmayıl Şıxlının “Odlu çarpazlar” pyesində Anya rolu oldu. 1985- ci ildə mənim də adım 8 nəfərlə bərabər Azərbaycan Dövlət Mükafatına təqdim olundu, amma almadıq. Təqdim olunduq, amma almadıq. Həmin il mənə Mədəniyyət Nazirliyinin pul mükafatını və “İlin ən yaxşı qadın rolunun ifaçısı” diplomunu verdilər. O roluma görə çox məşhur oldum. Bakıda dəfələrlə oynadıq, bütün teatrsevərlər, sənət biliciləri məni tərifləyirdilər, xoş sözlər deyirdilər. Aztv çəkiliş etdi və dəfələrlə bunu göstərdilər. Sonra İ.Şıxlının "Dəli kür " əsərində Gülaçar oynadım. O da uğurlu oldu, obrazım sevildi. Novruz Gəncəlinin "Səadət yağış deyil" pyesində Dobrina(çex qızı) roluna görə də Mədəniyyət Nazirliyinin pul mükafatını almışam. Gəncədə Orxan Kamalın "Yad qızı" tamaşasında Nazan, Əlibala Haçızadənin "İtkin gəlin" əsərində Əfsanə, "Yandırılmış adam" əsərində Nərgizi oynamışam. Edvard Radziskinin "Sokratla söhbətlər"əsərində Qarpine, bolqar dramaturqu Kiril Topalovun "Məhəbbət və xəyanət" tamaşasında qız oynamışm. Ən sevdiyim obraz Cevriyyədir. Gəncədə türk yazıçısı Suat Dərvişin "Fosforlu Cevriyyə" romanının motivləri əsasında hazırlanıb. Orda çətin, həyat üçün təhlükəli mizanlar var idi. Mizanları heç nə düşünmədən icra edirdim. Hətta oğluma 4-5 aylıq hamilə olanda belə həmin çətin mizanları yerinə yetirmişəm. Yəni ayağımda kəndir bağlı olduğu halda 3-4 dəqiqə müddətində yuxarıdan hündürlükdən başı aşağı yerə gəlirdim. Kəndir qırılsa, yaxud kəndir fəhlənin( maşinistin) əlindən sürüşüb çıxsa mən ölə bilərdim. Tamaşa 2 saatdan çox gedirdi və 2 saat mən səhnədə qalırdım, 20 dəqiqlik antraktdan başqa. Mən səhnədə olduğum halda, “avanscenada” olarkən arxada səhnənin dekorları dəyişirdi. Və hadisələr davam edirdi. Həm ağlayırdım, həm rəqs edirdim, həm də çətin mizanları icra edirdim. Dediyim kimi 4-5 aylıq hamilə vəziyyətdə. “Youtube”də var. O rolu çox sevirdim.
- Gəncə Teatrı, ordakı fəaliyyətiniz ürəyinizcə idimi?
- Gəncə Teatrında işləmək xoş idi. Ailə vəziyyətilə bağlı, yoldaşımın işi Bakıyla əlaqədar idi. Yoldaşım - Ağayev Rövşən kinostudiyanın filialında işləyirdi, kinossenarist, dramaturq idi. 2015-ci ildə rəhmətə gedib.
- İfa etdiyiniz obrazlar içərisində hansı rolunuzu yaradıcılığınızın Şah əsəri adlandırardınız?
- Əslində bütün rollarımı sevirəm. Mənimçün hərəsi bir cür əzizdir, doğmadır. Yoldaşımın yazdığı və oğlum Ağayev Asimanın rejissor işi olan "Sonluğun sonu" tamaşası mənimçün çox dəyərlidir. Həmin tamaşanı Teatr Xadimləri İttifaqında kiçik səhnədə oynamışıq. Burda Zəhra obrazını canlandırırdım. Bu tamaşanı ingilis dilində də hazırlamışıq. Bakıya gələndən sonra "Pəri Cadu" tamaşası ilə məni çox sevdilər. Nofəl Vəliyevlə(rejissor işi) İran dramaturqu Məcid Vahidzadənin "Bir səbət tənhalıq" tamaşası hazırlamışıq. Ordakı qız da mənimçün çox əzizdir. O tamaşa ilə Türkiyədə, İranda festivallarda iştirak etmişik. Tamaşaçılar, teatr mütəxəsisləri işimizi çox sevib, qiymətləndiriblər.
- İngilis dilində də tamaşalar oynayırsınız. Yəqin ki bu daha çətin olar...
- İngiliscə mənim üçün çətin deyil. Sadəcə tələffüzdə problem var. 45 dəqiqəlik mono tamaşanı ingilis dilində öyrənib əzbərləməyimə 2 ay vaxt gedib. İngilis dilini yaxşı bilmirəm. Biliyim orta məktəb səviyyəsindədir. Həmişə düşünürəm ki, imkan olanda öyrənəcəm. Ya vaxt olmur, ya da kursa getmək üçün pul. Həm də dili danışmayanda tez unudursan.
- Bu sənət Güşvər Şərifovaya nələri qazandırıb və nələri alıb?
- Sənətdə çox şeylər qazanmışam. İşimdən mənəvi zövq alıram. Heç nə itirməmişəm, şükürlər olsun.
- Hazırda hansı tamaşalar üzərində işləyirsiniz?
- Sentyabrdan teatrda işlər başlayacaq. Yeni nə olacaq, mənə nə rol veriləcək hələ bilmirəm. Amma köhnə tamaşalar onsuz da çoxdur.
Rejissorlardan Gəncədə Vaqif Şərifov, Hilal Həsənov(Türkiyədədir), Yusif Bağırov, Oruc Qurbanov,(indi Lənkəranənda), Gənc Tamaşaçılar Teatrında Cənnət Səlimova, Bəhram Osmanov, Nicat Kazımov, Nofəl Vəliyev, Vaqif Əsədovla işləmişəm.
- Film və seriallara təklif alırsınızmı?
- Filmlərə dəvət almıram. Seriallarda rollarım var. "Həyat, nə qəribəsən" serialında Firuzə, “İki ömür"də Dilşad, “İmtahan"da Xalidə, "Laləli saray"da Şəhla, "O gecə"də Lətifə obrazlarını canlandırmışam. Hazırda isə "Yad gəlin" serialında Nüşabə obrazındayam.
- Bu günün gənc aktyor və aktrisalarının ifalarını bəyənirsinizmi?
- Gənc aktyor və aktrisaların çoxundan razıyam. Yaxşı aktyorlar var. Amma mən kiməsə məsləhət verməyi xoşlamıram. Heç verə də bilmirəm. Mən heç vaxt müəllim ola bilmərəm. Kiməsə nəsə öyrətmək də bir qabilliyyətdir.
- Özünüz film və seriallara baxırsınızmı?
- Əslində indi televiziyaya baxmağa vaxt olmur.
- Güşvər Şərifovanı bu gün xoşbəxt edən şeylər nələrdir?
- Məni xoşbəxt etmək asandır. Ən kiçik şeylərdən də xoşbəxt oluram. Bircə ölüm-itim olmasın. Övladımın hər işindən, hər uğurundan, hər imtahanından, aldığı müvəffəq qiymətindən, çəkilişlərindən, xoşbəxt oluram.
Könül Oruc